Tikinti işləri aparmaq məqsədilə ağacların qanunsuz kəsilməsi faktı ilə bağlı cinayət işi başlanıb
Digər xəbərlər

Tikinti işləri aparmaq məqsədilə ağacların qanunsuz kəsilməsi faktı ilə bağlı cinayət işi başlanıb

Paytaxtın Binəqədi rayonu ərazisində tikinti işləri zamanı ağacların kəsilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində yoxlama aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı bələdiyyənin müvafiq qərarına və müqaviləyə əsasən, bələdiyyənin inzibati ərazisi olan icarəyə verilmiş torpaq sahəsində tikinti işləri aparılarkən ərazidə mövcud ağac və kolların məhv edildiyi, nəticədə dövlətin təbiətin qorunmasına dair qanunla qorunan mənafelərinə 9 min manat məbləğində mühüm zərər vurulduğu müəyyən olunub. Eyni zamanda, tikinti zamanı ayrılmış torpaq sahəsindən əlavə bələdiyyə torpağının zəbt edilməsi də aşkarlanıb.

Fakta görə Cinayət Məcəlləsinin 188.1-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 259.2.4-cü (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb. İstintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

Hazırda iş üzrə ibtidai istintaq aparılır.

AZƏRTAC