Tibbi xidmət insanları razı salır
Səhiyyə

Tibbi xidmət insanları razı salır

Son illər ölkəmizdə digər sahələrdə olduğu kimi, səhiyyədə də müsbət dinamika müşahidə olunur. Kadr islahatlarının aparılması yeni tibb ocaqlarının istifadəyə verilməsi sayəsində insanların sağlamlığına xüsusi diqqət və qayğı ilə yanaşılır. Ölkəmizdə səhiyyənin inkişafında Azərbaycan Tibb Universitetinin fəaliyyəti təqdirəlayiqdir. Universitetin Tədris Cərrahiyyə Klinikasında böyük həkimlər ordusu çalışır, öz işlərində müasir texnologiyaların tətbiqinə maksimum səy göstərirlər.

Tədris Cərrahiyyə Klinikasının endoskopiya şöbəsində olarkən səhər tezdən idi. Burada istər paytaxtdan və istərsə də regionlardan gələn insanlar həkimin qəbuluna düşmək üçün növbə gözləyirdilər. Şöbədəki səliqə-sahmana isə söz ola bilməzdi.

Şöbənin təcrübəli endoskopisti Fərahim Məmmədzadə həmişəki kimi yenə də qayğılı görünürdü. O, çalışırdı ki, müayinə düzgün aparılsın, cərrahiyyə işi uğurla yekunlaşsın.

Biz xeyli gözləməli olduq. Fərahim həkim vaxt tapıb iş otağına keçdi. Qısa, lakin olduqca maraqlı söhbət etdik:

- İnsanların sağlamlığı keşiyində durmaq biz həkimlərin vəzifə borcudur. Adi bir diqqətsizlik nələrə gətirib çıxara bilər? Buna görə də keçirdiyimiz yuxusuz gecələrin sayı-hesabı yoxdur. Xəstələr sağalanda, onların səhhəti yaxşılaşanda mən də özümü yaxşı hiss edirəm.

Şöbəmizdə mədə-bağırsaq sisteminin endoskopik müayinə və müalicəsi uğurla həyata keçirilir. Çalışırıq ki, öd yollarındakı daşların xaric edilməsi müasir tələblər səviyyəsində aparılsın. Qısa vaxtda xəstələr şəfa tapsın.

Bəzən şöbəyə qanaxmadan əziyyət çəkən insanlar müraciət edir. Vaxt itirmədən onlara köməklik göstərir, dəqiq müayinədən sonra müalicəyə başlayır, problemi az vaxtda aradan qaldırırıq. Şöbəyə gələn bütün xəstələrin diaqnozu dəqiq müəyyənləşdirilir, onlar arasında geniş maarifləndirmə işləri aparılır.

Biz Tədris Cərrahiyyə Klinikasının Endoskopiya şöbəsində olarkən xəstələrlə də görüşüb söhbət etdik və onların ürək sözlərini qələmə aldıq.

Məlahət Eyvazova (Beyləqan rayon sakini):

- Evdar qadınam. Xeyli vaxt idi ki, mədə-bağırsaq xəstəliyindən əziyyət çəkirdim, kəskin ağrılar mənə rahatlıq vermirdi. Bir sözlə, yaşamaq ümidini itirmişdim. Fərahim həkim mənə çox böyük qayğı göstərdi. Onun sayəsində şəfa tapdım.

İmran Abdullayev (Bakı şəhər sakini):

- İnsanı ölümün pəncəsindən xilas edən, ömrünə ömür calayan ağxalatlı həkimlərdir. Səhhətimdə böyük problem var idi. Özümdə deyildim. Haqqında dəfələrlə eşitdiyim Fərahim həkimin çalışdığı Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının endoskopiya şöbəsinə gəldim. Fərahim Məmmədzadə məni qəbul etdi. Ciddi müayinədən sonra müalicə yazdı. İndi özümü yaxşı hiss edirəm.

Xəstə ilk növbədə ümidini həkimə bağlamalı, onun şəfalı əllərinə güvənməlidir. Fərahim Məmmədzadə kimi həkimlər isə bütün xəstələrin ümid yeridir.

Qədir ASLAN,

"Respublika".