Tibb Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verilib
Səhiyyə

Tibb Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Xətai Tibb Mərkəzinin Ginekologiya və doğum şöbəsi əsaslı təmir olunub.

20 may TƏBİB-dən verilən məlumatda bildirilir ki, Şöbənin əsaslı təmir olunduqdan sonra açılışı baş tutub. Açılış mərasimində TƏBİB-in Müşahidə Şurasının sədri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, İcraçı direktorun müavini Anar İsrafilov, TƏBİB-in aidiyyəti struktur bölmə rəhbərləri, Xətai Tibb Mərkəzinin direktoru Ələkbər Tağıyev, tibb müəssisəsinin əməkdaşları iştirak ediblər.

Xətai Tibb Mərkəzinin direktoru Ələkbər Tağıyev Ginekologiya və doğum şöbəsinin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Ginekologiya və doğum şöbəsi tibb müəssisəsində 10 ildən artıq fəaliyyət göstərib. 2013-cü ildə Doğum şöbəsi müvəqqəti fəaliyyətini dayandırsa da, Ginekologiya şöbəsi əhaliyə xidmət göstərməyə davam edib.

Şöbə ən yeni tibbi avadanlıqlarla, anesteziya (narkoz) aparatı, neonatal süni tənəffüs aparatı, isidicili uşaq bələmə masası, perfusomat, infusomat, xəstəbaşı monitor, EKG aparatı, portativ rentgen aparatı, əməliyyat masası, vakuum aspirasiya cihazı, süni tənəffüs aparatı, küveyz, avtoklav, sterilizator və s. təchiz edilib.

Əli SADIQOV,

“Respublika”.