Tezliklə tarixi ədalət bərpa ediləcək və biz  Qərbi   Azərbaycana qayıdacağıq
Digər xəbərlər

Tezliklə tarixi ədalət bərpa ediləcək və biz  Qərbi   Azərbaycana qayıdacağıq

Türkiyə

Tarixdən məlumdur ki,  Qərbi Azərbaycan ərazisinin əzəli və yerli sakinləri Azərbaycan türkləri olduğu halda, ermənilər  bu ərazilərə Çar Rusiyasının təşəbbüsü ilə tarixin müəyyən mərhələlərində xarici ölkələrdən köçürülərək gəlmə bir xalqdır. Qərbi Azərbaycanın İrəvan əyalətində qədim dövrdə, erkən və orta əsrlərdə mövcud olmuş türk mənşəli toponimlərin Azərbaycan türkcəsində olması bir daha Azərbaycan türklərinin,  Qərbi Azərbaycan ərazisinin qədim və yerli sakinləri olduğunu və orada əzəldən yaşadıqlarını sübut edir.  Araşdırmalara  nəzər salsaq görərik ki, ermənilər Qərbi Azərbaycanın İrəvan əyalətinə və b. ərazilərə gəlmə olduğundan eyni zamanda orada yaşayan yerli əhalinin Azərbaycan türkləri olduğundan oradakı (İrəvan) qədim yer adları ermənicə deyil, məhz Azərbaycan türkcəsindədir.

Bundan başqa,  Qərbi Azərbaycanın yerli sakinlərinin Azərbaycan türklərindən ibarət olmasını təsdiqləyən digər tarixi faktlardan biri də İrəvanda orta əsrlərdə inşa edilmiş Azərbaycan-türk memarlıq abidələrinin olmasıdır. Qərbi Azərbaycan ərazisində inşa edilmiş orta əsr Azərbaycan-türk memarlıq abidələri İrəvanın tarixində əhəmiyyətli bir yer tutmaqdadır. Qərbi Azərbaycan ərazisinin əzəli və yerli sakinlərinin Azərbaycan türkləri olmağına baxmayaraq, Rus imperiyası tərəfindən ora köçürülən ermənilər Azərbaycan türklərini öz doğma yurdlarından didərgin salmaq üçün Rus imperiyasının əli ilə özlərinin məkirli niyyətlərini həyata keçiriblər. Bu fikirləri əslən İrəvanın Uzunoba kəndindən olan, hazırda İğdırın Nəcəfalı kəndində yaşayan, hüquqşünas Cafer Zor söyləyib. O deyib: “XIX yüzilliyin əvvəllərində Rusiya, Türkiyə və İran dövlətləri arasında bağlanan Kürəkçay, Gülüstan, Ədirnə və Türkmənçay müqavilələrindən sonra ermənilərin Azərbaycan torpaqlarına kütləvi köçürülməsi nəticəsində Cənubi Qafqaz sanki qan çanağına dönüb. Digər yandan, 1800-cü illərdə Osmanlı dövlətinin zəifləməsi də Qafqazın türk-müsəlman xalqlarının taleyində faciəli rol oynayıb.

1828-ci ildə Türkmənçay sülh müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırılıb. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirilib. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılıblar. O dövrdən başlayaraq İran və Türkiyədən on minlərlə erməninin tarixi Azərbaycan torpaqlarına köçürülməsi ilə bölgədə əhalinin etnik tərkibi dəyişdirilib. Həmin dövrdən başlayaraq insanlığın üz qarası olan ermənilər öz havadarlarının köməyi ilə türklərə və azərbaycanlılara  qarşı məqsədyönlü şəkildə etnik təmizləmə və soyqırımı siyasəti həyata keçiriblər.

Təcavüzkar erməni millətçilərinin yeritdiyi soyqırımı siyasətinin məqsədi azərbaycanlıları və türkləri  tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə həmin yerlərdə Ermənistan dövləti yaratmaq olub. Bu mənfur ideyanı reallaşdırmaq istiqamətində ardıcıl olaraq hərbi, ideoloji və təşkilati xarakterli tədbirlər həyata keçirilib. Azərbaycanlılar və türklər tədricən doğma torpaqlarından qovulub, onların ərazilərində başqa ölkələrdən köçürülmüş ermənilər məskunlaşdırılıb. Azərbaycanlılara  və türklərə qarşı yeridilən soyqırımı siyasəti tarixi əsrləri əhatə edir və hadisələri ardıcıllıqla izləsək, görərik ki, hadisələr eyni ssenari əsasında baş verib’’.

Cafer Zor deyib ki,  Ermənistan adlı dövlətin yaradılmasından sonra orada yaşayan Azərbaycan türkləri  zaman-zaman öz tarixi torpaqlarından deportasiya olunub və işgəncələrə məruz qalıblar: “Öz doğma torpaqlarından məcburi qovulanlar arasında babam Ərəb də olub. Babam yaşadığı zülmləri bizə danışarkən sanki gözlərindən axan yaş qana dönürdü. Onu dinləyərkən bir anlıq qəddar bir film izləyir kimi donub qalırdıq...’’. Babamın atası əslən  Gəncəlidir. 1800-cü illərdə İrəvanın Uzunoba kəndinə  köçüblər. Babam və 4 qardaşı İrəvanda dünyaya gəliblər. 1914-cü ildə erməni zülmünə tab gətirməyərək məcburi İrəvanı tərk etmək qərarına gəliblər. Əşyalarını at arabasına yükləyib gecəni gözləməli olublar. Gözləri qan çanağına dönmüş ermənilər kənddəki bütün türkləri öldürmək üçün qapı-qapı gəzib hər birini öldürürlərmiş. Yaxın  qonşusu  Sepan gecəyə kimi babamı evində gizlətmək istəyib. O, ermənilərin gəldiyini görüncə babamı ot tayasında saxlayıb. Amma ermənilər babamı  tapıb və  ata bağlayaraq kənddən kənarda öldürmək  qərarına gəliblər. Yolda babama çox  işgəncələr veriblər.  Təsadüf nəticəsində yolda  rus  hərbçilərinə rast gəliblər. Rusların sayəsində babam ölümdən dönüb.  Onunla birlikdə ata bağlanaraq sürüklənən  yaxın dostunu babamın gözünün önündə güllələyiblər. Ermənilər babamı yaralı halda yolda qoyub gediblər. Sonra babam evə dönüb və gecə ailəsi ilə birlikdə kəndi tərk edib. Yolda çox vəhşiliyin şahidi olublar. “Bütün yollar qəddarcasına öldürülmüş uşaq, qadın və kişi meyitləriylə doluydu” -- deyirdi babam. Babamgil ilk öncə İrana, 1924-cü ildə isə  İğdıra gəliblər. O zamanlar erməni zülmündən qaçan insanların əksəriyyəti İğdırın Göyçəli kəndində məskunlaşıblar. Babamgil isə Nəcəfalı kəndində yaşamağa davam ediblər. Babam və nənəm son nəfəslərinə kimi Vətənim, elim, obam deyərək ağlayardılar. Vətən həsrətiylə də köç etdilər bu dünyadan’’

“Zaman hakim, tarix isə yaddaşdır”, -- deyir Cafer Zor.  Tarix faktlara əsaslanır, saxtakarlığı sevmir. Ən əsası tarix yazılmır, yaradılır.  Özünə saxta tarix yazan, qonşu dövlətlərə qarşı əsassız torpaq iddiaları irəli sürən ermənilər  fakt qarşısında acizliklərini gizlətməkdə hər zaman çətinlik çəkirlər. Zaman-zaman havadarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirən ermənilər yalan təbliğatları ilə özləri barədə “yazıq, məzlum, döyülən və əzilən bir millət” obrazını yaratsalar da, əbəs yerə deyilmir ki, tarix həmişə hər şeyi öz yerinə qoyur.

Sonda  Cafer Zor deyib: ‘‘İnanıram ki,  Qarabağa və Şərqi Zəngəzura qayıtdığımız kimi, Qərbi Azərbaycana da  mütləq qayıdacağıq və dədə-babalarımızın mirası olan o yurd yerlərimizə yenidən sahib çıxacağıq’’.

Esmira YAZKAN ASLANOVA,

‘‘Respublika’’ qəzetinin Türkiyə üzrə müxbiri.