Teymur Musayev: Səhiyyənin keyfiyyətcə yeni müstəviyə çıxarılması məqsədilə qısamüddətli və ortamüddətli addımların atılması nəzərdə tutulub
MÜSAHİBƏLƏR

Teymur Musayev: Səhiyyənin keyfiyyətcə yeni müstəviyə çıxarılması məqsədilə qısamüddətli və ortamüddətli addımların atılması nəzərdə tutulub

Təsadüfi deyildir ki, koronavirus pandemiyasının ilk günlərindən dövlət başçısı tərəfindən əhalinin sağlamlığının qorunması hökumətin əsas vəzifəsi elan edilib. Ən müasir səhiyyə ocaqları koronaviruslu xəstələrin ixtiyarına verilib, vətəndaşların müxtəlif vaksin platformalarına qısa müddətdə əlçatanlığı təmin edilib. Pandemiya bir daha göstərdi ki, səhiyyə sistemlərinin yeni çağırışlara cavab verə bilməsi sistemin davamlı inkişafını şərtləndirir.

Hazırda Səhiyyə Nazirliyi ilə yanaşı, digər dövlət qurumları da səhiyyə sisteminin iştirakçılarıdır. Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olduğundan qurumlar arasındakı koordinasiyalı fəaliyyətin və sahəvi idarəetmənin təkmilləşdirilməsinə xüsusi əhəmiyyət veririk. Bu baxımdan, yaxın günlərdə Səhiyyə Nazirliyində müvafiq səhiyyə qurumlarının da səlahiyyətli nümayəndələrinin iştirakı ilə "Səhiyyənin Transformasiyası Ofisi"nin yaradılması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri fevralın 10-da Səhiyyə Nazirliyində keçirilən brifinqdə səhiyyə naziri Teymur Musayev söyləyib.

Nazir bildirib ki, səhiyyənin keyfiyyətcə yeni müstəviyə çıxarılması məqsədilə qısamüddətli və ortamüddətli addımların atılması nəzərdə tutulub. Qısamüddətli addımların hədəfləri effektiv səhiyyə idarəetməsinin formalaşdırılması, dövlət qurumları ilə əməkdaşlığın daha aktiv fazaya keçirilməsidir. Ortamüddətli addımlar isə səhiyyədə insan kapitalının gücləndirilməsi, səhiyyə qanunvericiliyinin təkmilləşdirilməsi, ölkənin yerli dərman vasitələri və tibbi avadanlıqlarla təchizatı, səhiyyənin maliyyələşdirilməsinin optimallaşdırılmasını hədəfləyir.

T.Musayevin sözlərinə görə, effektiv səhiyyə idarəetməsinin formalaşdırılması dedikdə, həm səhiyyənin inzibati idarəetmə xüsusiyyətlərinin, həm infrastruktur bazasının diqqətdə saxlanılması nəzərdə tutulur: "İnzibati idarəetmə dedikdə, səhiyyə qurumlarının təsis konsepsiyalarına uyğun idarəetmə modellərinin formalaşdırılmalı olduğunu düşünürük. Apardığımız araşdırmaların nəticələrinə istinadən bildiririk ki, bir sıra inkişaf etmiş ölkələrdə də səhiyyə ekosisteminin ümumilikdə strateji inkişafına məsul mərkəzi orqanla yanaşı, digər səhiyyə qurumları da fəaliyyət göstərir. Bu baxımdan, qeyd etdiyim kimi, yaradılacaq "Səhiyyənin Transformasiyası Ofisi"nin dəstəyi ilə beynəlxalq təcrübə təhlil olunaraq sonda Azərbaycan vətəndaşının səhiyyə sistemindən məmnuniyyətinin artırılmasına yönəlik addımlar atılacaq.

Müasir çağırışlara cavab verən infrastruktur bazanın mövcudluğu effektiv səhiyyə idarəetməsinə mühüm dəstəkdir. Vətəndaşlarımıza səhiyyə xidmətinin əlçatanlığının təmin edilməsi prioritet istiqamətlərdən hesab olunduğundan qısa müddətdə səhiyyədə vahid "Çağrı Mərkəzi"nin yaradılmasını zəruri hesab edirik. Həmin Mərkəz hər bir vətəndaşın səhiyyə ilə bağlı istənilən müraciətini cavablandıracaqdır. Eyni zamanda, Səhiyyə Nazirliyinin yenicə istifadəyə verilmiş internet səhifəsi vasitəsilə də istifadəçilər nazirliyə müraciət edə bilərlər. Bu platforma üzərindən də edilmiş müraciətlər operativ qaydada araşdırılaraq cavablandırılacaq. Ənənəvi qaydada kağız daşıyıcıda müraciətlər də davam etdiriləcək".

Rəqəmsallaşmanın effektiv idarəetməni şərtləndirən ən mühüm alətlərdən biri olduğunu qeyd edən nazir növbəti 5 il üçün hazırlanan "Rəqəmsal Səhiyyə Strategiyası" sənədinin yekunlaşmaq üzrə olduğunu diqqətə çatdırıb. Bildirilib ki, rəqəmsal səhiyyə strategiyasının hazırlanmasında məqsəd vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, göstərilən tibbi xidmətlərin yaxşılaşdırılmasına vətəndaşların birbaşa cəlb olunmasının təmin edilməsi, digər dövlət qurumları ilə inteqrasiya olunmuş rəqəmsal səhiyyə infrastrukturunun yaradılması, müasir standartlara uyğun tibbi-statistik məlumatlar bazasının formalaşdırılması və məqsədyönlü təhlili, səhiyyədə iqtisadi şəffaflığın və səmərəliliyin artırılması, işğaldan azad olunmuş ərazilər də daxil olmaqla ölkə üzrə tibbi xidmətlərin həcminin müəyyənləşdirilməsi, tədris kurikulumuna səhiyyədə informasiya kommunikasiya texnologiyalarının tətbiqinin daxil edilməsi və tibb işçilərinin rəqəmsal bacarıqlarının artırılması, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılmasıdır. Həmçinin səhiyyənin rəqəmsallaşdırılması istiqamətində bir sıra irihəcmli layihələr həyata keçiriləcək: "Layihələrdən birini xüsusilə vurğulamaq istərdim. Hər birimizin tibbi rəqəmsal əkizi sistemi yaradılacaq. Bunu başqa sözlə, fərdin sağlamlıq məlumatlarının yer aldığı elektron profillər də adlandırmaq olar. Bu sistemdə qadının hamiləlik dövründən başlayaraq şəxs vəfat edənədək onun sağlamlığına dair bütün məlumatlar toplanacaq. Toplanan məlumatlar əhalinin sistemli və keyfiyyətli müalicə almasını, əhalinin sağlamlıq vəziyyətini proqnozlaşdırmağı və buna uyğun gələcək səhiyyə strategiyasının formalaşdırılmasını təmin edəcək".

T.Musayev qeyd edib ki, effektiv səhiyyə idarəetməsinin formalaşdırılmasının digər istiqaməti tibb müəssisələrinin qiymətləndirilməsi üzərində qurulacaq. Diqqətə çatdırılıb ki, dünya ölkələrində tibb müəssisələri tərəfindən göstərilən xidmətlərin yüksəkkeyfiyyətli olmasını təmin edən ən effektiv metod kimi akkreditasiya qəbul olunur. Müasir səhiyyə sistemlərində akkreditasiyanın rolu pasiyentlərin təhlükəsizliyinə və göstərilən xidmətlərin səviyyəsinə təsir edən məsələləri nəzarətdə saxlamaqdır. Tibb müəssisələrinin qiymətləndirilməsi üçün akkreditasiya standartları adlanan ölçüləbilən meyarlar hazırlanır. Standartlar dinamikdir və periodik dəyişikliklər oluna bilir. Akkreditasiya sisteminin ən əhəmiyyətli elementi odur ki, istənilən tibb müəssisəsi yaxşı nümunələr kimi qəbul olunmuş akkreditasiya standartlarına əsasən öz fəaliyyətini qiymətləndirə bilir. Çatışmazlıqların aşkar olunması müəssisə daxilində proseslərin təkmilləşdirmə yollarının araşdırılmasına şərait yaradır. Hazırda Səhiyyə Nazirliyində yaradılmış İşçi qrup tərəfindən tibb müəssisələrinin akkreditasiyası ilə bağlı normativ-hüquqi baza yenidən işlənməkdədir.

Nazir bildirib ki, qısa müddətdə reallaşdırılması nəzərdə tutulan tədbirlərin digər ana xəttini dövlət qurumları ilə əməkdaşlığın aktiv fazaya keçirilməsi təşkil edir. Həmin məqsədlə Səhiyyə Nazirliyi ilə Dövlət Vergi Xidməti arasında ilkin müzakirələr aparılıb və funksional fəaliyyət ehtiyaclarından irəli gələrək məlumat bazalarının qarşılıqlı inteqrasiyası, birgə nəzarət tədbirlərinin aparılması, rəqəmsal inzibatçılığın gücləndirilməsi sahələrində əməkdaşlığa dair razılığa gəlinib. Dövlət Vergi Xidməti ilə Səhiyyə Nazirliyi arasında əməkdaşlığa dair Tədbirlər Planı hazırlanmaqdadır. Eləcə də digər qurumlarla - Təhsil Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi ilə birgə təhsil müəssisələrində sağlam həyat tərzinin təşviqi sahəsində, Dövlət Statistika Komitəsi ilə səhiyyə statistikası mövzusunda, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə geoinformasiya sistemlərinin tətbiqi istiqamətində, Maliyyə Nazirliyi ilə səhiyyənin maliyyələşdirilməsi mövzusunda və digər qurumlarla yaxından əməkdaşlıq aparılması planlaşdırılır.

T.Musayev orta müddətdə əldə olunması planlaşdırılan səhiyyədə insan kapitalının gücləndirilməsi sahəsində görüləcək işlər barəsində məlumat verərək deyib: "İxtisaslı işçi qüvvəsi bizim ən əsas resursumuzdur. Fikrimizcə, bu sahədə insan resursları üzrə strategiyanın hazırlanmasına ehtiyac vardır. COVID-19 pandemiyası da səhiyyənin istənilən səviyyəsində, ən başlanğıc səviyyədən səhiyyə idarəçiliyinədək ixtisaslı insan kapitalına ehtiyac olduğunu bir daha göstərib. Səhiyyədə insan kapitalının gücləndirilməsi alətləri həm təhsilə, həm də tibb işçilərinin gündəlik praktiki fəaliyyətini dəstəkləməyə yönəlik ola bilir. Təhsil baxımından, tibb işçilərinin davamlı peşəkar inkişaf proqramlarına cəlb olunması, təhsildə simulyasiya metodlarından geniş istifadə olunması, akademik və kliniki tədqiqatların sayının və keyfiyyətinin artırılması, beynəlxalq elmi araşdırmalarda aktiv şəkildə iştirak etmək qarşımıza qoyduğumuz ortamüddətli tədbirlər sırasındadır.

Tibb işçilərinin davamlı peşəkar inkişafı həm pasiyentlər, həm tibb işçiləri, həm də onların çalışdıqları tibb müəssisələri üçün çox önəmlidir. Bu baxımdan, sertifikasiya imtahanlarının keçirilməsi və sertifikasiyayadək olan dövrdə lazımi kreditlərin toplanılması prosesinin təkmilləşdirilməsinə ehtiyac var. Sertifikasiya imtahanları ilə bağlı səsləndirilən fikirlər, o cümlədən nazirliyə edilmiş müraciətlər ciddi təhlil olunub. Əsas iki ixtisas - radiologiya və stomatologiya üzrə müraciət hallarının çoxluğu müəyyənləşdirilib. Bunun da əsas səbəbi tərtib olunmuş sualların ünvanlı olmaması, ümumi sahəni əhatə etməsidir. Alt ixtisaslar üzrə sahəvi suallar hazırlanmış sualların əksəriyyətini təşkil edir. Səhiyyədə insan kapitalının gücləndirilməsi məqsədilə tibb işçilərinin təhlükəsiz və sağlam iş mühitinin formalaşdırılması, onların hüquqlarının müdafiəsi, həkim çatışmazlığı olan regionlara müxtəlif təşviqedici tədbirlərlə tibb işçilərinin cəlb olunması nəzərdə tutulur. Burada həkimlərin yerli və xarici təhsil müəssisələrini bitirməsinə münasibətdə hər hansı ayrı-seçkilik nəzərdə tutulmur. Xaricdə biliklərini təkmilləşdirmiş tibb işçilərindən daha çox tədris prosesində faydalanmağı düşünürük. Belə olarsa, daha çox tibb işçisini, sonradan daha çox əhali qrupunu əhatə etmiş olarıq. Eyni zamanda, tədrisin keyfiyyəti də artmış olar.

Bununla yanaşı, tibb təhsili sahəsində beynəlxalq reytinqlərdə ön sıralarda qərarlaşmış dünyanın aparıcı universitetləri ilə ikili diplom proqramlarının təşkili nəzərdə tutulur. Azərbaycan Tibb Universitetində müasir dövrün tələblərinə uyğun yeni ixtisasların yaradılması planlaşdırılır".

Səhiyyə qanunvericiliyinin təkmilləşdirilməsi prosesindən bəhs edən nazir bunun həm mövcud normativ-hüquqi bazanın dövrün tələblərinə uyğunlaşdırılması, həm də yeni qanunvericilik sənədlərinin hazırlanması ilə nəzərdə tutulduğunu deyib. Hazırlanacaq qanunvericilik sənədləri həm səhiyyə sisteminin birbaşa iştirakçıları, həm də digər aidiyyəti dövlət qurumları ilə razılaşdırılacaq. Səhiyyə qurumlarının təsis sənədlərində üst-üstə düşən məqamlar yenidən nəzərdən keçiriləcək və ziddiyyətli hallar aradan qaldırılacaq.

"Göstərilən səhiyyə xidmətlərinin əsas keyfiyyət indikatorlarından biri uyğun qiymətə effektiv dərman vasitələrinin mövcudluğudur. Farmaseptik məhsulların yerli istehsalı dərman vasitələrinə əlçatanlığı artırmaqla yanaşı elmi, texnoloji bacarıqları formalaşdırır və səhiyyə sistemini xarici təsirlərə qarşı daha davamlı edir. Məlumat üçün bildirim ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 14 oktyabr tarixli Sərəncamı ilə "Əczaçılıq sektorunun inkişafı üzrə Komissiya" yaradılıb. Komissiyanın qarşısına dərman vasitələri sahəsində siyasətin və idarəetmə mexanizmlərinin, o cümlədən qeydiyyat prosedurlarının təkmilləşdirilməsi, əczaçılıq məhsullarının yerli istehsalının artırılması və digər tapşırıqlar qoyulub. Yaxın vaxtlarda komissiyanın fəaliyyətinin yekunlarına əsasən yerli dərman bazarının tənzimlənməsinə dair təkliflər təqdim olunacaq.

Səhiyyə sisteminin effektiv şəkildə fəaliyyət göstərə bilməsi onun maliyyələşmə formasından asılıdır. Ötən il ölkəmizin sosial-iqtisadi həyatında baş verən ən əhəmiyyətli hadisələrdən biri icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqidir. Bildiyiniz kimi, icbari tibbi sığorta 2021-ci ilin aprelin 1-dən etibarən bütün ölkə ərazisini əhatə edir. İcbari tibbi sığorta tətbiq olunmaqla ölkədə səhiyyə sisteminin maliyyələşdirilməsinin yeni iqtisadi əsasları yaradılıb. Düşünürük ki, icbari tibbi sığorta sisteminin idarə olunması, yəni iştirakçıların, institutların rolu, hesabatlılıq mexanizmlərinin mövcudluğu sistemin davamlılığı və effektiv fəaliyyəti baxımından önəmlidir.

Səhiyyənin maliyyələşdirilməsinin optimallaşdırılması sahəsində diqqət yetirəcəyimiz digər sahə səhiyyədə dövlət-özəl tərəfdaşlığının genişləndirilməsidir. Hazırda diaqnostika və müalicə sahəsində təkmil texnologiyaların artan istifadəsi tək bir qurumun institusional tərəfdaşlıq olmadan tibbi xidmətlərin göstərilməsini praktiki olaraq mümkünsüz edir. Sosial sektorda dövlət-özəl tərəfdaşlığının uğurlu olması üçün müvafiq dövlət siyasəti, qanunvericilik çərçivəsi, şəffaflıq və hesabatlılıq olmalıdır. Səhiyyədə özəl maliyyə alətlərinin tətbiqinin genişləndirilməsi üçün stimullaşdırıcı tədbirlərə dair aidiyyəti qurumlarla müzakirələr aparılacaq.

Bunlarla yanaşı, müharibə yaralıları, əlilləri və şəhid ailələrinin tibbi ehtiyaclarının qarşılanması, reabilitasiya proqramlarının təşkili hər zaman səhiyyə qurumlarımızın diqqət mərkəzində olacaq", - deyə T.Musayev fikirlərinə yekun vurub.

AZƏRTAC