Sosial həyat

"Təsviri sənətə səyahət" adlı satış-sərginin açılış mərasimi

Mədəniyyət Nazirliyi və "Four Seasons Hotel Baku"nun birgə təşkilatçılığı ilə "Təsviri sənətə səyahət" adlı satış-sərginin açılış mərasimi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov sərginin məqsədi barədə məlumat verib.

Nazir bildirib ki, bu gün təsviri-sənət və bu sahədə çalışan insanlar üçün əlamətdar bir gündür. İlk dəfə olaraq Mədəniyyət Nazirliyi dövlət-özəl sektorunu cəlb edərək belə bir sərgi və satış yarmarkası təşkil edib. Bu işə, həmçinin tanınmış gənc rəssamlar və heykəltəraşlar cəlb olunub.

"Əminəm ki, bu layihə bundan sonra da uğurla davam etdiriləcək. Layihəni təşkil etməkdə əsas məqsədimiz Mədəniyyət Nazirliyi olaraq yaradıcı insanlara dəstək olmaq, onların əsərlərini geniş ictimaiyyətə, beynəlxalq aləmə, Azərbaycanda fəaliyyət göstərən xarici diplomatik korpuslara tanıtmaqdır", - deyə A.Kərimov vurğulayıb.

Nazir qeyd edib ki, sərgidə 45 rəssam və heykəltəraş iştirak edir. Onların arasında 2016-cı ildə Aprel döyüşlərində şəhid olan heykəltəraşın da əsərləri yer alıb.

Anar Kərimov, həmçinin onu da vurğulayıb ki, Mədəniyyət Nazirliyinin burada heç bir maddi marağı yoxdur. Burada əldə olunan vəsait birbaşa, şəffaf şəkildə incəsənət adamlarına, rəssamlara, heykəltəraşlara çatdırılacaq.

Sonra nazir tanınmış rəssamlar Altay Sadıqzadə və Məlik Ağamalova fəxri fərmanlar təqdim edib.

Tədbirdə çıxış edən Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov sərgi haqqında fikirlərini bölüşüb: "Bu gün verilən mükafatlar rəssamlara göstərilən diqqətdən xəbər verir. Rəssama bir xoş söz belə hər şeydən qiymətlidir. Sərgidə rəngkarlıq, heykəltəraşlıq, keramika, qobelen və digər nümunələrin satışı həyata keçiriləcək".

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Qeyd edək ki, sərgi aprelin 30-dək davam edəcək.

AZƏRTAC