TƏRTƏRİN “AĞ QIZIL”I
Region

TƏRTƏRİN “AĞ QIZIL”I

Son 15 ildə respublikamızda aqrar sahədə aparılan islahatlar kənd təsərrüfatı məhsullarının istehsalının dinamik artımına stimul vermişdir. Azərbaycan üçün ənənəvi sahələrdən olan qiymətli bitki sayılan pambıqçılığın inkişaf etdirilməsi, əvvəlki şöhrətinin qaytarılması istiqamətində bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilməkdədir.

Dövlətin hərtərəfli dəstəyi “ağ qızıl” istehsalçılarının bu sahəyə marağını daha da artırmışdır. Respublikanın aran rayonlarında, o cümlədən Tərtərdə pambıq yığımına hazırlıq davam edir. Bəzi rayonlarda pambığın əllə yığımı başlansa da, Tərtərdə bir neçə gündən sonra başlanacaqdır.

Rayonda fəaliyyət göstərən qabaqcıl fermerlərdən biri ilə həmsöhbət olduq. Fermer İlkin Qurbanov bildirdi ki, ailəsi ilə birlikdə 2000-ci ildən pambıq əkib-becərməyə başlayıblar. İlk dəfə 5 hektar sahədə bu strateji məhsulun əkinini həyata keçirmişlər. Əldə olunan qazanc ailə büdcəsinə xeyli gəlir gətirmişdir. Bundan məmnun olan ailə növbəti ildə əkin sahəsini bir qədər də genişləndirmişlər.

2019-cu təsərrüfat ilində 60 hektar “ağ qızıl” əkilib-becərilmiş, yüksək aqrotexniki qulluq göstərilmiş, hər hektardan 53 sentner pambıq toplanmışdır. Ötən il yenə də 60 hektar pambıq çiyidi səpini aparılmış, ancaq hər hektardan 48,5 sentner məhsul əldə etmişlər. Məhsuldarlığın az olmasının səbəbini fermer belə izah etdi ki, 2020-ci il 27 sentyabr tarixində Vətən müharibəsi başladı. Məlumdur ki, Tərtər rayonu əsl döyüş meydanını xatırladırdı. Murdar düşmən hər tərəfi, o cümlədən əkin sahələrini fasiləsiz olaraq iriçaplı silahlardan atılan mərmi və istifadəsi qadağan olunmuş raket atəşinə tuturdular. Həmin anlarda sahədə yığım aparmaq çox böyük risk tələb edirdi. Belə olan halda pambığın normal yığımını aparmaq mümkün deyildi. Yenə də Azərbaycan dövləti öz vətəndaşının yanında oldu. Dəyən maddi ziyan Prezident İlham Əliyevin tapşırığı ilə tamamilə ödənildi.

Cari ildə təsərrüfata 80 hektar sahədə pambıq çiyidi səpərək yüksək aqrotexniki qulluq göstərilmişdir. İ.Qurbanov bildirdi ki, bu il məhsuldarlığın əvvəlki ildəkindən daha çox olacağına əminik. Çünki bu qiymətli bitkiyə lazımi qulluq göstərilmiş, ən başlıcası isə 4 dəfə necə deyərlər, geninə-boluna suvarılması həyata keçirilmişdir. Əvvəlki illərdə çox çətinliklə, cəmi 3 dəfə suvarmaq mümkün idi. Məlumdur ki, bölgənin suvarma suyu ilə təminatında çox böyük əhəmiyyətə malik olan Suqovuşan su anbarı 30 ilə yaxın vandal ermənilərin əsarəti altında olmuşdur.

2020-ci ilin 27 sentyabr tarixində Ali Baş Komandan İlham Əliyevin əmri ilə cəsarətli, yenilməz Azərbaycan əsgəri işğal altında olan torpaqları, strateji obyekt olan Suqovuşan su anbarını qısa zaman ərzində işğaldan azad etdi. Beləliklə bölgəyə, o cümlədən Tərtərə yeni həyat bəxş olundu. Suqovuşan işğalda olarkən mənfur düşmən mövsüm zamanı bitkilərə su lazım olan vaxt suyun qarşısını kəsirdilər. Ancaq indi sistemli şəkildə kanallara su buraxılır, illər uzunu suvarma suyu ilə bağlı mövcud olan problemlər aradan qaldırılmışdır.

Müəssisə kənd təsərrüfatı texnikaları ilə təmin olunmuşdur. Fermer yenə də dövlətin qayğısını yüksək qiymətləndirərək qeyd etdi ki, texnikaların satışı dövlət tərəfindən 40 faiz güzəştli qiymətlərlə lizinq yolu ilə həyata keçirilir. Hazırda təsərrüfata məxsus 5 ədəd əkin traktoru (Gəncə Avtomobil Zavodunun istehsalı), 3 ədəd toxumsəpən aqreqat, 2 ədəd dərmansəpən, 8 ədəd pambıqdaşıyan qoşqu və başqa kənd təsərrüfatı texnikaları mövcuddur.

Fermer bir məsələni də xüsusi vurğuladı ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə hər ton pambığın alış qiyməti 50 AZN artırıldı. Bu isə pambıqçılıqla məşğul olan insanların maddi rifah halının yaxşılaşmasına hesablanmışdır. Belə olan halda insanların bu sahəyə olan marağı artır. Artıq pambıq sahələri günbəgün sanki bəyaz xalı ilə örtülür. Bir neçə gündən sonra sahələrə yarpaqların tökülməsi üçün “Tropultra” və “Baystar” dərmanları səpiləcəkdir ki, bu da yarpağın tökülməsinə səbəb olacaq. Belə olan halda yığımda məhsul itkisinə yol verilməyəcək və yığım təmiz aparılacaqdır. Dərman vurulduqdan 12-14 gün sonra pambığın texnika ilə kütləvi yığımına start veriləcəkdir.

Pambıqyığan maşın rayonda kifayət qədərdir. Təsərrüfat pambıqçılıqla yanaşı, taxıl əkib-becərilməsi ilə də məşğul olur. Cari ilin məhsulu üçün 200 hektar arpa və 500 hektara yaxın buğda becərilərək yüksək məhsuldarlığa nail olunmuşdur. Hər hektardan orta hesabla 45-50 sentner məhsul götürülmüşdür.

Növbəti təsərrüfat ilində növbəli əkin aparılacaqdır. Hazırda təsərrüfatda 50 nəfərdən artıq insan mövsümi və daimi işlə təmin olunmuşdur.

Söhbətin sonunda fermer bir problemi dilə gətirdi ki, əkin-biçinlə məşğul olanlara dövlətin verdiyi subsidiyalar yaxşı olar ki, vaxtlı-vaxtında ödənilsin. Bu vəsaitlərin ödənilməsi gecikəndə bir sıra problemlər ortaya çıxır. Subsidiyalar tez ödənilsə, fermerin işi daha rəvan gedir. Ümid etmək olar ki, aidiyyəti qurumlar tərəfindən tezliklə bu problemin aradan qaldırılması aqrar sahənin bu vacib sahəsinin inkişafını daha da sürətləndirəcək.

Qeyd etmək lazımdır ki, pambığın satışında heç bir əngəl yaranmır. Təsərrüfat topladığı məhsulu “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC ilə bağladığı qarşılıqlı müqavilə əsasında təhvil verir. Elə həmin gün və ya səhəri “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC tərəfindən məhsulun dəyəri tam ödənilir.

Vəli VƏLİYEV,

“Respublika”.