Tərtərdən mühüm mesajlar perspektivli gələcəyin anonsudur
Digər xəbərlər

Tərtərdən mühüm mesajlar perspektivli gələcəyin anonsudur

Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində milli ordumuzun əldə etdiyi şanlı qələbədən sonra artıq 3 ildir ki, milli Novruz bayramını işğaldan azad edilmiş torpaqlarımızda qeyd edə bilməyin sevincini yaşayırıq.

Bu il erməni tapdağından azad edilən torpaqlarımızda Novruzun rəmzi olan tonqallar qalayırıq. Azərbaycan ordusunun tarixi qələbəsindən sonra ilk tonqalımız Qarabağın tacı Şuşa şəhərində, Cıdır düzündə qalanmışdı. Bu il isə Novruz tonqalını Prezident İlham Əliyev Tərtərin Talış kəndində alovlandırdı. Uğurlu qələbəmizdən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə azad edilən torpaqlarımızda tikinti-bərpa işləri aparılır. Prezidentimiz xalqa təbrik müraciətində bildirdi ki, Talış kəndinin yenidən qurulması prosesinin başlanmasından hələ bir il keçməyib kəndə artıq 20 ailə qayıdıb. 180-ə yaxın ailə isə qayıdacaq. İkinci Qarabağ müharibəsi dövründə bütün Azərbaycan xalqının bir yumruq kimi birləşdiyini qeyd edən Prezident İlham Əliyev mühüm məqamlara toxunub: "Otuz ilə yaxın müddət ərzində torpaqlarımız işğal altında idi. Ermənistan xalqımıza qarşı etnik təmizləmə siyasəti aparırdı. Yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından didərgin salınmış, qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı soyqırımı törədilmişdir, ədalətsizlik törədilmişdir, hərbi cinayətlər törədilmişdir. Biz bunu heç vaxt unutmayacağıq. Biz bunu heç vaxt unutmamalıyıq".

Ali Baş Komandan vurğulayıb ki, biz işğalla bağlı beynəlxalq təşkilatlara öz haqq səsimizi ucaltdıq, ancaq sözümüzə reaksiya verən qurum olmadı. Prezident onu da bildirib ki, İkinci Qarabağ müharibəsi Ermənistana hələ ibrət dərsi olmayıb. Çünki biz görürük ki, Ermənistanda revanşist qüvvələr baş qaldırıb. Ermənistanda yenə Azərbaycana qarşı, Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları davam edir. İşğal müddətində Azərbaycan dövləti sülhpərəst mövqeyini qoruyub saxlayaraq dəfələrlə Ermənistanı sülhə çağırsa da erməni dövləti bu çağırışlara məhəl qoymadı. Dünyanın gözünü öz yalanları ilə bağlamağa çalışan Ermənistan pisliklərinin əvəzini döyüş meydanında ödədi. Biz öz haqqımızı döyüş meydanında bərpa etdik. 44 günlük müharibə vaxtında xalqımız dəmir yumruq kimi birləşərək cəsarətli Azərbaycan ordusunu bir an da tək buraxmadı.

Müraciətində Azərbaycana qarşı başladılan haqsız informasiya müharibəsi məsələsinə toxunan cənab Prezident qeyd edib ki, Ermənistanın arxasında dayanan qüvvələr, o cümlədən ovaxtkı Minsk qrupuna həmsədrlik edən ölkələr Ermənistanın "Qarabağ Ermənistandır nöqtə" bəyanatına heç bir reaksiya verməmişdilər. İndi Azərbaycan öz doğma torpaqlarını azad edəndən sonra görün, bizə qarşı qədər ədalətsiz addımlar atılır, qədər çirkin əməllər törədilir. Danılmaz faktdır ki, Vətən müharibəsi zamanı tək bir əsgərimiz belə geri çəkilmədi. Müraciətində Ali Baş Komandanımız İlham Əliyev bildirib ki, ordumuz 44 günlük müharibə zamanı ancaq irəli getdi, bir gün belə geri addım atmadıq. Ermənistan ordusunda son məlumata görə 10 min yox, 11 min fərari olmuşdur. Bunu onlar yaddan çıxarmasınlar yaddan çıxarsalar, biz onların yadına salacağıq. İkinci Qarabağ müharibəsinin nəticələrini heç kim yaddan çıxarmasın.

Zəfər savaşında əldə etdiyimiz uğurlar Azərbaycanın qüdrətini bir daha dünyaya sübut etdi. Torpaqlarımızın işğaldan azad olunması kimi, həmin ərazilərin abadlaşdırılması da cənab Prezident İlham Əliyevin birbaşa nəzarətindədir. Çoxəsrlik tariximizin parlaq səhifəsi olan qürurlu Zəfərimizin ardından Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyevanın azad olunan torpaqlarımıza davamlı səfərləri bizi Böyük Qayıdışın başa çatacağı günə daha da yaxınlaşdırmaqdadır. Ali Baş Komandanın Talış kəndindən xalqa ünvanladığı bayram təbrikində ötürdüyü vacib mesajlar həm ərazi bütövlüyümüzün daimiliyi, həm Azərbaycanın gələcək perspektivləri üçün böyük gözləntilərin anonsudur.

Nəzrin CAVADZADƏ,

"Respublika".