TƏRTƏR: AQRAR SAHƏDƏ ƏLDƏ OLUNAN NAİLİYYƏTLƏR
Region

TƏRTƏR: AQRAR SAHƏDƏ ƏLDƏ OLUNAN NAİLİYYƏTLƏR

Son illərdə Tərtərdə kənd təsərrüfatı məhsulları istehsalında artım müşahidə olunur. Tərtər Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədovdan aldığımız məlumata görə, 2022-ci ildə rayonda ümumi məhsul buraxılışının 41.9 faizi kənd təsərrüfatı sahəsinin hesabına formalaşmışdır. Kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 98 milyon 580.0 min manat təşkil etmişdir. Onun 59 milyon 403.2 min manatı (və ya 60.3 faizi) bitkiçilik məhsullarının, 39 milyon 176.8 min manatı (39.7 faizi) heyvandarlıq məhsullarının payına düşür. 2021-ci illə müqayisədə kənd təsərrüfatının istehsalı 2.3 faiz artmışdır.

2022-ci ildə payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 8190.8 hektar əkin sahəsindən 33514,1 ton məhsul götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 40,9 sentner təşkil etmişdir. Bundan əlavə, 173.5 hektar qarğıdalı sahəsindən 1662.0 ton məhsul toplanmışdır. Qarğıdalı da nəzərə alınmaqla rayon üzrə taxıl istehsalı 35176,1 ton olmuşdur.

Ötən ildə sahələrdən 13763,5 ton tərəvəz, 4107.8 ton kartof toplanmışdır. Hektarın orta məhsuldarlığı kartof üzrə 1,1, tərəvəz üzrə 1,8 sentner artmışdır. 3450,7 hektar sahədə pambıq, 193,4 hektar sahədə şəkər çuğunduru, 2194.0 hektar sahədə dən üçün günəbaxan əkilmişdir. Sahələrdən 11253.9 ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,2 faiz çox pambıq, 6313,6 ton (0.3 faiz çox) dən üçün günəbaxan, 3609,3 ton (27.2 faiz çox) şəkər çuğunduru yığılmışdır.

Keçən il 16352,6 ton (19.8 faiz çox) meyvə və giləmeyvə, 806,1 ton (1,6 faiz çox) üzüm  toplanmışdır. Rayonda 798.9 hektar sahədə təkrar əkinlər aparılmışdır ki, onun 269.2 hektarı dənli  və  dənli  paxlalı  bitkilər, 261,5 hektarı  texniki  bitkilər, 22.6 hektarı kartof və müxtəlif növ tərəvəz bitkiləri, 245.6 hektarı yem bitkiləri olmuşdur.

Rayonda heyvandarlığın inkişafı daim diqqətdə saxlanılır. 2022-ci ildə heyvandarlıq bölməsində diri çəkidə 3435,5 ton ət, 23498,7 ton süd, 13550 min ədəd yumurta və 88,4 ton yun istehsal edilmişdir. 2021-ci ilə nisbətən ət istehsalı 32,4 ton və ya 1,0 faiz, süd istehsalı 1079,3 ton və ya 4.8 faiz artmışdır. Bundan başqa, rayonda 2022-ci ildə 10,2 ton barama istehsal olunmuşdur.

Təsərrüfatlarda 2023-cü ilin məhsulu üçün müvafiq işlər görülür. Cari ilin payızlıq əkinləri üçün 15477.2 hektar sahədə şum qaldırılmışdır, 11385.1 hektar sahədə payızlıq bitkilər səpilmişdir. Ümumi əkinin 7092.4 hektarı dən üçün buğda, 4138.7 hektarı dən üçün arpa və 154.0 hektarı yaşıl yem üçün (xəsil) arpadır.

2023-cü ilin yanvar ayının 1-nə rayonda 31503 baş iribuynuzlu mal-qara, 43470 baş qoyun və keçi, 6390 arı ailəsi mövcud olmuşdur.

Vəli VƏLİYEV,

«Respublika».