TERRORUNUN ACILARI...
Tarix

TERRORUNUN ACILARI...

2020-ci il 27 sentyabrdan dövlətçilik tariximizin yeni mərhələsi başlanmışdır. Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək uğrunda zəfər yürüşünə başladı və Azərbaycanın müstəqillik tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdı. Prezident cənab İlham Əliyev idarəçilik təcrübəsi, yüksək intellektual potensialı, uzaqgörən siyasəti ilə xalqı səfərbər edərək tarixi qələbəni reallaşdırdı. Vətən müharibəsində müzəffər ordumuz 30 il işğal altında olan ərazilərimizi azad etdi.

44 günlük müharibədə erməni daşnaklarının törətdikləri terror aktları nəticəsində dinc əhali arasında həlak olanların böyük əksəriyyətini qadınlar, uşaqlar və qocalar təşkil etmişdir. İşğalçı Ermənistan silahlı qüvvələri cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncəni beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyasının habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq növbəti dəfə atəşə tutdu. Vandalizmin son həddi olaraq qana susayan erməni qəsbkarları, insanlıqla bir araya sığmayan yeni qətl törətdilər... Gecəyarı, dinc əhali yuxuda ikən ermənilərin atdığı raketin törətdiyi faciə dünyada faşizmin, barbarlığın iyrənc nümunəsi kimi müzakirə olundu. Bu terror hadisəsi nəticəsində çoxlu sayda vətəndaşların mülkləri dağıldı, həlak olanlar və yaralalanlar oldu. Müxtəlif təyinatlı obyektlərə külli miqdarda ziyan dəydi. Ermənistan silahlı qüvvələrinin dinc insanları və şəhərləri atəşə tutması barbarlığın və Ermənistanın hərbi-siyasi rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığının növbəti bariz göstəricisi idi. Belə ki, Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonasından təxminən 100 kilometr kənarda yerləşən Gəncənin mərkəzi, əhalinin sıx yerləşdiyi ərazi qadağan olunmuş silahlardan, o cümlədən ballistik raketlərdən və kasetli bombalardan intensiv atəşə tutuldu. Şəhər ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə bombardman edildi. Nəticədə 26 mülki şəxs həlak oldu, 142 nəfər yaralandı. Əvvəlcədən planlaşdırılaraq insanların ən çox yerləşdiyi dövlət idarələrinin, binaların, iri obyektlərin hədəfə alınması nəticəsində şəhərin çoxsaylı mülki infrastrukturuna və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi.

Azərbaycanın digər böyük şəhəri olan Bərdədə törədilmiş terror nəticəsində 29 nəfər həlak oldu, 112 nəfər yaralandı. Ümumilikdə təkcə Gəncə və Bərdə deyil, eyni zamanda, Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımız da ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutuldu. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak oldu, 454 mülki vətəndaş yaralandı, ümumilikdə 12292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəydi. Ölkə Prezidenti bu hadisə ilə bağlı demişdir: "Bilirsiniz, bu dağılmış evlərin önündə olmaq, bax, bu dəhşətli mənzərəni seyr etmək hər bir azərbaycanlı üçün çox ağırdır. İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub, beş raket isə partlamayıb…

Yəni, bu, təsadüfən açılan atəş deyildi, məqsədyönlü şəkildə yaşayış binasını vurmaq, Azərbaycan vətəndaşlarını öldürmək, Azərbaycan xalqının gözünü qorxutmaq, Azərbaycan rəhbərliyini torpaqların azad edilməsindən çəkindirmək məqsədi daşıyırdı. Əlbəttə, bu, hərbi cinayətdir və hərbi cinayət kimi dünya tərəfindən tanınmalıdır. Azərbaycan Ordusu müharibə dövründə belə cinayətlərə əl atmayıb, biz müharibəni ləyaqətlə aparmışıq, biz döyüş meydanında düşmənə cavab vermişik. Gəncə və digər şəhərlər - Mingəçevir, Bərdə, Tərtər, Goranboy, Ağdam rayonu, Füzuli rayonu, Naftalan bombalananda mən deyirdim ki, biz döyüş meydanında qisasımızı alacağıq. Biz ermənilərdən fərqli olaraq heç vaxt hərbi cinayətə əl atmarıq. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir, siyasətimizin düzgünlüyünü göstərir".

Gəncə terrorunun xronikasına nəzər salaq: Gəncənin raket atəşinə tutulması birinci dəfə oktyabrın 4-də "TOÇKA" ballistik raketi ilə həyata keçirildi. Lakin raketin törətdiyi fəsadları işğalçı, nankor Ermənistan rəhbərliyi öz üzərinə götürmədi. Əvvəllər olduğu kimi, bəhanələr gətirdi. Bütün dünya bunun şahidi oldu. Havadarlarına güvənən şovinistlər bu azmış kimi 5 oktyabrda ikinci raketi Gəncənin ən məşhur, sıx olan ərazisinə atdılar. Xoşbəxtlikdən bu dəfə insan tələfatı olmadı, 3 nəfər mülki şəxs müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirildi. Şah İsmayıl Xətai prospektində yerləşən ticarət mərkəzinə külli miqdarda ziyan dəydi. Bundan başqa, gəncəlilərin inanc yeri müqəddəs "İmamzadə" dini kompleksində də dağıntılar oldu. Xain düşmən 3 gün ara verərək oktyabrın 8-də gecə saatlarında, növbəti üçüncü raketini atdı. Bu dəfə ölən və yaralanan qeydə alınmadı, amma sosial evlərə və avtomaşınlara ciddi ziyan dəydi. Artıq onlar açıq-açığına öz terrorlarından əl çəkmir, azərbaycanlıları hədələyirdilər. Yenidən 11 oktyabrda gecə saat 02:00 radələrində "Skad" ballistik raketləri ilə bombardman edərək, şəhərə görünməmiş zərbə endirdilər. Dağıntı həddindən artıq çox idi. 31 mənzil tamamilə dağılmış, əhatəsində olan obyektlər sıradan çıxmışdı. Eyni zamanda, 95 mənzil qəzalı vəziyyətə düşdü. 10 nəfər həlak oldu, 40 nəfər müxtəlif xəsarət alaraq xəstəxanalara köçürüldü. Azğın terrorçu Ermənistan rəhbərliyi 17 oktyabrda gecə saat 01:00-da növbəti arzusunu reallaşdırdı, ən ağır cinayətini həyata keçirdi. Terror hadisəsi zamanı insan tələfatı və külli miqdarda dağıntılarla nəticələnən cinayət baş verdi. Xeyli sayda insan sağlamlığına və əmlakına dəyən ziyanla yanaşı, mənəvi-psixoloji sarsıntıya məruz qaldı. Həmin gün 4-ü qadın, 3-ü uşaq olmaqla 13 nəfər həyatını itirdi, 20-si qadın, 5-i uşaq olmaqla 48 vətəndaş ağır xəsarətlər aldı. Ümumilikdə, Gəncədə törədilən terror aktı nəticəsində 26 nəfər - 1 körpə, 5 uşaq, 10 qadın həlak olmuşdur. Yaralanan 175 nəfər - 32-si uşaq, 57-si qadın idi. Bu dəfə də 20 ev tamamilə dağıldı, gecə olduğundan insanlar dağıntılar altında qaldılar. 16 nəfər öz həyatını itirdi. 55 nəfər müxtəlif xəsarət alaraq xəstəxanalara yerləşdirildi. Bu murdar xislətli təcavüzkarlar nifrətə, kinə o qədər köklənmişlər ki, hətta dinc əhaliyə atdığı raketlərdə belə qadağan olunmuş odsaçanlardan - kaset döyüş başlıqlarından istifadə etmişdirlər. Bu isə məkrli erməni siyasətinin çirkin üzünü, mənfur düşmənin öz qəddar əməllərini törətmək üçün bütün vasitələrə əl atmaqdan çəkinmədiyini göstərir.

Bəli, "Azərbaycanlılara qarşı zaman-zaman törədilən ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir", - deyən türk dünyasının fenomeni əbədiyaşar Heydər Əliyev də bunu bizə tövsiyə edib. Qeyd edək ki, xarici diplomatlar, qonaqlar, jurnalistlər və turistlər bu əraziyə baş çəkdikcə bir daha erməni şovinistlərin iç üzünü görür, onlara lənətlər yağdırırlar. Aydındır ki, o ərəfədə erməni şovisnistləri dinc əhalini hədəf almaqla xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi dədə-baba torpaqlarımızın itirilməsi ilə razılaşmağa məcbur etmək istəyirdilər. Lakin baş verən bütün bu hadisə gəncəlilərin əzmini qırmadı. Gəncəlilər zəfər əzmi ilə: "Təki Vətən sağ olsun, Qarabağımız işğaldan azad olunsun", - dedilər.

Bəli, Azərbaycan xalqı heç vaxt bu işğalla barışmadı və qələbə bizimlə oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev rəşadətli Ordumuzun şücaəti və xalqın dəstəyi ilə Azərbaycanın tarixi torpaqlarının erməni işğalından azad edilməsinə nail oldu. Haqq-ədalət bərpa olundu. Şəhidlərimizin qisası yerdə qalmadı. Vətən müharibəsində Azərbaycan ordusu heç bir hərbi cinayət törətmədən işğalçını öz torpaqlarımızda məhv etdi… Bu, bir daha Azərbaycan xalqının qəhrəmanlığını, böyüklüyünü, göstərdi. 

Zabit XƏLİLOV,

"Respublika".