Terroru dəstəkləyən İranın özünə zərbə
Siyasət

Terroru dəstəkləyən İranın özünə zərbə

Son vaxtlar İran ilə Ermənistanın adının qoşa çəkilməsi bu gün bir o qədər də təəccüb doğurmur. Çünki bu iki "məsləkdaşın" həyata keçirdiyi missiya artıq bütün dünyaya məlumdur. Müsəlman ölkəsi, islam dəyərlərinə "sadiq" olan İranın işğalçı, terrorçu, imansız, məzhəbsiz Ermənistanla birlik nümayiş etdirməsi ilk baxışdan qəribə görünsə də, məsələnin mahiyyətinə gəldikdə İran ilə Ermənistanın nə qədər oxşarlıqlara malik olduqlarını görməmək mümkün deyil.

Belə ki, bu işğalçı ölkələri birləşdirən ilk amil - Azərbaycan ərazilərində dövlət qurması, yerli əhaliyə zülmlər, işgəncələr verib öz doğma torpaqlarından qovub çıxarması, ya da bütün imkanlarının əllərindən alınmasıdır. İşğalçılıq siyasəti ilə zəbt etdikləri ərazilərdə talançılıqla, vandallıqla məşğul olmaları da onları eyniləşdirir. Bunun ən bariz nümunəsi İranın Ermənistanla əlbir olub 30 il ermənilərin işğalı altında olan Azərbaycan torpaqlarında qanunsuz fəaliyyətlə məşğul olması, işbirliyi qurub ölkəmizin yeraltı-yerüstü sərvətlərini talan etməsidir.

Bəli, İran terror yuvasıdır. Tarixən bu ölkə sanksiyaların tətbiq olunmasında birincilik qazananlardandır. Mayası təxribatçılıqdan, terrordan, yalandan, riyadan yoğrulmuş Ermənistan da onun kimi… Bu günlərdə terroru dəstəkləyən ölkənin özü terrora məruz qalıb. Belə ki, bugünlərdə İranda hərbi infrastruktur obyektlərində güclü partlayışlar baş verib. İran Müdafiə Nazirliyi İsfahandakı sursat fabrikinə dron hücumunu təsdiqləyib. Bildirilib ki, yanvarın 28-də saat 23:30 radələrində Müdafiə Nazirliyinin mərkəzlərindən birinə dronlardan istifadə etməklə "uğursuz hücum" həyata keçirilib. Nazirliyin məlumatına əsasən, dronlardan biri nüvə hücumundan müdafiə sistemləri ilə vurulub, digər ikisi isə partladılıb. Bundan cəmi bir gün sonra, yəni yanvarın 29-da isə Tehrandan verilən rəsmi açıqlamada bildirilib ki, İraqın Ənbar əyalətindən Suriyanın Deyr əz-Zor əyalətinə gedən 25 yük maşınından ibarət karvana havadan hücum edilib. PUA-larla endirilən zərbə nəticəsində 6 yük maşını sıradan çıxıb. SEPAH-a bağlı informasiya agentlikləri hücumu İsrailin həyata keçirdiyini iddia edib. Lakin nə Tehrandan, nə də Təl-Əvivdən rəsmi açıqlama gəlib. İran və İsrail rəsmiləri iddiaları təsdiqləməsələr də, inkar da etməyiblər. Bu isə ardı-arası kəsilməyən iddiaların yaranmasına səbəb olub.

Birləşmiş Ştatların nüfuzlu "Wall Street Journal" nəşri ABŞ rəsmilərinə istinadən dərc etdiyi məqalədə hücumun İsrailin PUA-ları ilə həyata keçirildiyini yazıb. Onu da qeyd edək ki, bütün bu hadisələr İsrailin Baş naziri Benyamin Netanyahunun Qüdsdəki terror hücumlarına dərhal cavab veriləcəyini bəyan etməsindən bir gün keçməmiş baş verib. Həmçinin, Netanyahu cavabın sürətli, güclü və dəqiq olacağı barədə xəbərdarlıq etmişdi. Bu fakta əsaslanan İsrailin nüfuzlu "Haaretz" nəşri iki fərziyyə irəli sürüb: "Birincisi, məqsəd İrandan Livandakı Hizbullaha silah, dəqiq idarə olunan raketlər və qabaqcıl hava hücumundan müdafiə sistemlərinin qaçaqmalçılığının qarşısını almaqdır. İkincisi, İsrail İrana işarə edir ki, hərbi gərginliyi genişləndirməkdən və gücləndirməkdən çəkinmir".

Burada diqqətçəkən məqam Amerikanın da prosesdə iştirakıdır. Belə ki, İran daxilindəki hədəfə - İsfahandakı silah istehsalı müəssisəsinə endirilən zərbə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns İsraildə olarkən həyata keçirilib. Suriya-İraq sərhədinin Suriya tərəfində İrandan silah daşıyan karvanlara olan hücum isə ABŞ-ın İsrailin təhlükəsizliyinə sadiqliyini vurğulayan Entoni Blinkenin gəlişindən bir qədər əvvəl baş verib. Lakin hücumların İsrail və ABŞ tərəfindən həyata keçirildiyinə inanmayanlar da var. Bütün dünyada istinad edilən etibarlı "Guardian" nəşrinin bir məqaləsində qeyd olunur ki, hadisənin baş verdiyi əraziləri tədqiq edilib, belə qənaətə gəlmək olar ki, İranda hərbi bazaları və obyektləri vuran nə İsrail, nə də Amerikadır. Bunu iddia etmək üçün əvvəlcə İsrail və İran arasındakı coğrafi məsafəyə baxmaq lazımdır. İsraildən qalxan dron İran havadan müdaifə sistemi tərəfindən müəyyən oluna bilərdi. Bu məqamda, ikinci bir variant meydana çıxır. Hücumda İran hakimiyyətinin ən böyük müxalif qruplarından sayılan İran Xalq Mücahidləri Təşkilatının da adı çəkilir. Hələlik hadisəyə görə məsuliyyəti öz üzərinə götürməsə də, təşkilatın 60-cı illərdən bəri eyni mövqedən çıxış etdiyi məlumdur. Hətta İranda hakimiyyətə qarşı başlanan etiraz aksiyalarında silahların olmasında da bu təşkilatın adı hallanır.

İran tərəfi hücumlarla bağlı araşdırmalar aparır. Amma yaxşı deyiblər, "nə tökərsən aşına, o da çıxar qaşığına"...

Mehparə ƏLİYEVA,

"Respublika".