Terrora görə rəsmi Tehran birbaşa məsuliyyət daşıyır
Digər xəbərlər

Terrora görə rəsmi Tehran birbaşa məsuliyyət daşıyır

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücuma, diplomatik nümayəndəliyimizin əməkdaşlarına qarşı həyata keçirilən qanlı terror aksiyasına görə rəsmi Tehran birbaşa məsuliyyət daşıyır. Baş verən qanlı cinayətin sifarişçiləri və icraçıları Beynəlxalq Məhkəmə qarşısına çıxarılmalı, layiqli cəzalarını almalıdırlar.

Uzun müddətdir ki, İranın dövlət və guya dövlətə məxsus olmadığı iddia edilən media resurslarında, molla rejiminin təmsilçiləri və əlaltıları tərəfindən Azərbaycan dövlətinə və xalqına qarşı kütləvi nifrət, böhtan, qarayaxma kampaniyası aparılır, terrora və digər qanlı cinayətlərə çağırışlar edilir.

İran hökuməti nəinki Azərbaycana, o cümlədən ölkəmizin Tehrandakı diplomatik nümayəndəliyinə qarşı terrora çağırışlar edən və Azərbaycanda belə adları hər kəsə bəlli olan şəxslərə qarşı müvafiq önləyici tədbirlər həyata keçirmir, hətta bu qəbildən olan çağırışları təbliğ və təşviq edir, Azərbaycana, azərbaycanlılara qarşı terroru və digər qanlı cinayətləri məqsədyönlü şəkildə stimullaşdırır. Baş verən son hadisə hakimiyyəti terror yolu ilə mənimsəyən  molla rejiminin öz cinayətkar əməllərindən heç zaman əl çəkməyəcəyinin, Azərbaycanın dünyəvi, demokratik dövlət quruluşuna, Azərbaycan xalqının azad və firavan yaşamaq hüququna qənim kəsildiyini, Azərbaycan Ordusunun Tehran rejiminin müttəfiqi olan Ermənistan üzərində qələbə çalaraq öz ərazi bütövlüyünü bərpa etməsi ilə barışa bilmədiyini təsdiqləyir. Bu qanlı terror aksiyası hazırda İran İslam Respublikasının ərazisində dislokasiya olunmuş bütün digər ölkələrin diplomatik nümayəndiliklərinin də daim təhlükə altında olduğunu, bütün sivil dünyanın Tehran rejiminin terrorçu xislətinə qarşı vahid mövqedən çıxış etməsinin zəruriliyini ortaya qoyur.

Azərbaycan xalqı uzun illər boyu öz ərazi bütövlüyünü, dövlət müstəqilliyini qorumaq üçün mücadilə aparıb, Vətəninin azadlığı naminə ölümə meydan oxuyub və iradəsi, zəkası, torpağına, dövlətinə olan sevgisi ilə bütün maneələri dəf edib.

Dövlətçiliyimizə dil və əl uzadanlar xalqımızın iradəsi qarşısında diz çökərək yerlə bir olacaqlar. Çünki xalqımızın milli iradəsini terrorla, təxribatla sarsıtmaq mümkün deyil.

Azər KƏRİMLİ,

Milli Məclisin deputatı.