Terror yuvası İranda insanlıq dramı
Siyasət

Terror yuvası İranda insanlıq dramı

Mövcud olduğu 44 il ərzində molla rejimi terrorçularla sıx əlaqəsi və terroru maliyyələşdirmə siyasəti ilə seçilib. Öz varlığına təhdid kimi gördüyü müxtəlif ölkələrin səfirlik və konsulluqlarına terror hücumlarını ənənə halına gətirib.

Hələ 1979-cu ildə İrandakı ABŞ səfirliyinin əməkdaşları 444 gün boyunca girovluqda saxlanılıb. O zaman İranda hakimiyyətə gələnlər beynəlxalq konvensiyaları pozaraq Vaşinqtona qarşı terror aktı həyata keçirsələr də, dövrün siyasi konyukturası Ağ Evi Tehran rejiminə güzəştə getməyə məcbur edib. Birləşmiş Ştatlar prosesə sovet müdaxiləsi olacağından çəkinərək müharibəyə başlamayıb. Etdiyinin cəzasını çəkməyən İran isə o zamandan etibarən səfirlikləri ciddi təzyiq altında saxlamağı adət halına gətirib. İranlılar 2011-ci ildə Britaniyanın qəbul etdiyi sanksiyalara etiraz edərək səfirlik binasına daş və molotov kokteyli atıb, Britaniya bayrağını yandırıblar. Rəsmi London bu hücumdan sonra ölkədəki səfirliyinin fəaliyyətini dayandırsa da, 2015-ci ildə nüvə ilə bağlı razılaşmadan sonra diplomatik nümayəndəliyin işini bərpa edib. 2016-cı ildə isə Tehran Səudiyyə Ərəbistanı ilə böhran yaşayıb. Ər-Riyadda dini liderin edamından sonra bu ölkənin səfirliyinə hücum olub. Səudiyyə Ərəbistanı ölkədəki iranlı diplomat və rəsmilərə ölkəni tərk etmələri üçün 48 saat vaxt verib. Düz 6 il sonra İran diplomatları qovulduqları ölkəyə səfər edə biliblər. Yaxın dövrdə isə İranın XİN başçısı Ər-Riyadla diplomatik əlaqələri bərpa etməyə hazır olduqlarını bəyan edib. Nə etsə də, axır-əvvəl hər şeyin unudulduğunu görən İran hakimiyyəti başqa ölkələrdəki nümayəndəliklərə də hücum təşkil edib. İran İslam İnqilabı Keşikçiləri Korpusu İraqın Ərbil şəhərində yerləşən ABŞ-ın Baş Konsulluğunun binasına endirilmiş raket zərbələrinə görə məsuliyyəti üzərinə götürüb. İsrailin Argentinadakı nümayəndəliyinə qarşı da terror aktı törədilib. İrana bağlı terrorçular "Yəhudilərin Yardımlaşma Mərkəzi" binasına bomba qoyaraq 85 yəhudinin ölümünə, 300-dən çox yəhudinin yaralanmasına səbəb olublar. Yanvarın 27-də isə İran Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumla terrorçu kimliyini yenidən ortaya qoyub. Burada yalnız bir neçə faktı qeyd etməklə kifayətləndik. Amma bunlar belə onu deməyə əsas verir ki, İran həmişə terror yuvası olub, hazırda da terroristlərə dəstək verən əsas ölkələrdən biridir.

Tehran hökumətinin ölkə sərhədlərinin xaricində pozuculuq işlərinə o qədər başı qarışıb ki, daxildə gedən proseslərə kifayət qədər reaksiya verə bilmir. Belə ki, İranda İslam İnqilabından bu yana ən uzunmüddətli etiraz aksiyaları davam edir. Artıq 5 aydan çoxdur ki, insanlar küçələrə axışaraq molla rejiminin hakimiyyətdən getməsini tələb edirlər. Nümayişçilər "SEPAH cinayət edir, Xamenei himayə edir!", "Nə şahlıq, nə rəhbər, azadlıq və ədalət!", "Xameneiyə ölüm!" şüarları səsləndirirlər. Hökumət isə etirazlara qaniçənliklə, xüsusi amansızlıqla cavab verir. Son məlumatlara görə, İranda davam edən nümayişlərdə 71-i uşaq olmaqla, 528 nəfər öldürülüb. 19 mindən çox şəxs tutulub, onlardan 719 nəfəri tələbədir. Ümumilikdə isə 14 min şəxs həbs cəzası alıb, onların 179-nun yetkinlik yaşı çatmayıb.

Ötən il dekabrın 8-də isə etiraz aksiyalarında həbs edilən şəxslərdən biri edam olunub. Tehranda təhlükəsizlik işçisini bıçaqla yaralamaqda ittiham olunan Möhsün Şəkərinin işgəncələrə məruz qaldıqdan sonra cinayəti etiraf etməyə məcbur edildiyi bildirilir. Bu hadisə beynəlxalq arenada kifayət qədər rezonans doğurub. Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bildirib ki, dünya İran rejiminin öz xalqına qarşı törətdiyi iyrənc zorakılığa göz yuma bilməz. Almaniyanın XİN başçısı Annalena Baerbok isə edam təhlükəsinin insanların azadlıq iradəsini boğmayacağını deyib. Ümumilikdə, indiyədək edam edilənlərin sayı 4-ə çatıb. Beynəlxalq Amnistiya Təşkilatının məlumatına görə, İran hakimiyyəti etiraz aksiyalarında saxlanılan 112 nəfəri ölüm cəzasına məhkum edib.

Ölkədəki insanlıq dramını işıqlandıran jurnalistlər də repressiv rejimin hədəfindədir. İranda aksiyalar başlayandan etibarən 88 media işçisi həbs edilib. Ölkə bu göstərici üzrə dövlətlər sırasında 1-ci yerdədir. Hökumət qüvvələri həbslərlə də kifayətlənmir, jurnalistlərin istifadə etdikləri şəxsi əşyaları müsadirə edir, bütün məlumatları silirlər. Rejim qüvvələri yerli media nümayəndələri ilə yanaşı, ölkə ərazisində fəaliyyət göstərən xarici media orqanlarının bürolarına da təyziqlər göstərir, ünvanlarına təhdidlər yağdırırlar.

İnsan haqlarının pozulması isə beynəlxalq təşkilatları ciddi şəkildə narahat edir. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk BMT-nin 35-ci xüsusi sessiyasında vəziyyətin kəskinləşməsindən, xüsusilə də qadın və uşaqların hüquqlarının tapdalanmasından narahatlığını dilə gətirib: "Ölkədə baş verənlər - qətlə yetirilən uşaqların, küçədə döyülən qadınların və ölüm hökmünə məhkum edilənlərin fotoşəkilləri məni sarsıdır. Gücdən lüzumsuz və qeyri-proporsional istifadə sona çatmalıdır. Hakimiyyətdəkilərin köhnəlmiş metodları artıq işə yaramır və yalnız vəziyyəti kəskinləşdirməyə xidmət edir. Biz insan hüquqları böhranının düz ortasındayıq".

Lakin heç bir çağırış İranın qeyri-insani davranışlarının qarşısını almır. Belə olan halda qəzəblənən xalq da nümayişləri davam etdirir. Ölkədəki qiyam isə iqtisadi vəziyyətin hər keçən gün pisləşməsinə yol açır. Rəsmi hesabatlara görə, İranda inflyasiya 48 faizi ötüb. Bu isə 1995-ci ildən bəri qeydə alınan ən pis göstəricidir. Ölkədə ərzaq qiymətləri cəmi bir ayda 26 faiz artıb. Bəzi iranlılar ət, hətta yumurta almaqda belə çətinlik çəkirlər. Başqa sözlə, iranlı ailələr 15 il əvvəlkindən qat-qat yoxsul yaşayırlar.

Kütləvi etirazlar, xaricdən gələn siyasi təzyiqlər, sanksiyalar, eləcə də milli valyutanın sürətlə dəyər itirməsi isə terror yuvasına çevrilən İranı çıxılmaz bir burulğana sürükləyir.

Jalə QASIMZADƏ,

"Respublika".