Terror aktının sifarişçiləri öz çirkin niyyətlərinə çata bilməyəcəklər
Digər xəbərlər

Terror aktının sifarişçiləri öz çirkin niyyətlərinə çata bilməyəcəklər

Vətən müharibəsində  Azərbaycanın əldə etdiyi tarixi qələbədən sonra qısqanclıq hissi ilə boğulan bəzi ölkələrin iç üzü açıldı. Sən demə, elə dövlətimizə qarşı  siyasi riyakarlığın başında duran  mədəni dəyərləri paylaşdığımız müsəlman qardaşlarımızın yaşadığı  İran İslam Respublikasıdır.  Qeyd edək ki, adında "İslam" sözü olan İranın siyasətində  islam həmrəyliyini nümayiş etdirən heç nə yoxdur. Azərbaycandakı din qardaşlarının müstəqil dövlət qurması, düşmən qüvvələrlə 30 illik mübarizədə qazandığı Qələbə ilə regiona yeni geosiyasi gerçəklik gətirməsi, nədənsə,  daim ermənipərəst siyasət yeridən molla rejimini təlaşa saldı.

İranın demək olar ki, bütün  əyalətlərində milyonlarla azərbaycanlı yaşayır. Ölkə rəsmilərinin də etiraf etdikləri kimi, onlar bu ölkə əhalisinin 43 faizini təşkil edirlər. Bu, Azərbaycan Respublikasının əhalisindən təqribən 3,5-4 dəfə çoxdur. Tarixi hadisələrin gedişində, Rusiya-İran müharibələrinin nəticəsində XIX əsrin əvvəllərində bölünüb bir-birindən ayrılsa da, bu xalq ortaq dəyərlərini itirməyib. Azərbaycanlılar dili, mənəviyyatı, mədəniyyəti, adət-ənənələri, dini inancı, tarixən formalaşmış coğrafiyası ilə bütöv bir xalqdır.

İran rəhbərliyinin Zəngəzur dəhlizinin açılmasına kəskin reaksiya verməsi də anlaşılan deyil. Axı, bu dəhlizin açılması İran-Ermənistan sərhədini pozmur, mövcud İran-Ermənistan əlaqələrinə  mane olmur. Açılması dünyada böyük ümidlə gözlənilən, hamıya  fayda verəcək bu dəhlizin İran üçün niyə "qırmızı xətt"ə çevrilməsi çox maraqlıdır.  Yaxın tarixə nəzər salsaq, ötən əsrin 40-cı illərindən üzü bəri Bakıdan, Rusiyadan İrəvana, elə İranın özünə qatarlar məhz həmin marşrutla Zəngəzur dəhlizindən keçirdi. Moskvadan Tehrana gedən qatarlar məhz bu yolla Culfaya gəlir və İrana gedirdi. Bu xətt yalnız 1992-ci ildə, Ermənistanın işğalı nəticəsində bağlanmış və Naxçıvan MR bütün bu illər ərzində blokadada qalmışdı.

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqımızın təkidli xahişi ilə yenidən Azərbaycanın rəhbərliyinə qayıdandan sonra daim İranla mehriban qonşuluq və dostluq münasibətlərinin bərqərar olmasına çalışmışdı.  Ulu öndərin bu siyasətini Prezident İlham Əliyev də ardıcıl şəkildə davam etdirmişdir. Azərbaycan dövləti heç bir zaman İranın milli mənafeyinə zərər vuracaq bir addım atmamış, hətta İrana qarşı Qərbin sanksiyalarına baxmayaraq, bu ölkə ilə illər boyu fəal əməkdaşlıq etmiş, birgə iqtisadi layihələr reallaşdırmış, həm ikitərəfli, həm regional təşkilatlar çərçivəsində enerji, nəqliyyat və sair sahələrdə geniş tədbirlər həyata keçirmişdir. Çox təəssüflər olsun ki, Azərbaycan tərəfindən mehriban qonşuluq naminə atılan addımları İran hökuməti dəyərləndirə bilmədi. Məlum oldu ki, ölkənin şimalında müstəqil, inkişaf edən, güclü Azərbaycan dövlətini İran heç zaman istəməmişdir. Tarixə nəzər salsaq, görərik ki, bir əsr əvvəl Azərbaycan dövlət müstəqilliyini əldə edəndə də İrandan eyni münasibət görmüşdü.

Bu il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyində baş verən terror aktı da İranın ölkəmizə qarşı riyakar xislətinin davamı olduğunu sübut etdi.  Qeyd edək ki, Tehrandakı səfirliyimizə qarşı baş verən terror aktı bu ölkədə olmuş ilk hadisə deyil. Yəni ayrı-ayrı illərdə ABŞ, Pakistan, Səudiyyə Ərəbistanı, Böyük Britaniya səfirliklərinə hücumlar edilib, indi isə Azərbaycan səfirliyinə qarşı  terror törədilib.

Azərbaycan səfirliyinə edilən hücum İran dövləti tərəfindən planlaşdırılıb. Bu hücumu gerçəkləşdirən Yasin Hüseynzadə adlı şəxsin hadisədən dərhal sonra İranın rəsmi dövlət kanallarına çıxarılması, müsahibə verməsi, rahat şəkildə danışması bir daha onu təsdiqləyir ki, terrorun arxasında  məhz İran dövləti dayanır.

Hamıya məlumdur ki, Azərbaycan uzun illərdən bəri terror aktlarına məruz qalan ölkədir. Zaman-zaman Azərbaycana qarşı öz çirkin niyyətlərini həyata keçirən İran "İslam" Respublikası da əmin olsun ki, səfirliyimizə qarşı törədilmiş  terror aktının sifarişçiləri, təhrikçiləri və icraçıları öz çirkin niyyətlərinə nail ola bilməyəcəklər.

Nurəngiz ADİLQIZI,

"Respublika".