Telman Əşrəfov: Həm bir azərbaycanlı, həm də Zabux sakini olaraq xoşbəxt anlar yaşayırıq
MÜSAHİBƏLƏR

Telman Əşrəfov: Həm bir azərbaycanlı, həm də Zabux sakini olaraq xoşbəxt anlar yaşayırıq

Uzun həsrətdən sonra bu il avqustun 22-24-də Laçın rayonunun Zabux kəndində oldum, evimizi gördüm. Kəndin indiki vəziyyətindən xəbərdaram. Mən kəndə gedən zaman ermənilər hələ oranı tam tərk etməmişdilər, rus sülhməramlıları da orada idi. Bu da gediş-gəlişə çətinliklər yaradırdı.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Zabux kəndinin sakini Telman Abduləli oğlu Əşrəfov söyləyib.

1949-cu il sentyabrın 5-də Zabux kəndində anadan olduğunu bildirən T.Əşrəfov qeyd edib ki, bu gün Prezident İlham Əliyev bütün Azərbaycan xalqını sevindirdi. Dövlətimizin başçısı elan etdi ki, Laçın şəhəri, Zabux və Sus kəndi nəzarətimizə keçir. Bu, tarixi hadisədir.

"Həm bir azərbaycanlı, həm də Zabux sakini olaraq xoşbəxt anlar yaşayırıq. Mən Zabuxa getmək üçün müvafiq sənədləri artıq imzalamışam. İnşallah tezliklə doğma yurdumuza qayıdacağıq. Əminəm ki, yaxın vaxtlarda biz doğma torpaqlarımıza köçəcəyik", - deyə Əşrəfov Telman vurğulayıb.

O bildirib ki, ermənilər onların 8 otaqdan ibarət ikimərtəbəli evlərini 2016-cı ilədək məktəb kimi istifadə ediblər, sonra isə dağıdıblar.

"Biz dağıdılan evlərimizi yenidən quracağıq. Əsas odur ki, doğma yurda qayıdırıq. Buna görə çox sevinirik", - deyə Zabux sakini əlavə edib.

AZƏRTAC