TƏLƏBƏLƏRLƏ GÖRÜŞ
Region

TƏLƏBƏLƏRLƏ GÖRÜŞ

Astaranın tam orta məktəblərinin 238 məzunu respublikanın ali məktəblərinə qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanıb. M. Ə. Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbin XI sinfini bitirən 17 nəfər məzunun hamısının ali məktəblərə daxil olması təhsil ocağının uğurlarından xəbər verir.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev tələbə, gənclərlə görüşündə ölkəmizdə təhsilin inkişafında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən söhbət açıb. Bildirib ki, ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin təhsilinə, hərtərəfli hazırlığına böyük önəm verir, müstəqil Azərbaycanı inamla işıqlı  gələcəyə doğru aparır. Müasir gənclik qalib bir dövlətin vətəndaşı olduğu üçün fəxr etməli, yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirməli, ölkəmizin daha da çiçəklənməsi və qüdrətlənməsi naminə var qüvvə ilə çalışmalıdır. İcra başçısı tələbə adına layiq görülmüş gəncləri təbrik edərək tələbəlik həyatında onlara uğurlar arzulayıb.

Görüşdə Azərbaycan Universitetinin tələbəsi Elnur Səfərov  ölkəmizdə gənclərin beynəlxalq standartlara uyğun təhsil alması üçün yaradılan şəraitdən razılığını bildirib, dövlətimizin yüksək diqqət və qayğısına mükəmməl təhsillə, yüksək vətəndaşlıq mövqeyi ilə cavab verəcəklərini, möhtərəm Prezidentimizin ətrafında sıx birləşəcəklərini söyləyib.

Görüşün sonunda tələbələrlə xatirə şəkli çəkilib.

***   ***   ***   ***

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev ilk dərs günü M.Ə.Sabir adına Astara şəhər 1 saylı və Z. Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəblərdə tədrisin ənənəvi formada təşkili vəziyyəti ilə maraqlanıb. Pedaqoji kollektivləri və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, tövsiyə və tapşırıqlarını söyləyib. Bildirib ki, qarşıda duran ən mühüm vəzifə koronavirus pandemiyasına görə tətbiq edilən karantin rejimi qaydalarına ciddi əməl etmək,  şagirdləri bu barədə gündəlik məlumatlandırmaqdır. Çətin olsa da tədrisin bu şəkildə aparılması vacibdir.

Rayon icra hakimiyyətinin başçısı Q. Ağayev məktəblərin foyesində asılmış “Vətən müharibəsi şəhidləri” adlı stendlərlə tanış olub, şagirdlərə yüksək bilik verməklə yanaşı, onlar vətənpərvər ruhda yetişdirməyin vacibliyini vurğulayıb.

Məktəb rəhbərləri qazanılan nailiyyətlər barədə məlumat verərək yeni tədris ilində uğurları davam etdirmək üçün səy və bacarıqlarını əsirgəməyəcəklərini bildiriblər.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.