Tələbə adını qazananlara hədiyyələr təqdim olunub
Elm və təhsil

Tələbə adını qazananlara hədiyyələr təqdim olunub

Balakən Rayon Mədəniyyət Mərkəzində ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanmış gənclərlə görüş keçirilib.

Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev qəbul imtahanlarında Balakən rayon məzunları uğurlu nəticələr göstərdiklərini qeyd edib. Bildirib ki, ali məktəblərə daxil olmaq üçün sənəd vermiş balakənli məzunlardan 290 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 46 nəfəri 500-dən, 10 nəfər isə 600 baldan yuxarı nəticə göstərib. Balakən şəhər Nizami adına 1 saylı məktəbin məzunu İlham Qadalov qəbul imtahanlarında rayon üzrə 662 bal toplayaraq Bakı Mühəndislik Universitetinə daxil olub. Rayon üzrə Humanitar və texniki təmayüllü liseyin, Nizami adına şəhər 1 saylı, Nəsimi adına şəhər 2 saylı, Kortala və Qaravəli kənd tam orta məktəbin məzunları qəbul imtahanlarında 600 baldan yüksək nəticə göstəriblər. Təhsil ilinin yekunlarına görə, 1 məzun gümüş medala layiq görülüb, 9 nəfərə fərqlənmə attestatı verilib.

Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayonu üzrə Təhsil sektorunun müdiri Elçin Musayev, rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov, valideyn Aynurə Əliyeva, ən yüksək bal toplayan məzun İlham Qadalov gəncləri tələbə adı qazanmaları münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb, təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda imtahanlarda yüksək nəticə göstərən məzunlar qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Mikayıl QULUYEV,

"Respublika".