Təkrar qarğıdalı əkini və silosunun hazırlanmasına həsr olunmuş müşavirə
İQTİSADİYYAT

Təkrar qarğıdalı əkini və silosunun hazırlanmasına həsr olunmuş müşavirə

Respublikada heyvandarlığın inkişafında yem tədarükü əsas şərtdir. Bu əsas götürülərək yonca, qarğıdalı əkini sahələri genişləndirilir. Hazırda isə silosluq qarğıdalı biçini davam edir. Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Ağdaş rayonunda fəaliyyət göstərən "Türyançay" fermer təsərrüfatı MMC-nin təkrar qarğıdalı əkinlərinə və heyvandarlıqda sulu-şirəli yem qrupuna aid olan qarğıdalı silosunun hazırlanması texnologiyasına həsr olunmuş açıq tarla müşavirəsi keçirilib. Müşavirədə nazirliyin aidiyyəti şöbələri, elmi-tədqiqat institutlarının rəhbərləri, tabeli qurumların, Dövlət Aqrar İnkişaf mərkəzlərinin nümayəndələri, fermer və sahibkarlar iştirak ediblər.

Müşavirədə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının rəhbəri Rəfail Quliyev bildirib ki, taxıl biçinindən sonra təkrar əkinlərin aparılması fermerlərə gəlirlərini artırmağa, bir ildə iki dəfə subsidiya almağa, eyni zamanda torpaqlardan daha səmərəli istifadə etməyə imkan verir. Təkrar əkinlər arasında qarğıdalı əkini fermerlər üçün daha çox maraq kəsb edir. Taxıl biçini ilə növbəti mövsüm payızlıq əkinlərə qədər olan müddətdə sahədə silosluq qarğıdalı yetişdirilməsi heyvandarlıq təsərrüfatlarının sulu-şirəli yemə olan tələbatının ödənilməsini və qidalı yemlə təminatını yaxşılaşdırır. Təkrar qarğıdalı əkinləri xüsusilə südçülük üzrə ixtisaslaşmış təsərrüfatların qışlama dövründə yaşıl yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır.

Daha sonra nazirliyin heyvandarlığın təşkili və monitorinqi şöbəsinin nümayəndəsi Tərlan Əsgərov fermerlər üçün "Qarğıdalı silosu və onun əhəmiyyəti" mövzusunda təqdimat keçirib. Qeyd olunub ki, silos bütün fəsillərdə, o cümlədən qışda təzə otu əvəz edə bilir. Silosun qida dəyəri dəyişmir və hava şəraitinin dəyişməsi onun tərkibinə təsir göstərmir, silosun bütün hissələri yem üçün yararlıdır və tullantısı yoxdur. Az yer tutduğu üçün təsərrüfatlar üçün silos digər yemlərdən daha səmərəlidir.

Nazirliyin mətbuat xidməti bildirir ki, təqdimatdan sonra müşavirədə iştirak edən sahibkar və fermerlərin sualları ətraflı şəkildə cavablandırılıb. Daha sonra müşavir iştirakçıları "Türyançay" fermer təsərrüfatı MMC-nin təkrar qarğıdalı əkini sahəsində müasir texnikalar vasitəsilə biçin prosesini izləyiblər.

Açıq tarla müşavirəsində silosun yemləmədə rolu barədə məlumat verən Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov bildirib ki, heyvanların qış yemləməsində əsas yem komponenti silos sayılır. Növbəli əkin prosesində silosluq qarğıdalının becərilməsi, təsərrüfatların yem bazasının formalaşmasında, qidalı yem rasionunun tətbiqində xüsusi əhəmiyyəti var. Çünki silosluq qarğıdalı sulu-şirəli yemlər sırasında özünün qidalıq dəyərinə görə mühüm yer tutur. Onun tərkibindəki konservləşdirilmiş protein, vitamin və mineral maddələr süd məhsulunun artımında, maddələr mübadiləsinin fizioloji olaraq düzgün getməsində, immunsistemin güclənərək heyvanların sağlamlığında da xüsusi rol oynayır. Cins damazlıq heyvanlardan adi yemləmə (birtərəfli, yaxud enerji dəyəri aşağı olan) ilə bir başdan 18-22 litr süd əldə olunursa, qışlama dövründə silosdan istifadə etməklə süd istehsalını 25-35, balanslaşdırmış yemləmə zamanı isə məhsuldarlığı 40 litrədək artırmaq olar. Qış yemləməsində silosluq qarğıdalıdan istifadə maya dəyəri xərclərini azaltmağa, təsərrüfatların iqtisadi səmərə əldə etməsinə səbəb olur.

Nəriman CAVADOV,

"Respublika".