İQTİSADİYYAT

"TEKNOFEST Azərbaycan" festivalı çərçivəsində "Həvəskar peyk modelləşdirilməsi" müsabiqəsi keçirilir

AZƏRTAC xəbər verir ki, müsabiqə tələbələrin kosmik sahədə nəzəri və praktiki biliklər qazanması, xüsusilə peyk modelləşdirilməsi və onun idarə olunması sahəsində yerli mütəxəssislərin hazırlanması məqsədilə təşkil olunur.

Sözügedən müsabiqə tələbələrin mexanika, elektronika və proqramlaşdırma sahələrindəki baza biliklərinin formalaşmasına təkan verəcək. Bundan əlavə, tələbələr komanda işi, təqdimat və planlaşdırma bacarıqlarını xeyli təkmilləşdirə biləcəklər.

Müsabiqədə hər bir komanda kiçik peyk modeli hazırlayaraq təqdim edir. Peyk modeli müəyyən edilmiş hündürlükdən buraxıldıqdan sonra sensorlardan lazımi məlumatları toplamaq funksiyasını yerə eniş edənə kimi dəqiq yerinə yetirməlidir. Peyk həmin məlumatları telemetriya paketi formasında müvafiq interfeysə göndərərək təyin olunmuş missiyanı yerinə yetirməyi bacarmalıdır.

Qeyd edək ki, "TEKNOFEST Azərbaycan" çərçivəsində yuxarı sinif şagirdləri, tələbələr və startapçılar arasında ümumilikdə 8 müsabiqə - "Baku Skills", Pilotsuz uçuş aparatları", "ROBOTİKS", "AgroTech", "Sosial innovasiyalar", "Həvəskar peyk modelləşdirilməsi", "PLANER", "Ətraf mühitin qorunması və bərpa olunan enerji mənbələri" təşkil olunub. Müsabiqələr 3 kateqoriya iştirakçı arasında keçirilir - məktəblilər (A), tələbələr (B) və fərdi şəxslər və ya sahibkarlar (C). Bəzi müsabiqələr yalnız bir və ya iki kateqoriyada aparılır. Müsabiqələrə qatılmaq üçün 5 mindən çox gəncin formalaşdırdığı 1000-dən çox komanda müraciət edib. Onlardan 170 komanda finala vəsiqə qazanacaq.

AZƏRTAC