Təki Vətən sağ olsun
Sosial həyat

Təki Vətən sağ olsun

Azərbaycanın ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş qəhrəmanlar Azərbaycan Prezidentinin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.

Bu günlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin təşkilatçılığı ilə, Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehtiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi Rahim Mustafayev və şəhidin doğmalarının iştirakı ilə təqdimat mərasimi keçirilmişdir. Vətən müharibəsi zamanı hərbi əməliyyatlarda iştirak edərək qəhrəmanlıq göstərmiş, Azərbaycan ordusunun şəhid zabiti, mayor Mikayılov Azər Əmrah oğluna ölümündən sonra ölkə Prezidenti İlham Əliyev tərəfindən verilən “Qarabağ” ordeni şəhidin atası Əmrah Mikayılova təqdim edilib.

Azərbaycan Ordusunun 44 günlük müharibədə tarixi Qələbəsindən fəxarətlə danışanlar bildirdilər ki, bu qələbəmizdə igidlik göstərərək həyatını vətən uğrunda fəda edənlər də oldu. Onlar əbədi qəlblərdə yaşayacaqlar. Dövlət rəsmiləri, eyni zamanda, “Qarabağ” ordenli şəhid mayor Mikayılov Azər Əmrah oğlunun şanlı və şərəfli döyüş yolundan ətraflı söhbət açdılar və vurğuladılar ki, şəhid Azər Mikayılovla hər kəs fəxr edir, o bütün gənclərə örnəkdir. Ata özünü tox tutaraq dedi: “Oğlumla qürur duyuram. Təki Vətən sağ olsun”. Və övladına verilən yüksək mükafata, eyni zamanda, onların ailəsinə göstərilən xüsusi diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ailəsi adından minnətdarlıqlarını bildirib.

Qəm yemə, Əmrah ata, Azər öz qəhrəmanlığı ilə tarixin yaddaşına qızıl hərflərlə elə bir ad yazdı ki, o adı zaman tarixdən-tarixə, əsrdən-əsrə özü ilə yaşadacaq. O ad ailəsinin ömür yolunda bir çırağa dönəcəkdir.

Zabit XƏLİLOV,

“Respublika”.