Təhsilin keyfiyyətinin təkmilləşdirilməsi layihəsi maliyyələşdirilir
İQTİSADİYYAT

Təhsilin keyfiyyətinin təkmilləşdirilməsi layihəsi maliyyələşdirilir

Oktyabrın 28-də SOCAR və onun Cənubi Qafqaz Boru Kəməri (CQBK) şirkətindəki tərəfdaşları ilə British Council arasında Azərbaycanda təhsilin keyfiyyətini davamlı olaraq daha da yüksəltmək, istedadlı magistratura tələbələrinin müasir elmi ədəbiyyata birbaşa çıxışını təmin etmək məqsədilə SABAH Magistratura qruplarında təhsil alan tələbələrin ingilis dili bacarıqlarının təkmilləşdirilməsi layihəsinin maliyyələşdirilməsinə dair imzalanma mərasimi keçirilib.Mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, eləcə də layihəyə qoşulan universitetlərin rektorları iştirak etmişlər. Sənədi “SOCAR Midstream” şirkətinin icraçı direktoru Fuad Əhmədov və ''British Council''ın Azərbaycan üzrə direktoru Frensis Qardener-Trexo imzalamışlar.
Bildirilmişdir ki, British Council tərəfindən həyata keçiriləcək 10 aylıq layihə 2021-ci ilin oktyabr ayından başlayaraq 2022-ci ilin iyul ayına kimi davam edəcək. Layihə çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Mühəndislik Universitetinin SABAH magistratura qruplarında təhsil alan 372 tələbə 150 akademik saat müddətində ingilis dili biliklərini inkişaf etdirəcəklər.
Xatırladaq ki, ölkə rəhbərliyinin müəyyən etdiyi strateji kursa uyğun olaraq, SOCAR-ın sosial sərmayə layihələrinin icrasında gənclərin elmi və peşəkar inkişafına dəstək xüsusi yer tutur. Bakı Ali Neft Məktəbini təsis etməklə yanaşı SOCAR ölkədə beynəlxalq səviyyəli orta məktəb təhsilinə də dəstək verir.  Ali məktəblərdə tələbələrin həvəsləndirilməsi məqsədilə SOCAR-ın təqaüd proqramları həyata keçirilir.                               

Bəybala  BƏYBALAYEV,

“Respublika”.