Təhsil siyasəti ölkəmizin strateji hədəflərindəndir
Siyasət

Təhsil siyasəti ölkəmizin strateji hədəflərindəndir

Avropanın ən qabaqcıl dövlətlərindən olan İtaliya ilə sıx əməkdaşlıq bu məqsədə xidmət edir

Müasir Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, təhsilin inkişafında da müstəsna xidmətləri olmuşdur. Ulu öndər xalqın və millətin gələcəyini təkcə Azərbaycanın təbii sərvətlərində deyil, ilk öncə, təhsilin inkişafında görürdü.

Ulu öndərin Azərbaycana ilk dəfə rəhbər seçildiyi 1969-cu ildən başlanan tarixi mərhələ bugünkü Azərbaycan elminin inkişaf dövrü kimi səciyyələndirilir. Heydər Əliyevin elmin, mədəniyyətin və mənəviyyatın inkişafının əvəzedilməz vasitəsi olan təhsilə töhfələri, xalqın maariflənməsi, təhsil sisteminin ahəngdar inkişafı yolundakı xidmətləri əvəzsizdir. Ümummilli liderimiz Heydər Əliyevin istər 1969-1982-ci illərdə, istərsə də müstəqillik tariximizdə ölkəmizə rəhbərliyi dövründə bütün sahələrdə, həmçinin təhsil sistemində də böyük inkişafın əsası qoyulub. Heç şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi diqqət ayırdığı sahələrdən biri də təhsildir. Dövlət başçısı bildirir ki: "Hər bir ölkənin bugünü və gələcəyi təhsillə bilavasitə bağlıdır. Təhsilin səviyyəsi, eyni zamanda elmi-texniki tərəqqini də böyük dərəcədə şərtləndirir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda, görürük ki, onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır". Məhz bu səbəbdən dövlət başçısının rəhbərliyi ilə Azərbaycan təhsil sahəsində də dünyanın inkişaf etmiş ölkələri ilə əməkdaşlıq edir. Təhsildə islahatların aparılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti 19 oktyabr 2006-cı il tarixdə "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" və 16 aprel 2007-ci il tarixdə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə" sərəncamlar imzalayıb.

Bu proqram çərçivəsində 500-dən artıq azərbaycanlı gənc dünyanın bir çox ölkələrinin ali məktəblərinin bakalavr, magistratura və doktorantura pillələrində təhsil alıb. Bu isə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Yeni Zellandiya, Avstriya, Yaponiya, Avstraliya, Cənubi Koreya, İsveç, Niderland və digər qabaqcıl təhsil sistemlərinin Azərbaycan təhsili ilə keyfiyyətli əməkdaşlığının nümunəsidir.

Bu gün Azərbaycan Avropanın ən qabaqcıl ölkələrindən olan İtaliya ilə də təhsil sahəsində sıx əməkdaşlıq edir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra respublikamızın müstəqilliyini tanıyan ilk ölkələrdən biri İtaliya olmuşdur. Aralıq dənizi sahillərində yerləşən İtaliya möhtəşəm təbiəti, inkişaf edən sənayesi ilə yanaşı, Avropa İttifaqına daxil olan ölkələrin təhsil sahəsində də qabaqcıl yer tutur. Təsadüfi deyil ki, Avropanın ən qədim və daim fəaliyyət göstərən universiteti İtaliyanın Bolonya şəhərində yerləşir. Hələ 2012-ci ildə Bakıda "Azərbaycan ilə İtaliya arasında təhsil sahəsində əməkdaşlıq: mövcud vəziyyət və perspektivlər" mövzusunda konfrans keçirilmişdir. Azərbaycan ilə İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü çərçivəsində təşkil olunmuş tədbirdə müvafiq qurumların nümayəndələri, Milli Məclisin deputatları, iki ölkənin təhsil işçiləri, ali məktəb rektorları iştirak etmişdilər. Son dövrlər İtaliya-Azərbaycan münasibətləri iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri əsnasında sürətlə inkişaf edir. İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana 2018-ci il 18-19 iyulda dövlət səfəri zamanı iki ölkənin təhsil nazirlikləri arasında "Ali təhsil üzrə Birgə Bəyannamə" imzalanıb. 2020-ci ilin fevralında imzalanmış "Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə"də də təhsil və elm sahəsində əməkdaşlığa dair konkret müddəalar əks olunmuşdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il sentyabrın 1-də Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimində iştirak etmişdi. Prezident İlham Əliyev mərasimdə çıxışı zamanı deyib: "...Bu ilin aprel ayında Bakıda ADA Universitetinin kampusunda İtaliya xarici işlər naziri cənab Luici Di Maionun iştirakı ilə yeni tədris korpusunun təməli qoyuldu. İtaliyanın aparıcı universitetləri ilə ADA Universitetinin əməkdaşlığı iki ölkə arasındakı dostluq əlaqələrini möhkəmləndirəcək. Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti, Roma Sapienza Universiteti - bu adlar İtaliyanın kənarında da məşhurdur. Onu da bildirməliyəm ki, İtaliya-Azərbaycan Universitetinin nəzdində iki institut - Kənd Təsərrüfatı və Qida Elmləri İnstitutu və Dizayn və Memarlıq İnstitutu fəaliyyət göstərəcək…". Qeyd edək ki, İtaliya-Azərbaycan universitetinin yaradılması ilə bağlı 2020-ci ilin fevralında ölkə başçısı İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı razılıq əldə edilmişdi. Sazişlərin mübadiləsi zamanı "İtaliya-Azərbaycan Universiteti akademik əməkdaşlığa dair Sazişi "ADA Universitetinin rektoru, professor Hafiz Paşayev və Luiss Guido Carli Universitetinin vitse-prezidenti professor xanım Paola Severino, Romanın Sapienza Universitetinin rektoru professor xanım Antonella Polimeni, Turin Politexnik Universitetinin rektoru professor Guido Saraçço, Alma Mater Bolonya Universitetinin icraçı prorektoru professor xanım Simona Tondelli, Milan Politexnik Universitetinin Dizayn Departamentinin direktoru professor Alessandro Deserti imzalayıb.

Xatırladaq ki, dövlət başçısının yüksək diqqəti və məqsədyönlü göstərişləri əsasında atılan addımlar, icra edilən Dövlət proqramları, aparılan islahatlar təhsil sahəsində yüksək nəticələrin qazanılmasına xidmət edir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə ali təhsilin inkişafı əsas prioritetə çevrilmişdir. Bu da ölkəmizdə milli kadrların inkişafında kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına zəmin yaratmışdır. Təhsil siyasəti hər bir ölkənin strateji hədəflərindən biridir və inkişaf konsepsiyasının mühüm tərkib hissəsi kimi qəbul edilir.

Musa BAĞIRLI,

"Respublika".