Təhsil sistemində inteqrasiya geniş imkanlar yaradır
Elm və təhsil

Təhsil sistemində inteqrasiya geniş imkanlar yaradır

Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri də təhsilin inkişafıdır. Bütün ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında təhsilin inkişafına xüsusi diqqət verilməsi, onun strateji əhəmiyyət daşıyan bir sahə kimi cəmiyyətin həyatında oynadığı rol ilə, ölkə əhalisinin böyük hissəsinin mənafeyilə bilavasitə sıx bağlı olması ilə əlaqədardır. Məhz buna görə də, müstəqillik qazandığı gündən ölkəmizdə təhsil sahəsində islahatlar qlobal xarakter daşıyır və onun bütün aspektlərini əhatə edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  XXI əsrdə ölkələrin təbii resurslar hesabına yox, intellektual potensial, yeni texnologiyaların tətbiqi   əsasında inkişaf edəcəklərini qeyd edir. “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə 22 may 2009-cu il Azərbaycan Respublikası Prezidentinin sərəncamında   Azərbaycan Respublikasının ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyası proseslərinin sürətləndirilməsi, ali təhsilin məzmununun Bolonya prinsiplərinə uyğun qurulması, ölkə iqtisadiyyatının inkişaf meyillərinə müvafiq olaraq yüksək hazırlıqlı kadrlara tələbatın ödənilməsi, həmçinin əhaliyə müasir standartlar səviyyəsində ali təhsil almaq imkanı yaradan səmərəli ali təhsil sisteminin formalaşdırılmasının vacibliyi vurğulanır.

Burada dövlət mühüm rol oynayır. Müasir şəraitdə milli ali təhsil sistemi xarici təhsil proseslərindən təcrid olunmuş şəkildə normal fəaliyyət göstərə bilməz. Ona görə də, ölkə təhsil sisteminin beynəlxalq təhsil sisteminə inteqrasiya olunması tələb olunur.

Bununla əlaqədar olaraq təhsil və təhsil xidməti bazarının nəzəri-metodoloji əsaslarının, bazarda tələb və təklif mexanizmlərinin öyrənilməsi və bunların əsasında elmi cəhətdən əsaslandırılmış tövsiyələrin hazırlanması tələb olunur.

Təhsil sahəsində beynəlxalq əməkdaşlıq xarici iqtisadi əlaqələrin mühüm tərkib hissəsini təşkil edir.

Bu prosesi Təhsil Nazirliyi, onun tərkibinə daxil olan strukturlar, xidmət və agentliklər tənzimləyirlər.

Dünya təhsil xidmətləri bazarı  çox sürətlə inkişaf edir. Son illərdə dünya təhsil xidmətləri bazarı 100 milyard ABŞ dolları təşkil edib. Təhsil xidmətləri bazarında aparıcı yerləri ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Avstraliya, Çin, Yaponiya, Rusiya və Kanada tutur.

Dünyada tələbələrin sayı 153 mln. nəfər (2009) təşkil edir ki, bunların da 3 milyon nəfəri öz ölkələrindən kənarda təhsil almağa üstünlük verirlər: (ABŞ və Kanadada tələbələrin 30%-i, Avropa ölkələrində 600 min tələbə (20%-i)) xaricilərdir.

Ali təhsilin dünya bazarı yüksək təmərküzləşməsi ilə xarakterizə olunur,  xaricdə təhsil alan tələbələrin yarıdan çoxu ABŞ,  Böyük Britaniya, Almaniya və Fransanın payına düşür. Avropada xarici tələbələrin sayı  1,5 milyonu keçmişdir ki, bunların da əksəriyyəti  Avropa İttifaqına daxil olmayan ölkələrin payına düşür. İspaniya tələbələrin təhsil alan əsas ölkələrindən biri olmasa da, Latın Amerikası tələbələri üçün daha cazibədardır.

Son illərdə təhsil xidməti beynəlxalq bazarlarda prinsipial olaraq dəyişməsə də, bu illər ərzində bu bazarda öz mövqelərini itirmiş, digərləri isə öz mövqelərini möhkəmlətmişlər.

Dünya bazarında təhsil xidmətlərində rəqabət kəskin surətdə artmışdır. Lakin ABŞ və Qərbi Avropa daha çox tələbələri təhsilə cəlb edirlər.

Azərbaycan  Respublikasının  təhsil sahəsində digər ölkələrlə   əməkdaşlığı ikitərəfli və çoxtərəfli   müqavilələrin  bağlanması  və  onlara  müvafiq dövlət orqanları tərəfindən nəzarət edilməsi yolu ilə tənzimlənir.

Müstəqilliyin ilk illərində    dünya  ölkələri  ilə  əlaqələr  xeyli zəifləsə də,  1996-cı ildən  etibarən  tədricən inkişaf  etməyə  başlamışdır. Təhsil sahəsində 1992-ci ildən indiyə qədər 80-ə yaxın beynəlxalq müqavilə imzalanmışdır. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil alması imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamı dövlətin təhsilə göstərdiyi qayğının davamı kimi mühüm əhəmiyyət kəsb edir.

2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı hazırlanmışdır. Proqram ölkə səviyyəsində məktəblərdə informasiya texnologiyalarının və kommunikasiyaların maksimal dərəcədə yüksək səviyyəyə çatdırılması üçün həyata keçirilir.

- Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012): texniki peşə təhsilinin gücləndirilməsi, yüksək səviyyəli kadrların hazırlanması, ölkənin iqtisadi inkişafına təkan verən bacarıqların hazırlanmasına xidmət edir.

2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatların keçirilməsi üzrə Dövlət Proqramı: ali təhsil məzmununun “Bolonya” prosesi prinsiplərinə uyğunlaşdırılması, müasir cəmiyyətin tələblərinə cavab verən, iqtisadiyyata əsaslanan bilik və bacarıqların yüksəldilməsi yolu ilə ali təhsildə islahatların həyata keçirilməsi. Qeyd olunan Dövlət proqramları təhsilin inkişafı ilə yanaşı, ölkənin sosial-iqtisadi inkişafı üçün də xidmət göstərir. Dövlət proqramlarından əlavə, təhsilin səviyyəsini yüksəltmək məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq layihələrinin həyata keçirilməsi bu prosesin sürətlənməsinə şərait yaradır. Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən Təhsil Sektorunun İnkişafı üzrə Layihə (2003-2008-ci illər) çərçivəsində 2003-cü ildən təhsil sistemində maliyyə islahatlarına başlanılmışdır. Layihə çərçivəsində öndə gedən məqsədlər təhsilin keyfiyyətinin yüksəldilməsi, xərclərin səmərəliliyinin artırılması və idarə edilməsi, təlim nəticələrinin yaxşılaşdırılmasıdır.

2012-ci ilin 29 dekabrında Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyası böyük əhəmiyyətə malik strateji bir sənəddir. Konsepsiyada yoxsulluğun azaldılması, məşğulluğun səviyyəsinin yüksəldilməsi, həssas qrupların sosial müdafiəsi, sahibkarlığın inkişaf etdirilməsi, təbii sərvətlərdən istifadənin azaldılması və digər məsələlər barədə əsaslı inkişaf proqramı ortaya qoyulmuşdur. 2020-ci ilədək Azərbaycanda milli inkişaf strategiyasının istiqamətlərini müəyyənləşdirən bu sənəddə təhsilə bilavasitə və birbaşa aidiyyəti olan hissələrdə elmi potensialın möhkəmləndirilməsi, innovasiya fəaliyyətinin dəstəklənməsi, informasiya və kommunikasiya texnologiyalarının inkişafı, informasiya cəmiyyətinə keçidin təmin edilməsi, insan kapitalının inkişafı və müasir təhsil sisteminin formalaşdırılması kimi prioritetlər irəli sürülmüş, konkret fəaliyyətlər müəyyənləşdirilmişdir. “Azərbaycan 2020: gələcəyə baxış” konsepsiyasının təhsillə bağlı ana xəttinə uyğun olaraq, 2013-cü ilin oktyabrında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” qəbul edilmişdir. Strategiya Azərbaycan Respublikasında, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutur.

Azərbaycan Respublikasının beynəlxalq təhsil xidmətləri bazarına daxil olması təhsil sahəsində beynəlxalq əməkdaşlığı və xarici əlaqələri tənzimləyən  Azərbaycan Respublikası Təhsil Qanununun 43-cü maddəsində öz əksini tapıb. Bu maddəyə əsasən təhsil müəssisəsi qanunvericiliyə və özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq xarici ölkələrin elm və təhsil müəssisələri, təşkilatları, beynəlxalq qurumlar və fondlarla birbaşa əlaqələr yarada, əməkdaşlıq haqqında ikitərəfli və çoxtərəfli müqavilələr bağlaya, təhsil sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət qurumlarına (ittifaqlar, birliklər, asssiasiyalar və s.) daxil ola və əməkdaşlığın digər formalarını həyata keçirə bilər.  Həmçinin təhsil müəssisəsi beynəlxalq səviyyəli birgə elm və təhsil layihələrinin hazırlanması, fundamental elmi tədqiqat və layihə-knstruktr işlərinin, elmi-praktik konfransların, simpoziumların keçirilməsi, tələbələrin, magistrlərin, dktrantların, müəllimlərin və elmi işçilərin mübadiləsi, iddia sənədi, patent və ya onlarla bağlı hüquqların özgəninkiləşdirilməsi və bu qəbildən olan digər fəaliyyətlə müvafiq normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada müstəqil məşğul olmaq hüququna malikdir.

Azərbaycan vətəndaşlarının xaricdə təhsilinin birinci forması olan  “Öz imkanları hesabına xaricdə təhsil alma” həm Azərbaycan Respublikası “Təhsil qanunu” ilə, həm də Azərbaycanın digər dövlətlərlə ikitərəfli əməkdaşlıq müqavilələri ilə nizamlanır. Minlərlə Azərbaycan vətəndaşları ABŞ, Kanada, Avropa ölkələrində, Rusiya və digər MDB ölkələrində təhsil alırlar. Azərbaycanın  qarşılıqlı razılaşması əsasında bu ölkələrin ali təhsil ocaqlarının verdikləri diplomlar Azərbaycanda tanınır. Diplomların qarşılıqlı tanınması, yeni dil vərdişlərinin əldə edilməsi imkanı, yaşayış və təhsil xərclərinin münasib olması Azərbaycan vətəndaşlarının öz imkanları hesabına xaricdə təhsil almasına stimul verir.

Azərbaycan vətəndaşlarının xaricdə təhsilinin ikinci forması “Müxtəlif təhsil mübadilə proqramlarını həyata keçirən təşkilat və digər donor qurumların təqaüdləri hesabına xaricdə təhsil”dir. Bu formanın reallaşması da Təhsil Qanunu və Azərbaycan Respublikası hökuməti ilə razılaşdırılan müxtəlif təhsil mübadilə proqramlarının tələbləri ilə nizamlanır. Xaricdə təhsilin ikinci forması müxtəlif təşkilatların həyata keçirdiyi müsabiqələr vasitəsilə qazanılan xaricdə təhsil proqramlarıdır. Azərbaycanda fəaliyyət göstərən belə təhsil mübadilə təşkilatları və onların həyata keçirdiyi proqramların sırası olduqca genişdir.

Azərbaycan vətəndaşlarının xaricdə təhsilinin üçüncü forması “Dövlət xətti ilə, yəni təhsil sahəsində əməkdaşlıq haqqında ikitərəfli razılaşmalar əsasında Azərbaycan vətəndaşları üçün ayrılan təqaüdlər hesabına Təhsil Nazirliyi tərəfindən həyata keçirilən xaricdə təhsil”dir. Bu formanın reallaşması da Təhsil Qanunu və Azərbaycanın təhsil sahəsində digər ölkələrlə ikitərəfli əməkdaşlıq haqqında sazişləri ilə nizamlanır. Xaricdə təhsilin üçüncü forması, yəni bilavasitə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən və idarə olunan xaricdə təhsil proqramları ilə 2013-ci ilin məlumatına görə 712 azərbaycanlı gənc xaricdə təhsil alır.

Azərbaycan vətəndaşlarının xaricdə təhsilinin dördüncü forması “Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsildir. Bu formanın reallaşması da Təhsil Qanunu və “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə nizamlanır.

Dövlət hesabına xaricdə təhsil alan tələbələrin sayının Azərbaycanda ali təhsil alan tələbələrin ümumi sayında payı artan dinamikaya malikdir.

Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, Azərbaycanda  aqronomluq, baytarlıq, qida sektoru üzrə keyfiyyətə nəzarət, qida məhsullarının qəbulu və nəzarəti, mikrobioloji laboratoriya  üzrə mütəxəssislər və həmçinin qida, kimya mühəndisi ixtisasları üzrə mütəxəssislərə böyük tələbat vardır. Bu sahədə mütəxəssislərə tələbat xarici kadrlar hesabına ödənilir. Hesab edirik ki, ali təhsil müəssisələrində bu ixtisasların hazırlanması üzrə beynəlxalq təcrübədən istifadə edilməli və ali təhsil müəssisələrinin maddi-texniki bazaları  gücləndirilməlidir.

Ələsgər SARIYEV,

Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat

İnstitutunun “Qloballaşma və beynəlxalq iqtisadi

münasibətlər”  şöbəsinin aparıcı elmi işçisi,

iqtisad üzrə fəlsəfə doktoru,

 

Əsmər MƏNƏFOVA,

Azərbaycan Milli Elmlər  Akademiyası İqtisadiyyat

İnstitutunun “Qloballaşma və beynəlxalq iqtisadi

münasibətlər” şöbəsinin elmi işçisi.