Təhsil naziri gənclərin xaricdə təhsili ilə bağlı sualları cavablandırıb
MÜSAHİBƏLƏR

Təhsil naziri gənclərin xaricdə təhsili ilə bağlı sualları cavablandırıb

Martın 1-də təhsil naziri Emin Əmrullayevin iştirakı ilə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" ilə bağlı mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, təhsil naziri Dövlət Proqramı haqqında ətraflı məlumat verib. Emin Əmrullayev bildirib ki, proqram çərçivəsində hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2 min nəfərədək Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil alması təmin ediləcək. Dövlət Proqramının prioritet ixtisas sahələrini qeyd edən təhsil naziri proqram çərçivəsində xaricdə oxumaq istəyənlərin artıq indidən müraciət edə biləcəyini vurğulayıb. Qeyd edib ki, xaricdə təhsil almaq üçün göndəriləcək gənclərin seçimi zamanı onların digər həmyaşıdlarından istedad və bacarığı ilə fərqləndiyinə diqqət ediləcək. Həmçinin seçim zamanı magistratura səviyyəsi üzrə namizədlərə üstünlük veriləcək.

Emin Əmrullayev deyib ki, Dövlət Proqramının tələb olunan alətlər, proseslər və digər vasitələrlə uğurlu icrası üçün onun beynəlxalq metodologiyalara əsasən tərtib edilmiş qaydalar üzrə monitorinqi və qiymətləndirilməsi aparılacaq. Monitorinq və qiymətləndirmə aparılarkən tədbirlərin mahiyyəti üzrə icrasına, müvafiq prioritetlə bağlı gözlənilən nəticələrə və indikatorlara diqqət yetiriləcək, icra müddətinə uyğunluq yoxlanılacaq.

Nazir vurğulayıb ki, əsas məqsəd bu təqaüddən ölkəmizin inkişafına töhfə vermək istəyən gənclərin yararlanmasıdır.

Qeyd edək ki, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli Sərəncamı ilə təsdiq edilib. Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların Azərbaycan Respublikasının gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir.

AZƏRTAC