Tədarük məntəqələrinə 240 min tondan çox pambıq təhvil verilib
İQTİSADİYYAT

Tədarük məntəqələrinə 240 min tondan çox pambıq təhvil verilib

Bu il Azərbaycanın 16 rayonunda ümumilikdə 100 min hektardan artıq sahədə pambıq əkini aparılıb. Ən çox pambıq Saatlı, Ağcabədi, Sabirabad və Bərdə rayonlarının ərazisində əkilib. Bu rayonların ərazisində pambıq əkinlərinin sahəsi 11 min hektardan çoxdur. Ümumilikdə respublika üzrə pambıq əkini sahələrinin 45 faizdən çoxu bu 4 rayonun payına düşür.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, vegetasiya müddəti başa çatdıqdan sonra məhsulun kombaynlar vasitəsilə kütləvi yığımına start verilib. Məhsul yığımı prosesinə 447 kombayn və 3085 traktor yedəyi cəlb olunub. Pambıqyığan kombaynların sayı sahələrdən məhsulun 100 faizə yaxınını texnika vasitəsilə yığmağa imkan verir.

Bu günədək fermerlər tərəfindən kondisiya çəkidə 240 min tondan artıq pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Hazırda respublika üzrə pambığın orta məhsuldarlığı 23.04 sent/ha təşkil edir. Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, İmişli, Saatlı, Yevlax və Zərdab rayonlarında orta məhsuldarlıq göstəricisi ümumrespublika göstəricisindən yüksəkdir.

Dövlət dəstəyinin genişləndirilməsi fermerlərin pambıq əkininə marağını artırıb. Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu ildən tədarük məntəqələrinə təhvil verilən pambığa görə yalnız məhsul subsidiyası verilir. Eyni qərarla məhsul subsidiyasının məbləği hər tona görə 100 manatdan 170 manata qaldırılıb.

Kənd Təsərrüfatı Nazirliyinin pambıq tədarükü və emalı müəssisələri ilə apardığı müzakirələr nəticəsində 2022-ci ildə şirkətlər tərəfindən xam pambığın alış qiyməti yanvar və avqust aylarında hər dəfə 50 manat olmaqla iki dəfə artırılıb. Ötən il 1-ci sort pambığın 1 tonu fermerlərdən 700 manata alınırdısa, bu il təhvil verilən eyni sort pambığın 1 tonuna görə fermerlərə 800 manat ödənilir. Məhsul subsidiyasına keçid və pambığın alış qiymətinin artırılması fermerləri aqrotexniki becərməni daha yaxşı aparmağa, daha çox məhsul istehsal edərək daha çox gəlir əldə etməyə sövq edir.

Respublikada pambıq yığımının optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.

AZƏRTAC