TƏCRÜBƏLİ NEFTÇİ EHTİRAMLA XATIRLANIR
Sosial həyat

TƏCRÜBƏLİ NEFTÇİ EHTİRAMLA XATIRLANIR

Neft xalqımızın çox qiymətli, dəyərli sərvətidir. Ölkəmizdə neftçi peşəsinə böyük hörmət və ehtiram vardır. Bu sahədə çalışan zəhmətkeş, cəfakeş insanlar hər il peşə bayramını iftixarla, qürurla qeyd edirlər. Çünki gecə-gündüz dənizdə və quruda yorulmaq bilmədən çalışan, yeni-yeni xarüqələr yaradan fədakar neftçilər hər cür ehtirama layiqdirlər.

Ölkəmizdə neft strategiyasının banisi, ümummilli lider Heydər Əliyev onların şərəfli əməyini belə qiymətləndirib: "Azərbaycan neft və qaz sənayesinin inkişafında Azərbaycan xalqının dəyərli insanları - böyük alimləri, mühəndisləri, geoloqları, neftçiləri və başqa mütəxəssisləri zəngin neft və qaz sərvətlərinin Vətən, xalq naminə istifadə edilməsi üçün böyük işlər görmüş, fədakarcasına çalışmış və xalqımızın tarixinə şanlı səhifələr yazmışlar".

Bu şərəfli peşə sahiblərindən biri haqqında söhbət açmaq istəyirəm. "Baku" qəzetinin 19 iyun 1989-cu il tarixli nömrəsində birinci səhifədə dərc olunmuş yazı dərhal diqqətimi cəlb etdi: "Usta neftçi Hüseyn Kazımovun briqadası həmişə yüksək göstəricilər əldə edir. Briqada hazırda yeni quyu qazmaqla məşğuldur, işlər sürətlə görülür. Qazmaçılar vədlərinə sadiq qalaraq bütün işləri bir ay tez yerinə yetirəcəklər".

Haqqında söhbət açılan Hüseyn Kazımov 1954-cü il may ayının 19-da Lənkəran şəhərində dünyaya göz açıb. Atası II Dünya müharibəsi iştirakçısı Kazım kişinin ailəsində 9 uşaq böyüyüb ərsəyə çatıb. Hüseyn uşaqlıqdan məktəbə, dərsə böyük həvəs göstərib. Bacısı, ixtisasca ingilis dili müəllimi Lalə Səmədzadə deyir ki, Hüseynlə iki yaş fərqimiz olub. Hüseyn 6 yaşında Lənkəran şəhər 2 nömrəli tam orta məktəbinə qəbul edilib. Dərslərini "yaxşı" və "əla" qiymətlərlə oxuyub. Məktəbdə təhsilinə və davranışına görə onu nümunə göstəriblər. Uşaqlıqdan neftçi olmaq, Xəzərin dərinliklərindən neft çıxartmaq arzusu ilə yaşayıb.

1978-ci ildə ali təhsilini başa vuran Hüseyn tələbə dostları Rəhim Şirinov və Yasin Mövlanovla Tümen vilayətinə təyinat alıb. Hər üçü Nefteyuqansk şəhərində neft qazma işləri idarəsində ilk əmək fəaliyyətinə başlayıb. Hüseyn rus dilini mükəmməl bildiyi üçün hamı ilə ünsiyyət qurur, kollektivdə dərin biliyi, bacarığı ilə seçilirdi. Üç dostun sevinci də, çətinliyi də bir olurdu. Uzaq Sibirdə neft quyularının qazılmasında və istismarında bu üç azərbaycanlı gəncin böyük əməyi olub.

Rəhim Şirinov ilk əmək fəaliyyətlərini belə xatırlayır: "Üçümüz də universiteti neft və qaz quyularının qazılması ixtisası üzrə bitirmişdik. Təyinatla Nefteyuqansk şəhərində 4 il işləməli olduq. İşlə bağlı bütün sınaqlardan, çətinliklərdən üzüağ çıxdıq. Yaxşı təcrübə qazandıq.

1981-ci ildə Azərbaycana qayıtdıq. Abşeron qazma işləri idarəsində işə düzəldik. Hüseyn idarədə mühəndis, texnoloq, istehsalat təminat bazasının rəis müavini və rəisi vəzifələrində işlədi. Quyuların qazılması prosesinin operativ və fasiləsiz təminatının təşkili, qəzaların və mürəkkəbləşmə prosesinin qarşısının vaxtında alınması Hüseynin üzərinə düşürdü. O, işin məsuliyyətini gözəl dərk edir, vəzifəsinin öhdəsindən bacarıqla gəlirdi".

Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında xalqın təkidli xahişi ilə dövlət rəhbərliyinə gəlişindən sonra ölkəmizin neft sənayesində inqilabi dəyişikliklər baş verdi. Müdrik rəhbərin təşəbbüsü və rəhbərliyi ilə dünyanın aparıcı neft şirkətləri ilə "Əsrin kontraktı" imzalandı. Müstəqil Azərbaycan inkişaf, yüksəliş, çiçəklənmə dövrünə qədəm qoydu.

Azərbaycan Dövlət Neft Şirkətində struktur islahatları aparıldı. Şirkətin tabeliyində Kompleks Qazma İşləri Tresti yaradıldı. Hüseyn Kazımovun və dostlarının işlədiyi Abşeron qazma işləri idarəsi trestin tabeliyinə verildi. Qısa vaxtda kollektivdə əsl canlanma, işgüzar mühit yaradıldı.

İşlərin həcmi də sürətlə artdı. Hüseyn Kazımov, Rəhim Şirinov, Yasin Mövlanov kimi bacarıqlı, təcrübəli kadrlara daha çox ehtiyac yarandı. Hər üç neftçi peşə borcunu şərəflə yerinə yetirir, "Əsrin kontraktı"nın icrasına öz töhfələrini verirdi. Texniki müşavirələrdə, yığıncaqlarda adları hörmətlə çəkilir, rəhbərlik tərəfindən təşəkkürnamələrə, Fəxri fərmanlara layiq görülürdülər. 2001-ci ildə neft sənayesinin inkişafında xidmətlərinə görə Rəhim Şirinov "Tərəqqi" medalı ilə təltif olundu.

Hər üç neftçi ömrünün 30 ilindən çoxunu Azərbaycanda neft sənayesinin inkişafına həsr edib. Hüseyn Kazımov 2019-cu il mayın 17-də dünyasını dəyişib. Neftçi dostları onu bu gün də ehtiramla xatırlayırlar. Rəhim müəllim deyir ki, Hüseyn respublikamızda neft sahəsində tanınmış, yüksək peşə bacarığına malik, nüfuzlu kadrlardan olub. Mühəndislikdən idarə rəisi vəzifəsinə kimi yüksəlib. İşdə yaşlı nəslin nümayəndələrinə böyük hörmətlə yanaşır, gənc kadrlara neftçi peşəsini sevməyi, sənətini dərindən öyrənməyi tövsiyə edirdi. Çətinə düşənə əl tutur, yardım göstərirdi.

Tələbə dostu və iş yoldaşı Yasin Mövlanov deyir: "Hüseyn əsl neftçi idi. Kollektivdə, şirkətdə böyük hörməti vardı. Bunu dərin biliyi, səriştəsi, yüksək təşkilatçılığı, insanpərvərliyi hesabına qazanmışdı. Təqaüdə çıxandan sonra da kollektivlə daim əlaqə saxlayırdı. Onun köməyinə, məsləhətlərinə həmişə ehtiyac olurdu. O, ağır, çətin günün dostu idi. Hüseyn Kazımovun şərəfli ömür yolu, zəngin iş təcrübəsi gənc neftçilərə gözəl nümunədir".

Əlisəfa HƏSƏNOV,

"Respublika".