Təbii sərvətlərimizin qanunsuz istismarına son qoyulmalıdır
Siyasət

Təbii sərvətlərimizin qanunsuz istismarına son qoyulmalıdır

30 il bundan əvvəl ölkəmizin ərazi bütövlüyünü pozan Ermənistan bu mənfur niyyətini həyata keçirməyi yüz illər boyu planlaşdırmışdı. Zaman-zaman Azərbaycan torpaqlarında yerləşdirilən ermənilər barlı-bərəkətli, yeraltı-yerüstü sərvətlərlə zəngin olan torpaqlarımıza sahib çıxmaq üçün hər yola əl atmış, öz havadarlarına arxalanaraq bu yerlərin əsl sahiblərinə qarşı soyqırımı həyata keçirmiş, onları doğma torpaqlarından zorla qovub çıxarmışlar. Ərazilərimizin 20 faizindən çoxunu zəbt edərək 30 il ərzində insan adına sığmayan vəhşiliklər törətmiş, kəndləri, şəhərləri dağıtmış, xalqımızın mədəni irsini yer üzündən silmişlər. Əgər məqsəd azərbaycanlılara aid olan hər şeyi dağıdıb yerində ermənisayağı nəsə etmək idisə, bəs sıx meşələri, gursulu bulaqları, təbii ehtiyatlarla zəngin olan torpaqları məhv etmək hansı məntiqin məhsulu idi? Demək ki, ermənilər bu alçaq niyyətlərinin gözlərində qalacaqlarına əmin idilər. Əmin idilər ki, Azərbaycan xalqı gec-tez bu torpaqları son qarışına qədər onlardan geri alacaq. Əks təqdirdə, 30 il ərzində bu yerləri dağıtmaz, təbiətini məhv etməzdilər.

30 illik işğal dövründə Ermənistan Qarabağda bir çox xarici şirkətlərin filiallarını yaradaraq Azərbaycanın təbii ehtiyatlarını talan etmiş, xarici bazarlarda satışa çıxarmışdır. Azərbaycan torpaqlarında mədənçilik, tikinti, ağac emalı, telekommunikasiya və digər sahələr üzrə qanunsuz fəaliyyət göstərən işğalçı dövlət dünyanın 20-dən çox ölkəsinin - Böyük Britaniya, Fransa, İran, ABŞ, Rusiya, İsveçrə, Almaniya, Hollandiyanın ("Haik Watch and Jewelry Co", "Rodino Haskovo" JIC, "Centro Ceibal", "Deccan Gold Mines Ltd" "Cosmote Romanian Mobile Telecommunications S.A", "Vallex Group", "Base Metals", "GeoProMining", "GoldStar") şirkətləri ilə işbirliyi qurmuş, Azərbaycanın təbii sərvətlərini qəddarlıqla istismar etmişdir.

Qarabağda ən çox talanan təbii ehtiyatlardan birincisi Kəlbəcərin Ermənistanla sərhəd bölgələrində, Ağdərə və Zəngilanda olan qızıl yataqları olmuşdur. 2002-ci ilin avqust ayında yaradılmış "Base Metals" MMC şirkəti uzun müddət Ağdərə rayonunda qızıl ehtiyatı 13,5 ton olan Qızılbulaq kəndindəki mis-qızıl mədənlərini talayaraq mədəndən hər ay 12 min ton filiz emal etmiş və tərkibində qızıl olan misi Avropa bazarına çıxarmışdır. Kəlbəcərdə Söyüdlüdə, Zəngilanda Vejnəlidə, başqa yerlərdə qızıl yataqlarımız xarici şirkətlər tərəfindən istismar edilmişdir. Ümumiyyətlə, Azərbaycanın işğal edilmiş ərazilərində - Kəlbəcər, Laçın, Tərtər və Ağdamda qızıl, gümüş, mis, molibden, civə yataqları, Cəbrayıl, Kəlbəcər, Laçında dəmir, xrom, Tərtər və Kəlbəcərdə kükürd, Ağdam, Füzuli, Cəbrayıl ərazilərindəki qum, çınqıl, gil və digər faydalı qazıntı yataqlarında işğalçı Ermənistan tərəfindən qeyri-qanuni və intensiv şəkildə hasilat işləri aparılmış, faydalı qazıntılar, əlvan və qara metallar, mineral sular, həmçinin digər şirin su resursları, meşə fonduna daxil olan torpaqlar amansız istismar olunmuş, flora və faunası məhv edilmişdir.

Uzun illər erməni işğalı altında olan Kəlbəcər rayonunun ərazisində yerləşən, sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan Söyüdlü (Zod) və təbii ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları Ermənistan tərəfindən talan edilmişdir. Belə ki, 1998-ci ildə Kanadanın "Canadian First Dynasty Mines Ltd" və Hindistanın "İndian Sterlite Gold Ltd" şirkəti ilə müqavilə bağlamış, 2002-2003-cü illərdə Zod yatağından külli miqdarda qızıl hasil olunmuşdur.

İşğalçı ölkənin yerli çayların üzərində çoxsaylı kiçik elektrik stansiyaları qurması səbəbindən çaylarda sululuq kəskin azalmış, həmçinin bu çaylarda yaşayan canlılar kütləvi surətdə məhv olmuşdur. Mənbəyini Zəngəzur dağ silsiləsindən götürən Zəngilan rayonu ərazisindən keçərək Araz çayına tökülən Oxçuçay Almaniyanın "Cronimet Holding" şirkətinin fəaliyyəti nəticəsində sənaye tullantıları ilə çirkləndirilmiş, Qacaran mis-molibden, Qafan mis saflaşdırma kombinatının toksiki tullantılarının, eyni zamanda həmin şəhərlərin məişət-çirkab tullantılarının təmizlənmədən birbaşa çaya axıdılması Oxçuçayda ağır metalların normadan dəfələrlə artıq olmasına səbəb olmuşdur.

Dövlət başçısı İlham Əliyev bu il may ayının 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən demişdir: "...Oxçuçay da Ermənistanın ekoloji terroruna məruz qalmışdır. Əfsuslar olsun ki, bir xarici şirkət də bu ekoloji terrorun ermənilərlə birlikdə müəllifi olmuşdur. Oxçuçayın sarı rəngə boyanması artıq mətbuatda dəfələrlə dərc edilib, həm foto, həm videogörüntülər var. Yəni, Ermənistanda istismar edilən mis kombinatının bütün axıntıları Oxçuçaya təmizlənmədən ötürülürdü. Bu, cinayətdir, bu, ekoloji terrordur. Bunu kim edib? Ermənistanın keçmiş rəhbərliyi... Təəssüf ki, beynəlxalq auditə subyekt olan xarici şirkət də bu korrupsiya əməllərində iştirak edib".

Torpaqlarımızı işğal altında saxladığı 30 il ərzində Ermənistan Qarabağın təbiətinə, ekologiyasına misli görünməmiş ziyan vurmuş, Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonları daxil olmaqla, ümumilikdə 60 min hektar meşə sahəsini tamamilə məhv etmişdir. Ermənilər işğal etdikləri ərazilərdə mütəmadi olaraq yanğınlar törədərək çox böyük həcmdə torpaq sahələrini yararsız hala salmış, zəngin meşə fondu torpaqları, flora və fauna nümunələrini məhv etmişlər. Belə ki, Qarabağın zəngin təbii ehtiyatlara malik olan Füzuli rayonunda vaxtilə rayon ərazisində təbiət abidəsi statusuna malik 11 ədəd şərq çinarı ağaclarının hamısı işğal dövründə məhv edilmiş, ermənilər yaşı yüz illərlə ölçülən bu ağacları kəsməklə yanaşı, onların kötüklərini də yandırmışlar. Avropada ərazisinə görə ikinci ən böyük çinar meşəsi olan Bəsitçay təbiət qoruğunun böyük bir hissəsinı məhv etmişlər. İşğal dövründə dünyanın gözü qarşısında Azərbaycan torpaqlarında ekoloji terror həyata keçirən ermənilər minlərlə hektar ərazilərlə uzanan meşələri yandırmış, bir çox qiymətli ağaclardan oduncaq kimi istifadə etmişlər. Onların bu bədxah əməlləri nəticəsində bölgənin ekoloji tarazlığı pozulmuş, flora və faunası ciddi təhlükə altında qalmışdır.

İkinci Qarabağ müharibəsi bitsə də, məğlub Ermənistan hələ də bunu qəbul etmir, ölkəmizlə sərhəd zonada təxribatlar törətməklə, eyni zamanda Ermənistanın nəzarəti altında olan ərazilərimizdə vandallıq hərəkətlərini davam etdirir. Kapitulyasiya aktı imzaladıqdan sonra işğal etdiyi ərazilərdən çıxması üçün möhlət istəyən alçaq düşmən qanunsuz yerləşdikləri Azərbaycanın şəhər və kəndlərini dağıtmış, həmin ərazilərin təbiətinə qarşı amansızcasına vəhşiliklər törətmişlər. Hələ 1988-ci ildə Azərbaycanın tarixi təbiət abidəsi olan Topxana meşəsini yandırmaqla Ermənistan-Azərbaycan münaqişəsini alovlandıran Ermənistan işğal dövründə Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Şuşada olan meşələrimizi yandırıb külünü göyə sovurmuşdur. Bütün bu əməlləri ilə ürəyi soyumayan ermənilər postmüharibə dövründə də dağıdıcılıq missiyasından əl çəkməmiş, bu il sentyabr ayında Xocalı istiqamətində, dağlıq ərazilərimizdə yanğınlar törətməklə olduqca zəngin bioloji müxtəlifliyi, nadir və nəsli kəsilmək təhlükəsi olan bitki və heyvan növlərinin yaşayış məskəninin dağılmasına, bu yerlərə xas olan palıd, vələs, fıstıq, qovaq, tozağacı kimi cinslərə aid qiymətli meşələrin məhvinə səbəb olmuşlar. Bir neçə ay əvvəl isə Laçın rayonunda qanunsuz məskunlaşan ermənilər 2020-ci il 10 noyabr Bəyanatına əsasən yerləşdikləri əraziləri tərk edərkən burada meşə ərazilərimizi yandıraraq ətraf mühitə qəsdən zərər vurmuş, ekoloji terror həyata keçirmişlər.

Ermənilərin törətdiyi ekoloji terror bu gün də səngimir. Son günlər Qarabağ iqtisadi rayonunda rus sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində mövcud olan faydalı qazıntı yataqlarının ermənilər tərəfindən qeyri-qanuni olaraq istismar edilməsi, "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarında separatçı rejim tərəfindən təbii sərvətlərin talanması bunu bir daha sübut edir. 30 illik işğal dövründə çapıb-taladığı təbii sərvətlərimizdən gözü doymayan Ermənistan soyğunçuluq əməllərinə son qoymalıdır. Yoxsa, işğalçı ölkənin artıqtamahlığı öz başını yaracaq...

Mehparə ƏLİYEVA,

"Respublika".