Təbiətə qənim kəsilənlər
Digər xəbərlər

Təbiətə qənim kəsilənlər

Erməni vandalizmi təkcə insanlara, onların qurub-yaratdığı kənd və şəhərlərə, tarixi abidələrə deyil, zaman-zaman yurdun təbiətinə, meşəsinə, çay və kəhrizlərinə də qənim kəsilmişdi. Cəbrayıl Rayon Suvarma Sistemləri İdarəsinin rəisi, YAP Cəbrayıl rayon 11 saylı Ərazi Təşkilatının sədri, "Tərəqqi" medallı Cəlil Əliyev işğal zamanı Qarabağda dağıdılmış su anbarları barədə yazı qələmə almışdır. Həmin yazını qəzetimizin oxucularına təqdim edirik.

Ermənistan Respublikası tərəfindən ərazilərimizin işğala məruz qalması ilə nəticələnən təcavüzkar müharibə beynəlxalq hüququn norma və prinsiplərinə sığmır, demək olar ki, terror aktı xarakteri daşıyırdı. İşğal olunmuş ərazilərdəki bütün mülki infrastruktur, o cümlədən meliorasiya və su təsərrüfatı obyektləri (su anbarları, irriqasiya sistemləri və s.) döyüşlər nəticəsində deyil, məqsədyönlü şəkildə tamamilə dağıdılmışdır. İşğaldan sonrakı dövrlərdə isə bu ərazilərdə kənd təsərrüfatı torpaqlarından istismar xarakterli istifadə olunmuşdur.

İşğaldan azad edilmiş ərazilərdə 9 ədəd su anbarı, 1429 subartezian quyusu, 88 ədəd nasos stansiyası, 8 mindən çox hidrotexniki qurğular olub ki, bunlar da dağıdılıb, talanıb, oğurlanaraq aparılmışdır.

Ağdam rayonunda Xaçınçay Su Anbarı 1954-cü ildə tikilib. Anbarın sututumu isə 23 milyon kubmetrdir. İşğaldan əvvəlki dövrdə 16 min 800 hektar torpaq sahəsinin suvarılmasında, eləcə də Ağdam şəhərinin su təminatında böyük rol oynayıb. İşğal altında olan anbar baxımsız vəziyyətdə saxlanıldığından və heç bir təmir-bərpa işləri görülmədiyindən yararsız vəziyyətə salınıb.

Tərtər rayonu ərazisində Sərsəng Su Anbarı 1976-cı ildə inşa edilmiş, ümumi sututumu 565 milyon kubmetrdir. Sərsəng su anbarı respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Sərsəng su anbarının işğal altında qalması bir neçə rayonumuzun suvarma suyu ilə təmin edilməsində ciddi problemlər yaratmışdı. Bu illər ərzində sözügedən regionlara əvəzolunmaz zərər vurulub, ekoloji tarazlıq pozulub. Sərsəng su anbarı Ermənistan tərəfindən əhaliyə qarşı ekoloji terror vasitəsi kimi istifadə olunurdu. Qəza vəziyyətində olan su anbarından aşağıda yaşayan minlərlə əhali daim təhlükə altında idi.

Tərtər rayonu ərazisində Suqovuşan Su Anbarı 1974-cü ildə inşa edilmişdir. Ümumi həcmi 5,86 milyon kubmetrdir. Suqovuşan-1 su elektrik stansiyası 4.8 meqavat və Suqovuşan-2 su elektrik stansiyası isə 3 meqavat gücə malikdir. Su anbarından Tərtər, Ağdərə, Goranboy, Yevlax, Bərdə, Ağdam, Ağcabədi rayonlarının ümumilikdə 21 min hektar əkinəyararlı torpaq sahələrinin suvarılması təmin olunurdu. Lakin baş vermiş Qarabağ müharibəsi nəticəsində Suqovuşan su anbarı işğal olunduğundan torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdır.

Ağdam rayonunda Qarqarçay üzərində Ağdamkənd Su Anbarı 1963-cü ildə tikilib. Anbarın sututumu isə 1,6 milyon kubmetrdir. İşğaldan əvvəlki dövrdə 50 hektar torpaq sahəsinin suvarılmasında mühüm rol oynayıb. Baxımsızlıqdan yararsız vəziyyətdə qalmışdır.

Füzuli rayonunda Köndələnçay üzərində 3 su anbarı var. Onlardan 1962-ci ildə istismara verilmiş Köndələnçay-1 su anbarının ümumi tutumu 3,9 milyon kubmetr, 1964-cü ildə istismara verilmiş Köndələnçay-2 su anbarının ümumi tutumu 3,9 milyon kubmetr, 1980-ci ildə istismara verilmiş Aşağı Köndələnçay su anbarı isə 9,5 milyon kubmetr su tutumuna malikdir. 3 ədəd su anbarının ümumi tutumu 15,5 milyon kubmetrdir, işğaldan əvvəl 6 200 hektar əkin sahəsi suvarılırdı. Lakin uzun illər işğal altında qalan anbarlar ermənilər tərəfindən istifadə edilərək yararsız hala salınıb, xüsusilə Köndələnçay-2 su anbarı tamamilə dağıdılmışdır.

Xudafərin Su Anbarı İran və Azərbaycan arasındakı beynəlxalq sərhəddə yerləşən Araz çayı üzərində tikilmiş su anbarıdır. Hələ sovet dönəmində baş tutan razılaşma ilə layihəsi hazırlansa da, ərazilərimizin Ermənistanın işğalçıları tərəfindən zəbt edilməsi nəticəsində işlər yarımçıq qalmışdır.

Xudafərin mövzusu 1993-cü ildə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtmasından sonra yenidən gündəliyə çıxmışdı. 1994-cü ilin 28 iyun - 2 iyul tarixlərində ümummilli liderin İrana beşgünlük ilk rəsmi səfəri zamanı layihənin həyata keçirilməsi haqqında memorandum imzalanmışdır. Araz çayının üzərində Xudafərin və Qız Qalası Su Anbarlarında tikinti işləri İranla Azərbaycan arasında imzalanmış razılaşmaya uyğun olaraq İran İslam Respublikası tərəfindən aparılmışdır. Belə ki, 2016-cı ilin fevralında "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində Xudafərin və Qız Qalası hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanmışdır. Araz üzərində elektrik stansiyalarının ümumi gücü 280 meqavata çata bilər. Bu layihələrin reallaşması Azərbaycana illik 368 milyon kilovat-saat elektrik enerjisi istehsalı gətirə bilər. Xudafərin Su Anbarının adı 1027-ci ildə həmin ərazidə tikilmiş eyniadlı körpünün adı ilə bağlıdır. Su anbarının tutumu 1,612 milyard kubmetrdir. Xudafərin Su Anbarından 13 kilometr aşağıda, XII əsrə aid "Qız Qalası" tarixi-memarlıq abidəsinin yanında Qız Qalası hidroqovşağı tikilib. Bu qala da erməni işğalçıları tərəfindən dağıdılmışdır. Qız Qalası hidroqovşağının sututumu 56,75 milyon kubmetrdir.

Ermənilərin işğalçılıq siyasəti nəticəsində, illər boyu belə layihələrin həyata keçməsi ləngiyib, işğaldan azad edilmiş ərazilərdə 125 min 800 hektar suvarılan torpaqlarımız istifadəsiz qalmışdır.

Artıq Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabr ayının 27-də Ermənistanın növbəti təxribatı ilə başlayan müharibə nəticəsində terrora, vandalizmə məruz qalan Azərbaycan torpaqları işğaldan azad edilmişdir.

Azad olunmuş ərazilərdə dərhal su təsərrüfatı komplekslərinin bərpası və inkişafı üzrə tədbirlər planı hazırlandı. İlkin mərhələdə əsas prioritet meliorasiya və su təsərrüfatı obyektlərinin təmir-bərpa işlərinin aparılmasıdır ki, artıq bu işlərə başlanılıb. Subartezian quyuları, kəhrizlər, kanallar, su anbarları təmir-bərpa olunur.

Cənab Prezident işğaldan azad olunmuş ərazilərdə dağıdılmış meliorasiya və su təsərrüfatı obyektlərində görüləcək işlər barədə danışarkən qeyd etmişdir ki, indi biz onları bərpa edirik və bərpa edəcəyik. Konkret layihələrə gəldikdə, mən bu sahədə hansı işlər görüləcəyini də bildirməliyəm. Həkəriçay su anbarının tikintisi nəzərdə tutulur, yeni su anbarı olacaq. Suqovuşan su anbarının və kanalın təmiri, kanalın uzunluğu 5,2 kilometrdir, təmirdən sonra Suqovuşandan daha böyük əraziyə suyun verilməsi mümkün olacaqdır. Xaçınçay su anbarı düz Fərrux dağının altındadır, Fərrux kəndinin düz böyüründədir və ermənilərin hərbi mövqeləri bu su anbarının istismarını təhlükəyə salmışdı, yəni böyük bir təhlükə mənbəyi idi. Dəfələrlə oradan və digər kəndlərdən Ağdam istiqamətinə atəş açılırdı. Fərrux dağını məncə, indi dünyada tanımayan yoxdur və Azərbaycanın böyük dağı olan Fərrux dağı bu gün bizim nəzarətimizdədir, Azərbaycan bayrağı orada dalğalanır. Xaçınçayın təhlükəsizliyi və bu sudan istifadə etmək üçün Fərrux dağının böyük əhəmiyyəti var. Ondan sonra Aşağı Köndələnçay, Köndələnçay-1 və Köndələnçay-2 su anbarlarının təmiri nəzərdə tutulur. Tərtərçay Sol Sahil kanalının, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının su təsərrüfatı kompleksinin yenidən qurulması, o cümlədən su mənbələrinin müəyyən edilməsi nəzərdə tutulur. Çünki sovet vaxtında olan su mənbələri bəzi səbəblərə görə uyğun olmaya bilər. Ona görə bu kompleks tədbirlər nəzərdə tutulur və Bərgüşad su anbarının layihəsinin hazırlanması bu il öz həllini tapmalıdır.

Bəli, bu ərazilərdə həyatın yenidən canlanması üçün nəzərdə tutulan bütün meliorasiya və su təsərrüfatı sistemlərinin müasir səviyyədə yenidən qurulması, işlərin kompleks, dəqiq hesablanmış konturlar əsasında görülməsi və inkişafına nail olması bütün infrastruktur layihələr arasında həmişə prioritet yerdə olub və olacaqdır.