Təbiət yenidən canlanır
Digər xəbərlər

Təbiət yenidən canlanır

Üçmıx dağının zirvəsindən baxanda bütövlükdə Qarabağ ovuc içi kimi görünür. Ana təbiət bu yerlərdən heç nəyi əsirgəməyib, füsunkar təbiəti, əlverişli iqlimi, zəngin bitki örtüyü, baş-başa gələn qayaların əzəməti, otun, çiçəyin ətri insanı ovsunlayır, göy üzündə qanadlarını gərib süzən qartalların səsi dağlarda əks-səda verir.

Qarabağ və Şərqi Zəngəzur zəngin meşə örtüyü, qiymətli ağacları, nadir bitkiləri ilə əsl cənnəti xatırladır. Təəssüf ki, 1990-1993-cü ilin əvvəlinə kimi Ermənistan ordusu öz havadarlarına arxalanaraq həmin əraziləri işğal etdi və təxminən yüz minlərlə hektar meşə fondu qəsbkarların, "vəhşi qəbilə"nin əlinə keçdi. Mütəxəssislərin qənaətinə görə, vaxtilə işğal altına düşən ərazilərdə düşmən qəsdən yanğınlar törədərək 100 min hektardan artıq otlaq, biçənək, yaşıllıq və meşə sahələrini məhv edib, təbiətə amansız zərbələr vurub.

Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri ilə yanaşı, ermənilərin viran qoyduğu təbiətin bərpası istiqamətində də layihələr həyata keçirilir. Çaylara körpə balıqlar buraxılır, sıradan çıxarılan meşə zolaqlarında müxtəlif ağaclar əkilir. Cəbrayıl rayonu ərazisində indi ceyranlar qaçır, ötən il Laçın və Kəlbəcər dağlarına isə ilk dəfə olaraq yak heyvanları gətirilib. Yüksək dağlıq ərazilərdə yaradılmış yak təsərrüfatında Qırğızıstandan gətirilmiş 100 baş yak cinsli iribuynuzlu heyvan mühafizə edilir. Təsərrüfatda yarımvəhşi formada bəslənən yaklar təbiətə tez uyğunlaşıblar, Laçın və Kəlbəcər yaylaqlarındakı otlaqlarda yem bolluğu, keyfiyyətli su mənbələri yakların sürətli çəki almasına səbəb olub. Heyvandarlığın bu növü ilə məşğul olan yerli mütəxəssislər yakların təsərrüfatda və vəhşi təbiətdə davranışlarını izləyir, onlara qulluq edilməsini diqqətdə saxlayırlar. Həmçinin heyvan xəstəliklərinə qarşı qabaqlayıcı tədbirlər görülür, yakların yem rasionuna nəzarət edilir, döl dövrünə hazırlıq işləri aparılır.

Pilot layihə çərçivəsində həyata keçirilən, sınaq məqsədi daşıyan və ətlik istiqaməti üzrə ixtisaslaşan təsərrüfat ötən ilin dekabr ayında yaradılıb. Yak heyvan növünün əsas xüsusiyyətlərindən biri xüsusi yem rasionu olmadan təbii otlaq sahəsində yetişdirilməsidir. Örüş-otlaq sahəsində olan bitkilərlə qidalanan yaklar yemə az tələbkardırlar. Dağlıq ərazilərdə soyuq iqlim şəraitində yaşamağa uyğunlaşmış yaklar müəyyən edilmiş ərazidə yerləşdirilib və mütəxəssis nəzarətində saxlanılırlar. Ərazidə heyvanların ovlanmasını qadağan edən xüsusi xəbərdarlıqedici lövhələr quraşdırılıb. Yakların qoxu bilmə hissləri digər heyvanlardan fərqli olaraq daha yaxşı inkişaf edib. Bu səbəbdən yaklar qar altında olan (10-20 sm) bitkiləri hiss etməklə onları çox asanlıqla mənimsəyir. Bu heyvanlar dəniz səviyyəsindən 2500-4000 m yüksəklikdə yerli şəraitə daha yaxşı adaptasiya olunurlar. 25 ilə qədər yaşaya bilən yakların südünün yağlılığı 9 faizə qədərdir. Ət çıxımına və keyfiyyətinə görə bu heyvanların yetişdirilməsi iqtisadi cəhətdən səmərəlidir. Qarabağın və Şərqi Zəngəzurun yaralanmış təbiəti yenidən canlanır, insan əllərinin qüdrəti ilə daha da gözəlləşir... 

Salman ALIOĞLU,

"Respublika".