TDT Baş katibinin müavini: Türk dünyasının beynəlxalq xəbər kanalını yaratmaq niyyətimiz var
MÜSAHİBƏLƏR

TDT Baş katibinin müavini: Türk dünyasının beynəlxalq xəbər kanalını yaratmaq niyyətimiz var

Türk dünyası ölkələri haqlı davalarını dünyaya çatdırmaqda çətinlik çəkirlər. Hər bir ölkənin öz təcrübəsi, strukturları və qurumları var. Bu təcrübələrin paylaşılması çox vacibdir və dünyaya haqlı davalarımızı, qardaşlıq maraqlarımızı çatdırarkən bərabər hərəkət etməyə ciddi ehtiyac duyulur. Bakıda çox vacib görüşlər keçirdik. Hər bir üzv öz ölkəsindəki müvafiq qurumlarda görülən işləri, qanuni düzəlişləri anlatdı. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Audiovizual media üzrə tənzimləyici orqanlarının toplantısının Türk dünyasının mədəniyyət paytaxtında, Türk tarixində vacib yerə sahib olan Şuşada keçirilməsinə görə də çox şadıq. Burada hansı sahələr üzrə əməkdaşlıq həyata keçirə biləcəyimizi müzakirə etdik.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Şuşada jurnalistlərə açıqlamasında Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömər Kocaman söyləyib.

"Şuşada çox önəmli bir sənəd imzaladıq. Gələcək dövrdə beynəlxalq platforma qurulacaq. Avropa İttifaqında və digər qurumlarda üzv ölkələrin öz aralarında əməkdaşlıq etdiyi bir çox platforma var. Niyə Türk dünyasında belə bir platforma olmasın? Otuzillik işğal ərzində Azərbaycanın haqlı davasının dünyaya çatdırılmasında çox çətinlik çəkdik. Zamanla təxribatlara məruz qaldıq. Türkiyənin, Özbəkistanın, Qazaxıstanın da zamanla bənzər çətinlikləri ola bilir. Ona görə də bu toplantını strateji əhəmiyyətə malik tədbir kimi görürük", - deyə Ömər Kocaman qeyd edib.

Baş katibin müavini bildirib ki, Türk dünyasının ortaq televiziyasının qurulması media sahəsində əməkdaşlığın vacib mövzularından biridir: "Türk dünyasının beynəlxalq xəbər kanalını yaratmaq niyyətimiz var. Ancaq bu, bir az vaxt alacaq, asan bir mövzu deyil".

AZƏRTAC