TDƏŞ-in iqtisadiyyat nazirlərinin növbəti görüşü yeni perspektivlərə zəmin yaradır
İQTİSADİYYAT

TDƏŞ-in iqtisadiyyat nazirlərinin növbəti görüşü yeni perspektivlərə zəmin yaradır

“Bizi birləşdirən aramızdakı münasibətlərdir, qardaşlığımızdır, ortaq keçmişimizdir, bu günümüzdür. İyirmi ilə yaxındır ki, ölkələrimiz müstəqil dövlətlər kimi yaşayırlar. Bu müddət ərzində ölkələrimiz gücləndi, formalaşdı, dövlətlərimizin əsasları qoyuldu. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan kimi ölkələr öz növbəsində Türkiyəni gücləndirir, necə ki, böyük və güclü Türkiyə bizi gücləndirir. Bizim gücümüz bizim birliyimizdədir. Biz çalışmalıyıq ki, bütün sahələrdə bu birliyi daha da möhkəmləndirək”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2010-cu il sentyabrın 16-da Türkiyənin İstanbul şəhərində, “Çırağan” Sarayında Türkdilli ölkələrin dövlət başçılarının X Zirvə toplantısında  söylədiyi bu fikirlərlə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) ilə beynəlxalq əməkdaşlığa daim böyük əhəmiyyət verdiyini bir daha təsdiqləyir.

Qeyd edək ki, Türk Şurası türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım edən beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişi əsasında yaradılıb.

Şuranın əsas məqsədi eyni dildə danışan və oxşar mədəni mühitdə yaşayan xalqların birliyinin gücləndirilməsi, siyasi və ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün yeni regional ümumtürk birliyinin yaradılmasına nail olmaqdan ibarətdir.

Beynəlxalq əməkdaşlığa böyük əhəmiyyət verən TDƏŞ  artıq  İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, BMT, Ümumdünya Turizm və digər təşkilatlarla əlaqələr qurmuşdur.

TDƏŞ təsis edildikdən sonra Almatı, Bişkek, Qəbələ, Bodrum, Nur-Sultan (Astana), Çolpan-Ata və Bakı olmaqla yeddi Zirvə görüşü keçirilmişdir. Birinci Zirvə görüşü “İqtisadi Əməkdaşlıq”  mövzusunda 20-21 oktyabr 2011-ci il tarixlərində Almatı şəhərində baş tutmuşdur.

Hər il mütəmadi olaraq Türkdilli Dövlətlərin  Əməkdaşlıq Şurasının iqtisadiyyat üzrə işçi qrupunun iclası və üzv dövlətlərin iqtisadiyyat nazirlərinin görüşü keçirilir. İclasda üzv ölkələr arasında iqtisadi münasibətlərin təkmilləşdirilməsi və inkişafı yolları barədə təkliflərin və üzv ölkələrin iqtisadi sahədə üzləşdiyi  problemlərin müzakirəsi aparılır. 2012 və 2016-cı il tarixli iclaslar Azərbaycanda keçirilmişdir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü 15 oktyabr 2019-cu il tarixində Bakı şəhərində keçirilmiş, həmçinin Zirvə görüşü çərçivəsində 14 oktyabr 2019-cu il tarixində Biznes Forum təşkil olunmuşdur.

Dünyanı cənginə alan koronavirus  pandemiyası ilə  əlaqədar olaraq 10 aprel 2020-ci il tarixində videokonfrans formatında keçirilən Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə COVID-19  pandemiyası ilə  mübarizəyə həsr olunmuş TDƏŞ-in fövqəladə Zirvə görüşündə dövlət başçıları tərəfindən səsləndirilən məsələlərin icrası ilə bağlı 6 may 2020-ci il tarixində iqtisadiyyat nazirləri və gömrük orqanları rəhbərlərinin fövqəladə iclası olub. Videokonfransı hazırda təşkilata sədrlik edən ölkə olaraq Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov aparmışdır.

9 sentyabr 2020-ci il tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarovla TDƏŞ-in Baş katibi Bağdad Amreyev arasında görüş keçirilmiş, görüşdə TDƏŞ çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və genişləndirilməsi imkanları, “Turkic Vision - 2040” strateji konsepsiyasının hazırlanması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.

2 noyabr 2020-ci il tarixində İqtisadiyyat Nazirliyi və Azərbaycan Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə Bakıda “Azərbaycanın sosial və iqtisadi inkişafının yeni dövrü” mövzusunda Türk Ticarət və Sənaye Palatasının (TTSP) növbədənkənar iclası olub. İclasdan öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi, TTSP-nin prezidenti Mustafa Rifat Hisarcıklıoğlunu, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Adham İkramovu və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyevi qəbul etmişdir. Tədbir çərçivəsində TDƏŞ adından erməni terrorundan zərərçəkmiş ailələrə humanitar (ərzaq) yardım göstərilmişdir.

Belə tədbirlərin davamı olaraq növbəti dəfə sentyabrın 10-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin iqtisadiyyat nazirlərinin 10-cu görüşü keçirilib.

Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Macarıstan  nümayəndələrinin iştirak etdiyi TDƏŞ dövlətlərinin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə türkdilli dövlətlərin bütün sahələrdə uğurla əməkdaşlıq etdiyi vurğulanmış, milli və regional iqtisadiyyatın dəstəklənməsi istiqamətində tərəfdaşlığın və iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətindən danışılmışdır.

Qeyd edilib ki, Azərbaycanda Türk  Şurasına üzv ölkələrlə ticarət, investisiya əməkdaşlığı, iş adamları arasında əlaqələrə böyük önəm verilir. Azərbaycanın TDƏŞ-ə üzv ölkələr və Macarıstanla ticarət dövriyyəsinin həcmi 2,6 mlrd. dollar olmaqla ölkəmizin xarici ticarət dövriyyəsindəki payı təxminən 15 faiz təşkil edir. Təqdirəlayiq haldır ki, 2020-ci ilin yanvar-iyul aylarında Türk Şurasının üzv dövlətləri və Macarıstana qeyri-neft ixracı 75 faiz artıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrarası iqtisadi tərəfdaşlığın gücləndirilməsi perspektivlərindən  danışaraq qlobal iqtisadiyyatın yenidən artım mərhələsinə keçməsi üçün beynəlxalq əməkdaşlığın, investisiyalar, bilik və texnologiya mübadiləsinin, ticarət əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini bildirib. Görüşdə Türk Şurasına üzv ölkələr arasında ticarət və investisiya əlaqələrinə dair tədqiqat sənədinin, Azərbaycanın dəstəyi ilə “Türk Ticarət Evi”nin konsepsiyasının hazırlandığı, Türk Ticarət və Sənaye Palatasının fəaliyyətinin təşviqi, Türk İnvestisiya Fondunun yaradılması istiqamətində mühüm irəliləyişlər əldə olunduğu diqqətə çatdırılıb.

Nazir həmçinin təşkilata üzv dövlətlərin qarşılıqlı investisiya yatırımı üçün böyük imkanların olduğunu və bu imkanlardan yararlanmağı, tranzit potensialını reallaşdırmağı təklif edib, eyni zamanda, TDƏŞ-ə üzv ölkələri Azərbaycanda yaradılan Ələt Azad İqtisadi Zonası, sənaye zonaları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından faydalanmağa çağırıb.

Türkiyə ilə iqtisadi əlaqələrə toxunan nazir qardaş ölkə ilə imzalanan Prefensial Ticarət Sazişinin ticarət əlaqələrinin yeni müstəvidə genişləndirilməsinə və ölkəmizdə rəqəmsallaşma prosesinin inkişafına təkan verəcəyini qeyd edib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev çıxışında bildirib ki, Türk Şurası ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsinə, iqtisadi, mədəni və digər sahələrdə tərəfdaşlığın genişləndirilməsinə önəmli töhfələr verir. Baş katib Bakıda keçirilən TDƏŞ-ə üzv dövlətlərin iqtisadiyyat nazirlərinin görüşünün türkdilli ölkələr arasında tərəfdaşlığın inkişafında əhəmiyyətini vurğulayıb.

Tədbirdə Azərbaycan İqtisadiyyatı, 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair Milli prioritetlər barədə məlumat verilib, Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” (ölkədə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması) ölkəsinə çevrilməsinin qarşıya hədəf kimi qoyulduğu qeyd olunub. Bildirilib ki, ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə potensialı əhəmiyyətli dərəcədə böyükdür və bu sahəyə özəl sərmayələrin cəlb edilməsi və irimiqyaslı layihələrin icrası istiqamətində işlər görülür.

Tədbir çərçivəsində TDƏŞ-ə üzv ölkələrin dövlət orqanları arasında Müxtəlif İqtisadi Zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu imzalanıb.

Memorandumun məqsədi Azərbaycanda Xüsusi İqtisadi Zonalar sahəsinin inkişaf etdirilməsi, yeni investisiyaların cəlb edilməsi, TDƏŞ-ə üzv dövlətlərin bu sahədə inkişafından yararlanmaq, dövlətlər arasında Müxtəlif İqtisadi Zonalar sahəsində məlumat və təcrübə mübadiləsi ilə bağlı töhfə verməkdir.

TDƏŞ hər zaman Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləmiş, 2020-ci ilin iyul ayında baş vermiş Tovuz hadisələri və 27 sentyabr tarixindən başlayaraq, Ermənistan tərəfindən həyata keçirilən təxribatlarla bağlı mütəmadi olaraq bəyanatlar vermiş, TDƏŞ-in baş katibi Bağdad Amreyev 2020-ci il 20 oktyabr tarixində Gəncə şəhərində olmuş, Ermənistan tərəfindən Gəncənin raket atəşinə tutulması ilə bağlı Türk dünyası adından həmrəyliyi nümayiş etdirən bəyanatla çıxış etmişdir. Eyni zamanda, TDƏŞ nümayəndə heyəti işğaldan azad edilmiş Ağdam və Füzuli rayonlarına da səfər etmişlər.

İnanırıq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin İqtisadiyyat nazirlərinin 10-cu görüşü ölkələrarası iqtisadi tərəfdaşlığın gücləndirilməsi perspektivlərinə böyük töhfələr verəcəkdir. Görüşün Bakıda keçirilməsi isə bir daha göstərdi ki,  Azərbaycan yalnız bölgədə deyil, eyni zamanda, türkdilli dövlətlər sırasında əsas ölkə statusunu qazanıb. Beləliklə, söyləmək olar ki, bu cür görüşlər Türk Şurası ideyasını gerçəkləşdirmək üçün olduqca əhəmiyyətlidir. Bu gün Azərbaycan türk-islam dünyasını Avropa ilə birləşdirən ən əsas ölkəyə çevrilib. Bakı Qərbə inteqrasiya, yaxın qonşuları Rusiya və İranla sıx əməkdaşlıq fonunda türkdilli ölkələrlə əməkdaşlığa da xüsusi önəm verir. Bu isə Azərbaycanın siyasi çəkisinin göstəricisidir.

Nurəngiz ADİLQIZI,

“Respublika”.