Tbilisidə səfərdə olan QMİ sədri Allahşükür Paşazadə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb
Digər xəbərlər

Tbilisidə səfərdə olan QMİ sədri Allahşükür Paşazadə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb

Tbilisidə səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, QMİ sədri Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Baş nazir İrakli Qaribaşviliyə çatdırıb.

Baş nazir İrakli Qaribaşvili Azərbaycan Prezidenti ilə olan dostluğundan söz açıb, onun da səmimi salamlarını dövlətimizin başçısına çatdırmağı QMİ sədrindən xahiş edib.

Ölkələrimiz arasındakı münasibətləri yüksək qiymətləndirən İrakli Qaribaşvili deyib ki, Azərbaycan Gürcüstanın yalnız qonşusu deyil, qardaş xalq, dost dövlətdir.

"Sizə böyük hörmətimiz var və Sizi Gürcüstanda görməyə şadam. Sizi Gürcüstanda qonaq etmək bizim üçün böyük şərəfdir. Xatırlayıram ki, bir neçə il əvvəl tanış olmuşuq, çox gözəl söhbətimiz olub. Şadam ki, Siz bu gün Tbilisidə bizə yenidən baş çəkmisiniz", - deyə İ.Qaribaşvili bildirib.

Baş nazir deyib ki, Gürcüstan dövləti Azərbaycan ilə qardaşlığı, dostluğu yüksək qiymətləndirir. Bütün istiqamətlərdə bizim qeyri-adi nəticələrimiz, konkret irəliləyişlərimiz, çox yaxşı münasibətlərimiz var və Sizin səfəriniz bu qardaşlığın, sevginin sübutudur.

"Sizin şəxsinizdə xüsusi dostluğumuzun olması məni xüsusilə sevindirir və sizin xüsusi ehtiramınızdan xəbərim var", - deyə Baş nazir vurğulayıb.

Allahşükür Paşazadə Gürcüstanın Baş nazirinin iki ölkənin qardaşlıq və dostluq münasibətlərinə verdiyi töhfəni qeyd edib.

"Mən siyasətçi deyiləm, amma Qafqazda bu iki qonşu ölkənin münasibətlərinin siyasi, iqtisadi, mədəni, dini və digər istiqamətlərdə yüksək səviyyədə olması birmənalı olaraq diqqət çəkir", - deyə A.Paşazadə vurğulayıb.

Söhbət zamanı bildirilib ki, Gürcüstan hökuməti ölkənin müsəlman icmasına dəstək istiqamətində bir sıra tədbirlər görür. Bu gün Gürcüstanda 300 məscid fəaliyyət göstərir. Onların 228-i müsəlmanların mülkiyyətinə verilib. Bundan başqa, müsəlmanlara mərkəzi qərargah inşa etmək üçün 1300 kvadratmetrlik torpaq sahəsi də ayrılıb.

Görüşdə Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev, QMİ sədrinin müavini Salman Musayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Sahib Nağıyev, Gürcüstanın Zuqduqi və Tsaişi Yeparxiyasının mitropoliti Gerasim, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze və digər rəsmi şəxslər iştirak ediblər.

AZƏRTAC