Taxılçılıqda vacib aqrotexniki tədbirlər
Region

Taxılçılıqda vacib aqrotexniki tədbirlər

Respublikanın Mərkəzi Aran, Şirvan-Salyan, Dağlıq Şirvan, Qazax-Tovuz bölgələrində havaların son vaxtlar qeyri-sabit keçməsi, atmosfer temperaturunun artması nəticəsində taxıllarda vaxtından əvvəl kollanma müşahidə olunur. Aparılan müşahidələr göstərir ki, hazırda taxıl sahələrində aktiv kollanma fazasının başlanğıcıdır.Bununla əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti fermerlərə, məhsul istehsalçılarına həyata keçirilməsi vacib olan məsləhətlər ünvanlayıb. Taxılçılıqla məşğul olan fermerlərə tövsiyə olunur ki, taxıl əkin sahələrində bitkilərdə aktiv kollanma getdiyi zaman torpaq analizlərinin nəticələrinə uyğun olaraq hektara 100-150 kq fiziki çəkidə ammonium şorası səpilərək dərhal vegetasiya suvarması aparılmalıdır.

Ammonium şorası olmadığı təqdirdə 10 kiloqram karbamid gübrəsini suda həll edib və 100 qram mis kuporosu 250-300 litr suya əlavə edərək, həm də pas və digər xəstəliklərin qarşısını almaq məqsədilə çiləmə aparmaq lazımdır.

Taxıl əkin sahələrində alaq otları (turpəng, tonqal otu, yabanı vələmir, gülül, qanqal və s.) müşahidə olunan zaman onlara qarşı mübarizə tədbiri olaraq herbsidlərdən istifadə etmək tövsiyə olunur. Mübarizə tədbiri aparan zaman bitkiləri herbisidin stress təsirindən qorumaq məqsədilə istifadə olunan herbisidin işçi məhluluna (250 litr) 15 kiloqram ammonium şorası və yaxud 8-10 kq karbamid gübrəsi öncədən suda həll edilərək əlavə olunmaqla çilənməsi məqsədəmüvafiqdir.

Əkin sahələrində vaxtında zərərverici və xəstəlikləri müəyyən etmək məqsədilə bitki mühafizə əməkdaşları fermerlər ilə birgə intensiv fitosanitar müşahidələri aparmalı,hansı ərazilərdə sirayətlənmə müşahidə olunarsa, dərhal həmin ərazilərdə kimyəvi mübarizə tədbirləri həyata keçirilməlidir.

Nəriman CAVADOV,

"Respublika".