TARSİM təşkilatının nümayəndə heyəti Azərbaycan banklarının təmsilçiləri ilə görüşüb
İQTİSADİYYAT

TARSİM təşkilatının nümayəndə heyəti Azərbaycan banklarının təmsilçiləri ilə görüşüb

Fevralın 15-də Azərbaycan Mərkəzi Bankında (AMB) Türkiyə Respublikasının kənd təsərrüfatı sığortaları sistemi - TARSİM-in nümayəndə heyəti ilə Azərbaycan banklarının təmsilçilərinin görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən görüşdə aqrar sahənin və regionların kreditləşdirilməsində fəal iştirak edən banklar təmsil edilib.

Xatırladaq ki, TARSİM İdarə Heyətinin sədri Kərim Üstünün rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Nümayəndə heyətinə TARSİM İdarə Heyətinin sədr müavini Mete Güler, TARSİM İdarə Heyətinin üzvü və baş meneceri Serpil Günal, İdarə Heyətinin üzvü Bekir Engürülü və TARSİM-in baş direktor müavini Tufan Özel də daxildir.

Səfərdə məqsəd Azərbaycanda TARSİM-in dəstəyi və təcrübəsindən istifadə etməklə yaradılan aqrar sığorta mexanizminin fəaliyyəti ilə tanışlıq, sistemin fəaliyyətə başlamasından ötən müddət ərzində əldə edilən nəticələrin təhlili, təcrübə mübadiləsi, eləcə də Azərbaycanın bu təcrübəsinin başqa ölkələrdə tətbiqi imkanlarını müzakirə etməkdir.

Aqrar sığorta mexanizminin mühüm xüsusiyyətlərindən biri - fermerlərin təsərrüfatı, məhsullarını və gəlirlərini qorumaqla həm də biznesin maliyyə əlçatanlığının təmin olunmasıdır. İnkişaf etmiş ölkələrdə aqrar sığorta kənd təsərrüfatı istehsalçılarının maliyyə vəsaitlərinə çıxışını asanlaşdıran çevik alətə çevrilib.

Mərkəzi Bankda keçirilən görüşdə sözügedən məqamlar ətraflı müzakirə edilib, fikir mübadiləsi aparılıb, sığorta sektoru və bank nümayəndələrinin təklifləri dinlənilib.

Xatırladaq ki, səfər zamanı TARSİM rəsmiləri Kənd Təsərrüfatı Nazirliyində, Aqrar Sığorta Fondunda görüşlər keçirib, Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət edib.

Türkiyə nümayəndə heyəti işğaldan azad edilmiş Zəngilan rayonuna səfər edərək, rayonun kənd təsərrüfatı imkanları və Ağalı kəndində həyata keçirilən "Ağıllı kənd" layihəsi ilə də tanış olacaqlar.

Eləcə də TARSİM rəhbərliyi Gəncə şəhərinə gedərək, Azərbaycan Dövlət Aqrar Universitetində təşkil edilmiş tədbirə qatılacaq, ikinci Qarabağ müharibəsi zamanı həlak olan Gəncə sakinlərinin xatirəsini yad edəcək.

AZƏRTAC