Tarlalardan bol məhsul gözlənilir
Region

Tarlalardan bol məhsul gözlənilir

Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Sabirabadın “ağ qızıl” ustaları ötən illərdə olduğu kimi, cari ildə də çiyid səpinini mütəşəkkil aparmış, aqrotexniki qaydalardan istifadə etməklə becərməni də uğurla davam etdirirlər. Fermerlər bu il daha çox məhsul əldə etmək üçün mütərəqqi texnologiyaya əsaslanan Çin üsulu ilə pambıq əkininə üstünlük vermişlər.

Hazırda tarlalarda qızğın iş gedir. Fermerlərin ixtiyarında lazımi qədər texnika, dərman preparatları, digər vasitələr var, becərməni aparmaq üçün onlara avans olaraq pul verilmişdir. Son  illər pambıqçılıqda uğur qazanmış  fermer Əfras Əskərov deyir:

-Uzun illər boyu az qala unudulub arxa plana keçirilən pambıqçılıq dövlət başçımız cənab İlham Əliyevin qayğı və diqqəti sayəsində nəhayət, yenidən bizim dədə-baba məşğuliyyətimizə çevrildi. İndi “ağ qızıl”, sözün əsl mənasında, kəndçinin çörək, ruzi-bərəkət mənbəyidir. Mən, ailəmlə birlikdə pambıqçılıqla məşğul oluram. Səpin zamanı hansı sort çiyid məhsuldardısa, ona üstünlük verirəm. Texnika, gübrə sarıdan heç bir çətinliyim yoxdur. Bu il 175 hektarda əkin aparmışam. Əla çıxış alınıb. İnşallah, yüksək məhsuldarlıq gözləyirəm. Yığım zamanı həm maşınla, həm də əllə məhsul toplamaq fikrindəyik.

 Sabirabad pambıqçıları bu il Türkiyə istehsalı olan progen sortlara üstünlük vermişlər.

“Ağ qızıl” istehsalına dövlət dəstəyi pambıqçılıqda yeni stimul yaratmışdır. Bu isə əksər rayonlarda olduğu kimi, Sabirabad rayonunda da əhalinin məşğulluğuna öz müsbət təsirini göstərir.

Tofiq HÜSEYN,

  “Respublika”.