Tarixinin ən qürurlu dövrünü yaşayan Azərbaycan
Siyasət

Tarixinin ən qürurlu dövrünü yaşayan Azərbaycan

Müstəqil Azərbaycan bölgədəki mövqelərini möhkəmləndirməklə hərtərəfli inkişafa doğru sürətlə irəliləyir. Bölgədəki mövqelərimiz, dünyada baş verənlərə təsir imkanlarımızın genişlənməsi, ölkəmizin regionda nüfuzlu dövlətə çevrilməsi Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsidir. Müstəqil siyasət yürüdən ölkəmiz dünya ölkələri ilə əməkdaşlığını genişləndirir, üzv olduğu beynəlxalq təşkilatlarda fəal iştirak edərək mövqelərini daha da gücləndirir. Prezident İlham Əliyevin ardıcıl, çoxillik və ən başlıcası isə hərtərəfli, düşünülmüş, ölçülüb-biçilmiş dövlət siyasəti sayəsində ölkəmiz dünyada regional liderliyini təmin edir.

Azərbaycan dövlətinin dayaqlarının möhkəmlənməsi, müstəqilliyinin və dövlətçilik tarixinin qorunub saxlanması, milli maraqlarının həyata keçirilməsi, güclü dövlət və müasir cəmiyyətin formalaşdırılması ölkə başçısının məqsədyönlü siyasətinin mühüm istiqamətidir. Məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan dünya birliyinə inteqrasiya olunur və etibarlı tərəfdaşa çevrilir, dost ölkə olaraq qəbul edilir. Ölkədə bütün sahələrdə inkişaf, canlanma, tərəqqi müşahidə olunur. İctimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində isə Prezident İlham Əliyevin inkişaf strategiyası dayanır. Ölkə başçısının siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi islahatlar artıq Azərbaycanın reallığına çevrilib. Bu gün Azərbaycan öz tarixinin ən qürurlu dövrünü yaşayır. Artıq iki ildir ki, 30 il işğal altında qalan ərazilərimiz düşməndən geri alınıb. Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında rəşadətli ordumuz azğınlaşmış düşməni geri oturdaraq ona öz layiqli yerini göstərdi. Bütün dünya Azərbaycan xalqının, onun liderinin nəyə qadir olduğunu gördü, gücünün, qüdrətinin şahidi oldu.

Cənubi Qafqazın lider dövləti olan Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə regional və beynəlxalq əməkdaşlığa, bölgədə təhlükəsizliyə mühüm töhfələr verir. Bütün sahələrdə sürətli inkişaf dövrünə qədəm qoyan ölkəmiz dünyada dinc, əmin-amanlıq və müasir həyat səviyyəsinin təmin olunduğu etibarlı tərəfdaş kimi tanınır. Dövlətçilik ənənələrini möhkəmləndirən, iqtisadi gücünü gündən-günə artıran, böyük potensiala malik olan ölkəmizin gələcəyə hesablanmış sürətli inkişafı regiona da öz müsbət təsirini göstərir.

30 il düşmən tapdağı altında qalan torpaqlarımızın 44 gün ərzində geri qaytarılması, heç bir ölkənin yardımı olmadan bu yerlərin yenidən qurulması, bərpa edilməsi, vaxtilə yurd-yuvasından köçkün düşmüş vətəndaşlarımızın böyük qayıdışına başlanılması hər bir azərbaycanlının qüruru, iftixarıdır. Bu qüruru xalqımıza yaşadan isə onun təmkinli, uzaqgörən, humanist dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev və onun rəhbərliyi altında düşmənə qan udduran rəşadətli ordusudur. Vətən müharibəsində dünyanın aparıcı 50 ordusu sırasında yer alan Azərbaycan Ordusu 30 il düşmən tapdağı altında olan torpaqlarımızda yüksək peşəkarlıq, döyüş qabiliyyəti, ən əsası isə qəlbində bitməz-tükənməz Vətən eşqi, Vətən həsrəti ilə döyüşdü. Vətən deyib döyüşə atılan, Vətən çağırışına hay verən igid əsgərlərimiz döyüş meydanında düşməni məhv edərək əzəli və əbədi torpaqlarımızı işğaldan azad etdi.

İstər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də postmüharibə dövründə iştirak etdiyi beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafeyini bütün sahələrdə uğurla müdafiə edən ölkə başçımız öz əməli işi ilə Azərbaycan xalqının mətin iradəyə, sarsılmaz ruha, intellektual potensiala malik olduğunu dünyaya sübut edir.

Elə bu günlərdə ölkə başçımızın düşünülmüş siyasəti, mətin iradəsi, qətiyyəti xalqımıza qürurla öyünəcəyi daha bir xoş gün yaşatdı. Avqustun 26-da Azərbaycan bayrağı Laçın şəhərində dalğalandı. Bu, yalnız 30 il yurd həsrəti ilə yaşayan laçınlıların deyil, bütün Azərbaycan xalqının son iki il ərzində yaşadığı növbəti sevincli, xoşbəxt, sözün əsl mənasında qürurlu günü oldu.

İkinci Qarabağ müharibəsinin Azərbaycanın qalibiyyəti ilə başa çatmasından artıq iki il keçir. Bu gün ölkəmizdə yeni quruculuq, inkişaf, azad edilmiş ərazilərimizin bərpası dövrü başlayıb. Azərbaycan dövləti güclü iradə, əzm nümayiş etdirərək düşməndən geri aldığı dağıdılmış şəhərləri, kəndləri bərpa edir, keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş rayonlarımıza qısa müddət ərzində qaytarılması üçün böyük addımlar atır.

Bu məqsədlə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, regionlarda "ağıllı şəhər''lər, "ağıllı kənd''lər salınır. Şəhər və kəndlərin bərpası ilə yanaşı, yeni avtomobil, dəmir yollarının, həmçinin yeni hava limanlarının tikintisi də aparılır. Bərpaolunan enerji baxımından böyük potensiala malik olan ərazilər "yaşıl enerji'' zonası elan edilir. Vətən müharibəsində qazandığımız qələbədən sonra işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, bu ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika infrastrukturunun yaradılması ölkəmizin inkişafında mühüm rol oynayır. Bununla yanaşı, sürətlə inkişaf edən Azərbaycanın əldə etdiyi uğurlar, qazandığı nailiyyətlər onun gündən-günə daha da qüdrətlənməsinə, möhkəmlənməsinə zəmin yaradır. Davamlı surətdə inkişaf edən Azərbaycan regionda əmin-amanlığı, sülhü təşviq edir. Mənfur düşmən öz xislətindən xoşluqla əl çəkmək istəməsə də, Azərbaycan qarşısına qoyduğu vəzifələri vaxtında, zamanında yerinə yetirir. Güclü, qüdrətli Azərbaycan Zəngəzur dəhlizini reallaşdırmaqla yaxın gələcəkdə regionda inteqrasiya prosesini sürətləndirmək, ölkələr arasında dostluq, əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirmək üçün düşünülmüş siyasət həyata keçirir. Regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması ilə ölkəmiz qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad olunmuş ərazilərin inkişafını sürətləndirməyi hədəfləyir.

30 il yürütdüyü işğalçılıq siyasətindən əl çəkmək istəməyən, hələ də xam xəyallarla yaşayan, İkinci Qarabağ müharibəsindən dərs almayan ermənilər isə regionun inkişafına hər vəchlə mane olmaqla qeyri-konstruktiv mövqelərindən əl çəkmirlər. Lakin bu, uzun çəkməyəcək. Laçından, Zabuxdan, Susdan dinməz-söyləməz çıxdıqları kimi, Azərbaycanın təklif etdiyi sülh müqaviləsini, Zəngəzur dəhlizinin açılmasını da qəbul edəcəklər, onların başqa yolu yoxdur. Çünki söz sahibi qalib Azərbaycandır...

Mehparə ƏLİYEVA,

"Respublika".