Tarixin ən şərəfli günlərini yaşayırıq
Siyasət

Tarixin ən şərəfli günlərini yaşayırıq

Şanlı qələbə, inkişaf, tərəqqi, sosial rifah, köklü islahatlar, gələcək hədəflərə inamlı addımlar. İndi ölkəmizin nəbzi belə bir ritmdə döyünür desək, heç də yanılmarıq. Ötən ilin payızında bütün dünya böyük bir həqiqəti gördü. 44 gün davam edən Vətən müharibəsindəki şanlı qələbəmiz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı sayəsində qazanılıb. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunan bu qələbə şanlı ordumuzun və dövlət başçımızın sərkərdəlik şücaəti, fədakarlığı, ölçülüb-biçilmiş siyasəti sayəsində mümkün olub.

Müharibənin ilk günləri bir daha göstərdi ki, biz təkcə Ermənistanla döyüşmədik. Şanlı və qəhrəman ordumuzun ildırımsürətli əks-hücumları düşməni və onun havadarlarını ciddi təşvişə saldı. Xalqımız şahid oldu ki, Azərbaycan Prezidenti İlham Əliyev, sözün əsl mənasında, bir neçə cəbhədə düşmənə qarşı döyüşdü. Ali Baş Komandanın ordusu cəbhədə, özü isə siyasət meydanında, dünyanın informasiya məkanında ermənilərə, onların təəssübkeşlərinə və dünya ermənilərinə qarşı qətiyyətlə, cəsarətlə, böyük fədakarlıqla mübarizə apardı. Yaxşı bilirik ki, ATƏT 30 ilə yaxın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək əzmini göstərə bilmədi, ikili standartlar, hətta tərəfkeşlik sərgilədi. Azərbaycana təzyiq göstərmək cəhdlərinin qarşısını qətiyyətlə alan Prezidentimiz 44 günə işğala son qoydu.

Ötən 30 ilə yaxın dövr ərzində məcburi köçkünlər doğma yurdlarına gəlmək həsrəti ilə yaşayıblar. 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə bu həsrətə son qoyulub. Artıq işğaldan azad edilən ərazilərdə, o cümlədən Ağdamda yeni inkişaf, quruculuq dövrü başlayıb. Ağdamlıların doğma şəhərlərinə səfərlərinin təşkil edilməsi böyük qayıdışın bir hissəsidir. Tezliklə Ağdam yenidən qurularaq regionun ən gözəl, müasir bir şəhərinə çevriləcək və biz öz şəhərimizdə əbədi yaşayacağıq.

Keçən il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilən Ağdam şəhərinə səfərini həyəcanla, qürur hissi ilə izlədik. Dövlət başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdıqdan sonra birinci xanım Mehriban Əliyeva ilə birgə Ağdam məscidini ziyarət etdilər. Prezident İlham Əliyev Məkkədən gətirdiyi "Qurani-Kərim"i Ağdam məscidinə bağışlayaraq dedi: "Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq. Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb...”.

Tarixi missiyanı uğurla davam etdirən Prezidentimiz demək olar ki, həyatın bütün sahələrinə, hər bir vətəndaşın sosial müdafiəsinin gücləndirilməsinə, milli təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərib. Ulu öndər Heydər Əliyev məktəbinin yetirməsi İlham Əliyev doğma xalqının qəlbində özünə möhtəşəm bir qürur abidəsi ucaldıb. Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələləri xüsusi yer tutub. Ulu öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlarında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək dəyərləndirmişdir. Dahi rəhbər deyirdi: "Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır". Ulu öndərimiz həm təhsilin məzmunu, mahiyyəti, məqsədləri, səmərəli təşkili, müəllim əməyinin şərəfi, şagirdlərin və tələbələrin vəzifələri barədə dəyərli fikirlər söyləmiş, illər boyu bu sahədə böyük inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirmişdir.

Ulu öndərin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev digər sahələrlə yanaşı, milli təhsilimizin inkişafı, beynəlxalq aləmə inteqrasiyasını daha da sürətləndirmək istiqamətində həyata keçirdiyi tədbirlər öz bəhrəsini verir. Azərbaycanın təhsil sisteminin normativ-hüquqi bazasının yaradılması, təhsilin məzmununun yeniləşdirilməsi və təkmilləşdirilməsi, təhsilin idarə olunmasının demokratikləşdirilməsi, təhsil sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində çox böyük işlər görülüb.

Məhz bunun nəticəsidir ki, bu gün biz təhsilin keyfiyyətinin inkişaf etmiş ölkələrin səviyyəsinə yüksəldilməsi ilə bağlı qürur hissi keçiririk. Bütün bunlar Prezident İlham Əliyevin təhsilə, təhsil işçilərinə göstərdiyi yüksək diqqət və qayğısı, səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait və imkanlar sayəsində mümkün olub. "Təhsil haqqında" Qanunun qəbul edilməsi, təhsil sistemində əsaslı islahatların daha sürətlə davam etdirilməsi, ən mütərəqqi texnologiyaların tətbiqi, müəllimlərin əməkhaqlarının mütəmadi olaraq artırılması, onların pedaqoji biliyinin, təcrübəsinin artırılması və bu sahənin dünya səviyyəsinə yüksəldilməsinə imkan verib.

Məcburi köçkün kimi yaxşı bilirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətində Ermənistan tərəfindən öz dədə-baba yurdlarından didərgin düşən məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması mühüm yer tutub. Belə ki, qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı ölkə Prezidenti tərəfindən 108-dən çox fərman və sərəncam imzalanıb. Eyni zamanda, Nazirlər Kabineti 379 qərar və sərəncam, Milli Məclis isə 34 qanun qəbul edib. Dövlət proqramları və Əlavələr qaçqın və məcburi köçkünlərin sosial müdafiəsində, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasında mühüm rol oynayıb.

Son illər dövlət büdcəsindən ayrılmış vəsait hesabına məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği dəfələrlə artırılıb, 16 mindən çox ailəyə sosial yardım verilib. Məcburi köçkünlərə kommunal xidmətlərə görə sərf olunmuş vəsaitin məbləği 4,5 dəfə artırılıb. Uzun illər 65 mindən çox məcburi köçkün ailəsinin hər biri qış mövsümündə ayda 40 litr ağ neftlə təmin olunub. Bundan başqa, büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin edilməyən 11 min nəfərədək məcburi köçkünə orta aylıq əməkhaqqı ödənilib. Son 15 ildə dövlət ali məktəblərində ödənişli əsaslarla təhsil alan minlərlə köçkün tələbənin təhsil xərcləri dövlət büdcəsi vəsaiti hesabına ödənilib. Məcburi köçkünlər üçün Ağdam rayonunda 18 qəsəbə salınıb, yeni məktəblər inşa olunub.

Ata vəsiyyətini şərəflə yerinə yetirən, tarixi qələbəyə imza atan, ömrünün ən gözəl çağını yaşayan, Azərbaycanı dünyaya tanıdan, xalqının məhəbbətini qazanan, sülhün və sabitliyin keşiyində dayanan və Azərbaycanı daha işıqlı sabahlara aparan möhtərəm İlham Əliyevin həyatı və titanik fəaliyyəti çoxəsrlik tariximizin ən şərəfli səhifəsidir.

Rafail MUSAYEV,

Ağdam Musiqi Kollecinin direktoru,

sənətşünaslıq namizədi, dosent.