Tarixin çarxı geri dönmür
Siyasət

Tarixin çarxı geri dönmür

Ölkəmizin Ermənistan silahlı qüvvələri üzərində qazandığı tarixi qələbədən bir ilə yaxın vaxt keçib. Azərbaycan ordusunun peşəkarlığının, döyüş taktikasının, ən müasir hərbi silahların tətbiq edilməsinin və ən əsası isə vətənpərvərliyinin şahidi olduq. Uzun illərdən sonra tarixi ədalət, ərazi bütövlüyü bərpa olundu,  işğal altında qalan torpaqlar azad edildi.  Xalqımız bu zəfəri böyük qürur hissi ilə yaşayır.

Ağır məğlubiyyətə uğrayan və ordusu tar-mar edilən Ermənistanda sağlam düşüncə ilə bağlı həmişə böhran yaşanıb, indi isə daha da kəskinləşib. Erməni cəmiyyətini Azərbaycana qarşı böhtan və şayiələr yaymaqla düz yoldan azdırmağa cəhdlər edilir. Bu da bir daha onu göstərir ki, erməni həyasızlığının, erməni yalanlarının həddi-hüdudu yoxdur. Yalan və puç xəyallar erməniliyin əsas mahiyyətini təşkil edir.

Erməni yalanlarına inananların sayı günbəgün azalır, bir-birini didən siyasətçilərdən fərqli olaraq sadə ermənilər düşdükləri bataqlıqdan xilas olmaq üçün sülhdən başqa alternativin olmadığını etiraf edirlər. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli ordusunun qazandığı qələbəyə kölgə salmağa çalışan erməni hərbçilərinə və ideoloqlarına beyin mərkəzlərindən biri çox tutarlı cavab verib.

Bu yaxınlarda, Rusiyanın strategiyaların və texnologiyaların analizi mərkəzi İkinci Qarabağ müharibəsindən bəhs edən “Qafqazda fırtına” adlı kitab dərc edib. Kitabda müharibə geniş beynəlxalq və regional kontekstdə təhlil olunur, hərbi əməliyyatların gedişinə dair bir çox maraqlı və indiyədək ictimailəşməmiş detallar öz əksini tapır.

Kitabda qeyd olunur ki, Azərbaycanın əldə etdiyi uğurlu nəticəni yalnız PUA-lar gətirməyib. Bakı öz hədəfinə daha çox aparılan hərbi kampaniya çərçivəsində müasir texnologiyanın düzgün taktiki istifadəsi hesabına çatıb. Mərkəz ekspertləri həmçinin 44 günlük qısamüddətli müharibəni PUA-ların yerüstü sistemlər, o sırada zirehli texnika üzərində əsas üstünlüyünün qəti sübutu üçün yetərli saymayaraq yazırlar ki, erməni tərəfi özünün qeyri-mütəşəkkil və köhnəlmiş hava hücumundan müdafiə sistemi, yetərli kamfulyaj olmaması və mövqelərini düzgün təchiz etməməsi ilə Azərbaycana PUA-lardan uğurla istifadəyə imkan yaratdı. Məqalə müəlliflərinə görə, 44 gündə Azərbaycan uğurlu strateji hücum əməliyyatı aparmağı bacarıb. Əməliyyata tanklar, digər zirehli maşınlar, müxtəlif artilleriya qurğuları, raket sistemləri və piyada birləşmələrinin istifadəsi də daxil, quru qüvvələri geniş şəkildə cəlb edilib. Həmçinin pilotlu təyyarələrdən  fəal şəkildə istifadə olunub. Rusiyadakı mərkəzin obyektiv analitik yazısı bir daha erməni yalanlarını ifşa edir: 2-ci Qarabağ müharibəsini Azərbaycan əsgəri udub!

İşğalçılardan azad edilən Vətən torpağı üçün oğullarımız hünər göstəriblər, düşmənin keçilməz hesab etdikləri müdafiə xətlərini darmadağın edərək irəliləyiblər, uzun illər ərzində işğalda qalan torpaqlarda indi üçrəngli Azərbaycan bayrağı dalğalanır.

Azərbaycan əsgərinin igidliyini bəzi ermənilər də etiraf ediblər. Fransadan könüllü olaraq Qarabağa gəlmiş erməni döyüşçü “İrəvan Today” kanalına verdiyi müsahibədə deyib:  “Onlar (Azərbaycan Xüsusi Təyinatlıları) ən çox gecələr, dumanlı və çiskinli havalarda gəlirdilər. Onların gəlişi sanki ölüm mələyinin gəlişi kimiydi. 3-4 nəfərlə gəlib, səngərdəki silahlanmış 20-30 erməni əsgərini öldürərək, gəldikləri kimi də yoxa çıxırdılar”.

Üstümüzə gələndə pulemyotla vururduq, yıxılırdılar, bir az yerdə eşələnib sonra yenə qalxıb üstümüzə şığıyırdılar. Hətta özüm dəfələrlə şahidi olmuşam ki, bu gün öldürdüyümüz əsgər sabah dirilərək yenə üstümüzə gəlirdi. Deyirlər ki, 1500 erməni əsgəri 5-6 Azərbaycan əsgərinin qarşısından qaçdı. Bəli, qaçırdıq. Çünki qaçmasaydıq, ölümümüz mütləq idi. Şuşa döyüşləri daha dəhşətli idi. Biz onları yoldan gözləyirdik, amma bir də ayıldıq ki, onlar artıq canavar sürüyə girən kimi içimizə giriblər, həm də yalın əllə. Çox dəhşətli bir döyüş idi”.

Ötən il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev işğaldan azad edilmiş Ağdam şəhərində olarkən müharibənin gedişi haqqında danışaraq deyib: “Ancaq düşmən hesab edirdi ki, ona kimsə kömək edəcək. Hesab edirdi ki, onun bütün havadarları gəlib onun yerinə bizimlə vuruşacaq. Səhv etdi, böyük səhv etdi. Füzuli, Cəbrayıl, Hadrut,  Zəngilan, Qubadlı, Şuşa, Suqovuşan,  Xocavənd rayonunun böyük hissəsi döyüş meydanında işğaldan azad olunandan sonra düşmən diz çökdü və bu gün diz üstədir.  Biz düşmənin belini qırdıq, biz şanlı  Qələbə qazandıq. Biz bütün dünyaya sübut etdik ki, onların əfsanələri, onların mifləri hamısı boş şeydir”.

Azərbaycan əsgəri və zabiti düşməndən qisas alıblar, şəhidlərin qanı yerdə qalmayıb.  Bu qisas heç də səbəbsiz deyil, çünki Ermənistan öz havadarlarına arxalanaraq 30 ilə yaxın Azərbaycan torpaqlarını işğalda saxlayıb, Xocalı, Qaradağlı facilərini törədib, minlərlə dinc azərbaycanlını, qadınları, uşaqları, qocaları, xəstələri, yaralıları qətlə yetiriblər. Yenidən müharibə ritorikası ilə danışan erməni hərdəmxəyalları bu reallığı nəzərə alsalar, yaxşı olar. “Statusu” diriltməyə cəhd edən ermənilərə bir daha bildiririk ki, münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hansı statusdan söhbət gedə bilməz.

Azərbaycan  xalqı da öz Prezidenti ilə həmrəydir, artıq  “Dağlıq Qarabağ” adlı ərazi yoxdur,  bütöv Qarabağ mövcuddur, azad edilən torpaqlarda aparılan genişmiqyaslı tikinti-quruculuq işləri və infrastrukturun yaradılması məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıdışını sürətləndirəcək. Ağdərə, Vəng, Xankəndi,  Xocalı, Əsgəran,  Xocavənd  qədim Azərbaycan  torpaqlarıdır və bu yerlərdə əsrlər boyu azərbaycanlılar yaşayıb. Yaxın zamanda,  həmin yurd yerlərinə də qayıdacağıq, buna heç kəsin şəkk-şübhəsi olmasın.

Ermənilərə məlum tarixi bir faktı xatırlatmaq yerinə düşər. 1828-ci ildə İrandan ilk 200 erməni ailəsi Azərbaycanın Ağdərə bölgəsinə, Marağa (Şıxarx) kəndinə köçürülüb.  Ermənilər 1978-ci ildə Marağa (indiki Şıxarx) kəndində Azərbaycana köçürülmələrinin 150 illiyi münasibətilə burada abidə ucaldıblar. Üzərində erməni dilində  “Marağa-150”  sözləri yazılmış abidə 1988-ci ildə ermənilərin Azərbaycana qarşı  ərazi  iddiaları başlayanda dağıdılıb. Həmin abidənin qalıqları hazırda Şıxarx qəsəbəsi ərazisində qorunub saxlanılır.

Digər tərəfdən, tarixi mənbələr də sübut edir ki, 1921-ci il iyulun 5-də Rusiya Kommunist Bolşeviklər Partiyası Mərkəzi Komitəsinin Qafqaz Bürosunun keçirdiyi iclasın protokolunda Qarabağın mövcud statusu  dəyişdirilib. Beləliklə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ süni şəkildə aran və dağlıq hissələrinə parçalanmış və Azərbaycanın o vaxtkı rəhbərliyi Qarabağın dağlıq hissəsində sonradan məskunlaşmış ermənilərə muxtariyyət statusu verməyə məcbur edilmişdi. Özü də bu addım həmin hissədə - Dağlıq Qarabağda yaşayan azərbaycanlıların rəyi nəzərə alınmadan, onların hüquqları kobudcasına tapdalanaraq və müvafiq rəy sorğusu keçirilmədən atılmışdı. Azərbaycanın Zəngəzur bölgəsinin Ermənistan tərəfindən ələ keçirilməsi, Naxçıvanın digər Azərbaycan torpaqlarından ayrı salınması da erməni fitnəkarlığının nəticəsidir.

Azərbaycan  Prezidenti, Qalib Ali Baş Komandan İlham Əliyevin tarixi sərəncamı ilə yüz ildən sonra tarixi ədalət bərpa edildi, Qarabağ və Zəngəzur iqtisadi rayonları yaradıldı. Ermənilərin köhnə xəstəliyidir — naxələflik, paxıllıq, özgə torpaqlarına göz dikmək, köhnə daşları yer altında gizlədib sonradan onu erməni abidəsi kimi dünyaya sırımaq, Azərbaycana məxsus yer adlarını dəyişərək erməniləşdirmək, böhtan atmaq, xəstə təxəyyüllə yaşamaq, puç xəyallar qurmaq. Mənim doğulub boya-başa çatdığım Əliağalı (Ağdam rayonu) kəndi Ağdərədəki Qazançı kəndi ilə  yaxın məsafədə yerləşir. Erməni ustalar kəndimizdə bənnalıq, dülgərlik edərək çörək qazanırdılar, işi qurtarandan sonra həm haqqını alan, həm də əlavə pay-pürüşlə  kəndlərinə gedən ermənilərin xəyanətinin üstü sonradan açılardı. Məlum olurdu ki, erməni ustalar tikdikləri evlərin müxtəlif yerlərinə xaç işarələri qoyublar. Bundan başqa, dağların döşündə yerləşən Qazançı kəndində əkinəyararlı torpaq olmadığı üçün kəndimizin üst tərəfində, sututar yerdə onlara yüz hektardan artıq torpaq sahəsi verilmişdi. Uzun illər həmin torpaqları əkib-becərirdilər. 1993-cü ildən başlayaraq həmin ermənilərin özləri və övladları Əliağalı kəndini xarabalığa çeviriblər, mənim doğulduğum evi  bünövrəsinə  qədər söküblər, bağımızdakı meyvə ağaclarını doğrayıblar.

Ermənilər Qarabağda sağalmaz bir yaraya çevriliblər. Xankəndi terrorçuların yuvasına çevrilib, orada yaşayan ermənilər xunta rejiminin, necə deyərlər, çaldığı havaya oynayırlar. Ermənilər anlamalıdırlar ki, Xankəndidə dinc yaşamaq, övlad böyütmək istəyirlərsə, onda  Azərbaycanın qanunlarına tabe olmalıdırlar. Ermənilərə xatırladırıq ki, xam xəyallarla yaşamaq yetər, erməni nazı ilə oynamağa nə həvəsimiz var, nə də səbrimiz.  Xaos və anarxiya içərisində çabalayan ermənilər anlamalıdırlar ki, tarixin çarxı geri dönmür.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev mətbuata bildirib ki, Ermənistanın bu gün öz qonşuları ilə sülh içində yaşamasına ehtiyacı var. Biz Ermənistanın silah əldə etməsini və digər bu kimi fəaliyyətlərini özü-özünə bir təsəlli vermək kimi qiymətləndiririk. Əgər Ermənistanda kimlərsə revanş barədə düşünəcəksə, bu, onların növbəti tarixi səhvi olacaq. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmişdir və bundan sonra da öz sərhədlərini, vətəndaşlarının təhlükəsizliyini təmin etməkdə davam edəcək.

Salman ALIOĞLU,

“Respublika”.