Tariximizin Heydər Əliyev zirvəsi
Siyasət

Tariximizin Heydər Əliyev zirvəsi

Dövlətçilik tariximizin lideri Heydər Əliyev xalqını, Vətənini ürəkdən, böyük məhəbbətlə sevirdi. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən ulu öndər bütün mənalı ömrünü Azərbaycanın müstəqilliyinin qorunmasına, ölkəmizin inkişafına və tərəqqisinə həsr edib. Xalqımızın görkəmli oğlu Heydər Əliyevin xalqın təkidli xahişi ilə hakimiyyətə qayıtdığı 1993-cü il iyunun 15-i Azərbaycan tarixinin ən parlaq səhifəsi kimi yaddaşlara əbədi həkk olunub. Azərbaycan torpaqlarının işğala məruz qaldığı, ölkənin parçalanmaq təhlükəsi ilə üzləşdiyi, vətəndaş qarşıdurmasının yarandığı bir vaxtda ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq qarşıdurmaya, siyasi hərc-mərcliyə son qoydu, onun gərgin zəhməti və dühası hesabına respublikada siyasi sabitliyə nail olundu. Həmin tarixdən sonra ölkənin ictimai-siyasi, sosial-iqtisadi, hərbi və mədəni həyatında əsaslı dönüş başlandı, əmin-amanlıq bərqərar oldu.

Dahi insanın ən dəyərli kəlamlarından biri belədir ki, müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq ikiqat çətin və məsuliyyətlidir. 1990-cı ildə qanlı Yanvar hadisələrindən sonra xalqın öz qüdrətli rəhbəri ilə birləşəcəyindən qorxan imperiya Heydər Əliyevə qarşı repressiya planları hazırladı və həyata keçirməyə çalışdı. Respublika rəhbərləri də hər vəchlə onun Azərbaycana qayıtmasına mane olurdular. Tarixin bu məsuliyyətli və çətin, lakin həlledici dövründə doğma xalqı ilə olmağı, ona kömək etməyi vacib bilən Heydər Əliyev 1990-cı il iyulun 20-də Bakıya gəldi.

Xalq bu gəlişi böyük ümid və ruh yüksəkliyi ilə gözləyirdi. Lakin ozamankı iqtidar, ondan hakimiyyət bölgüsü gözləyən müxalif qüvvələr Heydər Əliyevin Bakıda qalmasına hər cür maneə törətdilər və o, doğma diyarı olan Naxçıvana getməli oldu. Heydər Əliyev iyulun 22-də Naxçıvanın "Azadlıq" meydanında 80 mindən çox adamın iştirakı ilə keçirilən izdihamlı mitinqdə çıxış etdi. Xalqın nümayəndələri ilə görüş keçirən Heydər Əliyev xalqı azadlıq, müstəqillik uğrunda sonacan mübariz olmağa çağırdı. Ulu öndər Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçildi. O, müdrik, uzaqgörən siyasəti ilə xalqın azadlıq mübarizəsini doğru yola istiqamətləndirdi. 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin onun sədrliyi ilə keçirilən sessiyası Muxtar Respublikanın adından "Sovet Sosialist" sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağının dövlət bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırılması haqqında tarixi qərar qəbul etdi. Bundan bir qədər sonra Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul etdi.

Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, müstəqil respublikamızın dünya birliyinə inteqrasiyasının, yeni inkişaf strategiyasının banisi olmaqla bərabər, eyni zamanda Azərbaycanda multikulturalizmin dövlət siyasətinə çevrilməsinin əsasını qoymuşdur. Heydər Əliyev 1993-cü ilin 15 iyununda ölkə rəhbərliyinə qayıtdığı gün Milli Məclisdə etdiyi ilk çıxışında bu məqamı xüsusi vurğulamış, respublikadakı çoxmillətliliyi Azərbaycanın sərvəti adlandırıb:

"Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycanın ən başlıca sərvətlərindən biri qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif dinlərə etiqad edən adamlardır. Biz bunu qiymətləndiririk və saxlayacağıq. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib".

Görkəmli siyasi xadim Heydər Əliyev ötən əsrin 70-80-ci illərində Azərbaycana rəhbərlik etdiyi zaman tez-tez respublikanın bölgələrinə səfərlər edir, əmək adamları ilə görüşür, bölgələrin inkişafına xüsusi diqqət yetirirdi. Hansı rayona səfər edirdisə, mütləq sadə insanlarla, əmək adamları ilə, gənclərlə görüşür, onlarla səmimi söhbət edirdi. Həmin illərdə dahi şəxsiyyət Ağdam rayonuna daha çox diqqət və qayğı göstərib. Bu, heç də səbəbsiz deyildi. Ağdam ermənilərin sıx məskunlaşdığı keçmiş Dağlıq Qarabağla qonşu rayon idi. Ötən əsrin 70-80-ci illərində Ağdam rayonunun inkişafı çox sürətlə baş verib. Çünki ulu öndər tez-tez bu rayona səfər edir, Ağdamın həm də sənaye şəhərinə çevrilməsi üçün çox diqqət ayırırdı. Həmin dövrdə Ağdamda onlarla zavod, fabrik, xalça emalatxanaları fəaliyyət göstərib. Görkəmli dövlət xadimi Heydər Əliyev sadə zəhmət adamları ilə ünsiyyətdə olmağı daha üstün sayıb. Adi, sadə kəndli ailəsindən olan pambıqçı və üzümçü qızlar onun qayğısı sayəsində ən yüksək fəxri adlara layiq görülüb, cəmiyyətdə hörmət qazanıblar, ailə səadətinə qovuşublar. Bir sözlə, əliqabarlı adamlarla görüşmək Heydər Əliyev xarakterinin ən yaddaqalan cizgiləri, eyni zamanda bir möhtəşəmliyidir.

Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələləri xüsusi yer tutub. Ulu öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək dəyərləndirmişdir. Dahi rəhbər deyirdi: "Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o, mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır". Ulu öndərimiz həm təhsilin məzmunu, mahiyyəti, məqsədləri, səmərəli təşkili, müəllim əməyinin şərəfi, şagirdlərin və tələbələrin vəzifələri barədə dəyərli fikirlər söyləmiş, həm də Azərbaycan təhsilinin hərtərəfli yüksəlişi qayğısına qalmış, illər boyu bu sahədə böyük inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirmişdir. Heydər Əliyev müstəqil Azərbaycan milli təhsilinin quruculuğu sahəsindəki islahatların həqiqi memarı idi. Nə qədər Azərbaycan var, ulu öndər Heydər Əliyev böyüklüyü yaşayacaq, nəsildən-nəslə ötürüləcək.

2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Ağdam şəhərinə səfərini həyəcanla, qürur hissi ilə izlədik. Dövlət başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdıqdan sonra birinci xanım Mehriban Əliyeva ilə birgə Ağdam məscidini ziyarət etdi. Prezident İlham Əliyev Məkkədən gətirdiyi "Qurani-Kərim"i Ağdam məscidinə bağışlayaraq dedi:

"Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq. Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb...".

Ata vəsiyyətini şərəflə yerinə yetirən, tarixi qələbəyə imza atan, Azərbaycanı dünyaya tanıdan, xalqının məhəbbətini qazanan, sülhün və sabitliyin keşiyində dayanan və Azərbaycanı daha işıqlı sabahlara aparan möhtərəm İlham Əliyevin həyatı və titanik fəaliyyəti çoxəsrlik tariximizin ən şərəfli səhifəsidir. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev digər sahələrlə yanaşı, milli təhsilimizin inkişafı, beynəlxalq aləmə inteqrasiyasını daha da sürətləndirmək istiqamətində həyata keçirdiyi tədbirlər artıq öz bəhrəsini verir. Azərbaycanın təhsil sisteminin normativ-hüquqi bazasının yaradılması, təhsilin məzmununun yeniləşdirilməsi və təkmilləşdirilməsi, təhsilin idarə olunmasının demokratikləşdirilməsi, təhsil sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində çox böyük işlər görülür.

Natiq CAVADOV,

Ağdam Dövlət Sosial İqtisadi

Kollecin direktoru, iqtisad üzrə

elmlər doktoru, professor.