Tarixi zəfər və ədalətin bərpası
Siyasət

Tarixi zəfər və ədalətin bərpası

30 ilə yaxın davam edən nəticəsiz danışıqlar prosesindən sonra münaqişə, nəhayət, hərbi yolla həll olundu

30 ilə yaxın işğal altında qalan ərazilərimizin azad olunması üçün səbrlə bütün diplomatik vasitələrdən, beynəlxalq təşkilatların tribunalarından istifadə edərək, ölkəmizin xeyrinə ədalətli qərarların qəbul olunmasına nail olsaq da, Ermənistanın sözün həqiqi mənasında həyasızlığına görə münaqişə həll olunmamış qalmışdı.

Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir.

İndi olduqca mürəkkəb proseslərlə, gərgin və narahat hadisələrlə müşayiət olunan ötən illərin tarixi xronologiyasını yada salmaqla Azərbaycan dövlətinin nə qədər böyük iş apardığını, qətiyyət və siyasi iradə ortaya qoyduğunu aydın görmək mümkündür. Bu ağır və təəssüf doğuran bəzi önəmli məqamları xatırlamaq kifayətdir. Belə ki, hələ 1996-cı il dekabrın 2-3-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Lissabon sammitində Ermənistanın mane olmaq cəhdlərinə baxmayaraq, münaqişənin həlli prinsipləri müzakirəyə çıxarılıb və bu prinsiplər ATƏT-in fəaliyyətdə olan sədrlərinin yekun sənədə əlavə edilən bəyanatında öz əksini tapıb. 

Lissabon sammitində sözügedən prinsiplərin təsbit edilməsi, 1997-ci ilin əvvəllərində Minsk qrupunda yeni həmsədrlik institutunun yaradılması, Rusiya, ABŞ və Fransanın təyin edilməsi danışıqlar prosesinə impuls verib. Həmsədrlər münaqişənin həlli ilə bağlı yazılı təkliflərlə çıxış ediblər. 

1997-ci ilin payızında həmsədrlərin bölgəyə səfəri zamanı tərəflərə “mərhələli həll” planı təqdim olunub. Bu plana əsasən ilk olaraq Ermənistan qoşunlarının işğal edilmiş rayonlardan geri çəkilməsi, məcburi köçkünlərin öz torpaqlarına qayıtması, kommunikasiya vasitələrinin bərpası, ATƏT-in sülhyaratma missiyasının bölgəyə yerləşdirilməsi həll edilməli, sonra isə Dağlıq Qarabağ məsələsinə baxılmalı idi. Lakin Ermənistan yenidən danışıqlar prosesində konstruktivlikdən uzaq mövqe sərgiləyib.

Qoşulmama  Hərəkatına üzv olan ölkələrin dövlət və hökumət başçılarının 2012-ci ildə Tehranda keçirilmiş 16-cı Zirvə görüşündə qəbul olunmuş Yekun Sənəddə münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində həllinin vacibliyi vurğulanıb.

17 may 2019-cu il tarixdə Finlandiyanın paytaxtı Helsinki şəhərində Avropa Şurası Nazirlər Komitəsinin 129-cu sessiyası keçirilib. Qeyd edək ki, Avropa Şurası Nazirlər Komitəsi üzv dövlətlərdəki münaqişələri diqqətdən kənar da qoymayıb. Belə ki, sessiyanın nəticəsi olaraq qəbul edilmiş siyasi bəyanatda Avropa qitəsinin bəzi hissələrinin məruz qaldığı qarşıdurma və davam edən münaqişələrə görə narahatlıq ifadə olunub, beynəlxalq norma və prinsiplərə uyğun olaraq, barış və siyasi həll üçün birgə səylərin göstərilməli olduğu açıqlanıb. Daha önəmlisi isə, üzv dövlətlərin hüquq və öhdəlikləri barədə müvafiq qərarda, Avropa Şurası Nazirlər Komitəsi beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlər çərçivəsində bütün üzv dövlətlərin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini təsdiq edib.

2020-ci il iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlığını göstərirdi.

Ermənistanın təxribatına və növbəti təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər oldu.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu 44 gün sürən hərbi əməliyyatlar nəticəsində əsgər və zabitlərimiz addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemləri yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur oldu.

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixi ənənələrini uğurla davam etdirən Azərbaycan xalqı şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

Kamil İSMAYILOV,

“Respublika”.