TARİXİ TOPRAQLARINA QAYITMAQ QƏRBİ AZƏRBAYCANLILARIN HAQQIDIR
Tarix

TARİXİ TOPRAQLARINA QAYITMAQ QƏRBİ AZƏRBAYCANLILARIN HAQQIDIR

Dünya birliyi bunun labüdlüyünü qəbul etməlidir

Ermənistan sülh müqaviləsinin imzalanmasını nə qədər gecikdirir, hərbi-siyasi təxribatlarını davam etdirirsə, Azərbaycan beynəlxalq hüququ rəhbər tutaraq ədalətli hücum diplomatiyasını bir o qədər də gücləndirir. Bu baxımdan Qərbi Azərbaycan məsələsi bu gün fövqəladə əhəmiyyət kəsb edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin xarici siyasətinin son illərdə əldə etdiyi böyük tarixi uğurlarını, həmin siyasətin sözügedən geostrateji aspektini nəzərə alaraq, bu gün dədə-baba Azərbaycan torpaqlarının hər bir nümayəndəsi gələcəyə daha böyük inamla baxır. Qərbi azərbaycanlılar hərəkatının hər bir nümayəndəsi uzun illərdir ki, ədalətin təntənəsi, tarixi vətənlərinə qayıdış naminə yorulmadan çalışır. Onların öz ruhu, Vətən sevgisi, sədaqəti sayəsində keçdiyi çətin yolu hər kəs yaxşı bilir.

Vətən müharibəsində qazandığımız böyük Zəfərdən sonra yaranan yeni reallıqda Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın öz yurdlarına qayıtması ən mühüm vəzifələrdən biridir.  Dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcması üzvlərinin bir qrupu ilə keçirdiyi görüşdə bildirib ki,  Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər, tarixi xəritələr, bizim tariximiz təsdiqləyir. Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var.

Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. Bu il avqustun 3-də İctimai Birliyin adı dəyişdirilib  və artıq rəsmən "Qərbi Azərbaycan İcması" adlanır. Təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. 1988-1991-ci illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını bu gün də davam etdirir. Dövlət başçısı İlham Əliyev Qərbi Azərbaycan İcması ilə görüş zamanı  bildirib ki, vaxtilə bu binada yerləşən Şuşa İcra Hakimiyyəti  bu gün əziz Şuşaya necə qayıtdısa, bir gün gələcək  burada fəaliyyətə başlayan Qərbi Azərbaycan İcması nümayəndələri də öz evlərinə qayıdacaqlar.

XX əsrin əvvəllərində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib, əsrlər boyu öz tarixi torpaqlarında yaşamaq üçün böyük çətinliklərdən keçməsinə baxmayaraq, zaman-zaman doğma torpaqlarından məhrum edilib. 1918-1920-ci illərdə yüz minlərlə azərbaycanlı qətlə yetirilib, öz yurdlarını tərk etmək məcburiyyətində qalaraq qaçqına çevrilib, yüzlərlə Azərbaycan kəndi yer üzündən silinib.

XX əsrdə ermənilər havadarlarının köməyilə indiki Ermənistan adlı ərazidə azərbaycanlılara qarşı 1905-1906-cı illərdə və 1918-1920-ci illərdə etnik təmizləmə, 1930-cu illərdə kütləvi repressiyalar, 1948-1953-cü illərdə deportasiya həyata keçirmişlər. 1987-ci ildə  ulu öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm də onların sovet hökumətindəki havadarları 1988-1989-cu illərdə etnik təmizləməni başa çatdırmağa müvəffəq oldular. Beləliklə, bütün azərbaycanlılar Qərbi Azərbaycandan zor gücü ilə çıxarıldılar. Belə ki, bu deportasiya zamanı 300-ə yaxın yaşayış məntəqəsindən 50 mindən artıq ailədən 300 minə yaxın soydaşımız zorla qovulub, 200-dən artıq soydaşımız vəhşicəsinə qətlə yetirilib, 400 nəfərdən artıq insan yaralanıb, bir çoxlarının evləri, əmlakları yandırılıb, yandırılmayanlar ermənilər tərəfindən əvəzi ödənilmədən qəsb edilib, 300-dən artıq məscid, ocaq, ziyarətgah, 500-dən artıq qəbiristanlıq yer üzündən silinib.

Hər birimiz üçün Qərbi Azərbaycan doğma və əzizdir. Əcdadlarımızın vətənidir. Bu ərazilərdə azərbaycanlılara məxsus tarixi abidələr var idi. Məscidlər, karvansaralar, şah sarayı... Azərbaycan adları olan məhəllələr, küçələr, bağlar, əcdadlarımızın dəfn olunduğu qəbiristanlıqlarımız... Təkcə İrəvanda səkkiz məhəllənin hər birində bir məscid var idi...

Prezident İlham Əliyev hər çıxışında deyir ki, Qərbi Azərbaycan, İrəvan, Göyçə, Zəngəzur bizim tarixi torpaqlarımızdır. Dövlətimizin başçısı bu sözləri ilə 34 ildir ki, doğma yurd-yuvasından, Qərbi Azərbaycandan qaçqın düşən hər bir insana böyük ümid verir. Prezident İlham Əliyevin ətrafında birləşən Azərbaycan xalqı 30 illik nəticəsiz gedən danışıqlardan sonra döyüş meydanında Qarabağın əsl sahibinin kim olduğunu sübut etdi. Qarabağın və Şərqi Zəngəzurun erməni işğalından azad edilməsi ilə əlamətdar olan İkinci Qarabağ müharibəsi, Zəngəzur dəhlizinin açılması perspektivi, Qərbi Azərbaycan İcmasının yaradılması bütün xalqımızı ruhlandırır və inanırıq ki, ata-babalarımızın torpaqlarına Böyük Qayıdış uzaqda deyil. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin bu istiqamətdə atdığı bütün addımlar düşünülmüş və mərhələli proqram xarakteri daşıyır.

Neçə illərdir ki, Qərbi azərbaycanlılar kitablar yazıb çap etdirir, təqdimat tədbirləri keçirir, bəyanatlar verir, beynəlxalq aləmə müraciətlər edir, bir sözlə, heç vaxt fasilə verməyərək öz haqq işi uğrunda fəal mübarizə aparırlar. Və bu gün, xüsusən, Prezident İlham Əliyevin Qərbi Azərbaycan ziyalıları ilə görüşündən sonra qarşıya daha konkret məqsədlər qoyulur.

Qərbi azərbaycanlılar haqqında, XX yüzilliyin əvvəllərində, 1948-1950-ci illərdə və 1988-ci ildə soydaşlarımızın öz doğma yurdlarından deportasiya edilməsi ilə bağlı obyektiv faktları dünya ictimaiyyətinə daha geniş miqyasda çatdırmağa çalışmalıyıq. Burada tarixçilərimizin, tədqiqatçılarımızın və sıravi vətəndaşlarımızın beynəlxalq aləmə gerçək həqiqətləri çatdırmaq nöqteyi-nəzərindən böyük məsuliyyəti var. Hər kəsə yaxşı bəllidir ki, günümüzə qədər gəlib çatmış arxiv sənədləri və fotomateriallar sözügedən ərazilərin azərbaycanlılara məxsus olduğunu tam çılpaqlığı ilə sübut edir. Və buna görə də Qərbi azərbaycanlıların ora qayıtmaq hüququnu və haqqını dünya tanımalıdır.

Hazırda Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus bütün izləri məhv etmək üçün Azərbaycanın tarixi-mədəni irsinin məqsədyönlü şəkildə məhv edilməsi və mənimsənilməsi həyata keçirilir. Məsələn, İrəvanda şəhər rəhbərliyinin Təpəbaşını, azərbaycanlıların salamat qalan yeganə məhəlləsini sökmək istəyini qeyd edə bilərik. Bu antibəşəri siyasətin qarşısını almaq məqsədilə, habelə onun təhlükəli nəticələrini nəzərə alaraq, qeyri-hökumət təşkilatları UNESCO ilə işi daha fəal şəkildə davam etdirməlidir, QHT-lər bu təşkilatı öz birtərəfli münasibətindən, ikili standartlardan əl çəkməyə məcbur etməlidir. Qərbi azərbaycanlılar təkcə Azərbaycanda, Bakıda yaşamırlar, bir çox xarici ölkələrdə Qərbi Azərbaycandan gedən mühacirlər var. Ona görə onlar da yorulmadan yerli QHT-lərlə birlikdə Qərbi Azərbaycanın qədim zamanlardan bizə məxsusluğu, bizim öz doğma yurdumuza qayıtmağa haqqımızın olması barədə maarifləndirmə işləri aparmalıdırlar.

Təbii ki, biz hamımız istəyirik ki, bütün bunlar sülh yolu ilə baş versin. Sadəcə, bir az gözləmək və unutmamaq lazımdır ki, Prezident İlham Əliyev nəyi, nə vaxt və necə edəcəyini həmişə bilir.

Emin QASIMOV,

"Respublika".