Tarixi qələbə, inkişaf, gələcək hədəflər
Digər xəbərlər

Tarixi qələbə, inkişaf, gələcək hədəflər

Şanlı qələbə, inkişaf,  tərəqqi, sosial rifah, köklü islahatlar, gələcək hədəflərə inamlı addımlar. İndi ölkəmizin nəbzi belə bir ritmdə döyünür desək, heç də yanılmarıq. Ötən ilin payızında bütün dünya böyük bir həqiqəti gördü və şahidi oldu ki, Ermənistanın 30 ilə yaxın işğalda saxladığı torpaqlar azad edilib, 44 gün davam edən Vətən müharibəsindəki şanlı qələbəmiz müzəffər ordumuzun,  əsgər və zabitlərimizin şücaəti,  qəhrəmanlığı sayəsində qazanılıb.  Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunan bu qələbə rəşadətli ordumuzun və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərkərdəlik şücaəti sayəsində mümkün olub.

Müharibə itkiləri qəlbimizi qovursa da, düşmən dinc insanların evlərini raketlə dağıtsa da, xalqımız  bu çətin günlərdə güclü birlik nümayiş etdirib və ordu-xalq birliyi “Dəmir Yumruğ”u daha da gücləndirib. Uzun illər boyu Ermənistanın işğalı altında qalan torpaqlarımız azad edilib, dövlət sərhədlərimiz bərpa olunub. Ən əsası isə, Ermənistanın bütün ideoloji sütunları darmadağın edilib. 30 il ərzində özləri haqqında  yalanlar uydurublar,  dünyaya qəbul etdirməyə çalışırdılar ki,  guya onların müzəffər ordusu var,  yenilməz ordusu var,  erməni xalqı döyüşkən xalqdır,  erməni ordusu ən güclü ordudur. Müzəffər Azərbaycan ordusu 44 gün ərzində erməni yalanlarını və yaratdıqları mifi darmadağın etdi. Hamıya aydın oldu ki,  Azərbaycan xalqı müzəffər xalqdır. Bu həqiqətən misli görünməyən bir qələbədir!

Zəfər qələbəsindən 9 ay keçib. Bu qısa müddət ərzində işğaldan azad edilən ərazilərdə iri infrastruktur layihələri həyata keçirilir, ərazilər düşmənin basdırdığı minalardan təmizlənir, “ağıllı şəhər” və “ağıllı kənd”lərin təməli qoyulur, yeni və müasir yollar çəkilir. Bu sadaladığımız işlərin həyata keçirilməsi üçün təbii ki,  külli miqdarda vəsait sərf olunur. Sevindirici fakt odur ki, Azərbaycan öz vəsaiti ilə işğaldan azad edilən bölgələrin yenidən qurulmasına başlayıb. Heç bir kredit üçün dünya banklarına müraciət olunmayıb.

Bu,  nəyi göstərir? Hər şeydən əvvəl onu göstərir ki, Azərbaycanın kifayət qədər valyuta ehtiyatları var.  Bilavasitə, dövlət başçısı İlham Əliyevin nəzarəti ilə həmin vəsaitlərdən çox ehtiyatla və səmərəli istifadə olunur, israfçılığa, lazım olmayan xərclərə yol verilmir. Keçmiş artıq arxada qalıb,  vaxtilə nəzarətsiz olan xərclər indi heç cür əlçatan deyil. Dövlət başçısı tərəfindən bütün dövlət məmurlarına tapşırıq belədir ki, hər bir manata qənaət olunmalıdır,  lazım olmayan layihələrə,  yaxud da, hansısa başqa maraqlar naminə dövlət investisiya xərcləri heç kəsə verilməyəcək. Müharibədən çıxan ölkədə məhz buna görə, həm də dürüstlüyün,  şəffaflığın hesabına,  aparılan islahatların hesabına valyuta ehtiyatları artır. Sadə dillə desək, pul varsa,  hər şeyi həll etmək mümkündür. Ona görə də, Qarabağ və Şərqi Zəngəzur sürətlə bərpa edilir, ermənilər tərəfindən uzun illər boyu xarabalığa çevrilən torpaqlara yeni bir həyat qayıdır.

İşğaldan azad edilən ərazilərdə minaaxtaranların necə çətin bir vəziyyətdə işlədiklərinin bir neçə dəfə şahidi olmuşam. Hər anı, hər dəqiqəsi təhlükəlidir.  Düşmən müxtəlif minaları hara gəldi basdırıb,  torpaqlarımıza ölüm əkib, murdar sifətini və qəddarlığını bir daha nümayiş etdirib.  Baxın, müharibədən sonra, düşmənin basdırdığı həmin minaların partlaması nəticəsində 150 nəfər dinc insan həlak olub. Neçə ailənin qapısını qara xəbər döyüb, uşaqlar yetim qalıblar.

Qalib Ali Baş Komandan İlham Əliyev Ermənistanın bu vəhşiliyinə münasibət bildirərkən deyib:

-“Mina xəritələrinin Azərbaycana verilməməsi və bunun hansısa şərtlərlə verilməsi Ermənistan tərəfindən göstərilən növbəti əxlaqsızlıqdır,  mənəviyyatsızlıqdır,  vicdansızlıqdır,  normal insani davranışa zidd olan yanaşmadır.  Bu,  bir daha Ermənistan rəhbərliyinin bizə qarşı olan nifrətinin,  düşmənçiliyin təzahürüdür.  Çünki mina xəritələrini verməməsinin heç bir əsası yoxdur.  Müharibə qurtarıb,  biz qalib gəlmişik.  Ermənistan məğlub olub,  bu məğlubiyyətlə barışıb,  barışmalı olub,  məcbur etdik.  İndi mina xəritələrini verməməsi nə məqsəd güdür? Daha çox azərbaycanlılar həlak olsun,  daha çox insanlar əlil olsunlar.  Bu,  düşmənçilik deyil,  nədir? Bu,  bir daha onların xislətini göstərir”.  

Ermənilərin daha bir qara məqsədi odur ki, Qarabağda aparılan quruculuq işlərini ləngitsinlər. Bu yerdə yaxşı bir atalar sözü yada düşür: it hürər, karvan keçər! Ermənilərin xəyalları, arzuları puç olub, nə qədər çabalasalar da , təxribat törətsələr də, ağalarından imdad diləsələr də, Qalib Azərbaycan öz qəti mövqeyini ortaya qoyub.  Həm Qarabağda,  həm də Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatı,  yeni xətlər,  transformatorlar,  yarımstansiyalar,  elektrik stansiyaları qurulur.  Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən dağıdılmış 12 su elektrik stansiyası yenidən bərpa olunur.  Artıq onlardan bir neçəsi istifadəyə verilib. Enerji bölgənin inkişafının açarıdır, məhz buna görə də birinci yerdə enerji təsərrüfatının qurulması dayanır.

İkinci yerdə yol təsərrüfatı dayanır. Düşmənin işğalda saxladığı bütün rayonlarda yollar demək olar ki, tamamilə dağılıb, bu yerlərdə həyat əlamətləri məhv edilib. Tarixi qələbədən dərhal sonra Prezidentin göstərişi ilə yolların yenidən qurulmasına və yeni yolların çəkilişinə başlanılıb. Bərdə-Ağdam avtomobil yolu tikilir, Zəfər yolunun tikintisi  sentyabr ayında  başa çatacaq.  Füzuli-Şuşa magistral yolu,  Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın yollarında tikinti işləri sürətlə aparılır. Bundan başqa, Füzuli-Hadrut,  Füzuli-Cəbrayıl yollarında da qızğın iş gedir.

Kəlbəcərə rahat çatmaq üçün Göygöldən Ömər aşırımı üzrə yol çəkilir.  Bu yol heç vaxt olmayıb,  balaca bir cığır olub.  Qış aylarında heç vaxt ondan istifadə olunmayıb. Demək olar ki, yeni çəkilən yoldan  ilin bütün mövsümlərində istifadə ediləcək. Sadaladığımız yolların çox böyük strateji əhəmiyyəti var, bu yollar həm də bölgənin nəhəng arteriyasına çevriləcək. İşğaldan azad edilən torpaqlarda üç hava limanı tikilir.  Böyük qayıdışa  ciddi hazırlıq görülür. Əsas infrastruktur layihələrinin əhatə etdiyi sahələrin coğrafiyası belədir.  

Şəhərsalma ilə də bağlı böyük işlər görülür.  Artıq Ağdam şəhərinin baş planı təsdiq olunub. Yaxın aylarda Füzuli və Cəbrayıl şəhərlərinin baş planı ictimaiyyətə təqdim ediləcək. Zəngilan şəhərinin baş planının hazırlanması prosesinə artıq başlanılıb. Eyni zamanda, Qubadlı, Laçın, Kəlbəcər şəhərləri də yenidən qurulacaq. Zaman Azərbaycanın xeyrinə işləyir, xalqımız Prezident İlham Əliyevin fədakar fəaliyyətini yüksək qiymətləndirir, birmənalı şəkildə müdafiə olunur. İnanırıq ki, Qarabağ və Şərqi Zəngəzur yaxın zamanlarda əsl cənnətə çevriləcək!

                                              Salman ALIOĞLU,

                                                 “Respublika”.