Tarixi ədalətin bərpası
Siyasət

Tarixi ədalətin bərpası

Azərbaycan BMT-nin qətnamələrini beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi

“İmkanlarımız və potensialımız daxilində biz sülhə və təhlükəsizliyə töhfə verməyə çalışırıq. BMT ilə bizim fəal qarşılıqlı əlaqəmiz Ermənistanın təcavüzü nəticəsində başlamışdır və 1993-cü ildə Təhlükəsizlik Şurasının məşhur qətnamələri qəbul olunmuşdur. Bu, çox müsbət addım idi, erməni təcavüzünə toxunularaq bizə dəstəyin çox ümidverici bir jesti idi. Bizim beynəlxalq səviyyədə tanınan ərazilərimizdən erməni qoşunlarının dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələbi Təhlükəsizlik Şurasının çox mühüm siyasi bir jesti idi. Lakin, əfsuslar olsun ki, bu qətnamələr icra olunmamışdır”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən deyib.

Dövlət başçısı bununla indi məlum həqiqətlərə, səbəb və nəticələrinə diqqət çəkməklə Azərbaycanın haqlı və ədalətli mövqeyini BMT kimi mötəbər təşkilata bir daha xatırlatmış oldu. Münaqişə başlayandan bitənə qədər baş verənlərin təhlili birmənalı olaraq təsdiq edir ki, beynəlxalq qurumların sülh yolu ilə həll edə biləcəyi, lakin etmədiyi ədaləti  Azərbaycan öz gücü, qüdrəti sayəsində bərpa etdi. İllərlə beynəlxalq təşkilatların Qarabağ münaqişəsinin həllinə ikili standartla yanaşması göz önündə idi. Yuqoslaviyada, Liviyada və digər bölgələrdə aksiyalar, böhranlar baş verən zaman BMT-nin qəbul etdiyi qətnamələrin hansı çevikliklə icra olunduğu bütün dünyaya bəllidir. Amma BMT-nin Dağlıq Qarabağla bağlı 4 qətnaməsi  30 ilə yaxın masa üzərində qalır, icra olunmurdu.

BMT Təhlükəsizlik Şurası Kəlbəcərin işğalından sonra 30 aprel 1993-cü il tarixində 822 saylı qətnamə qəbul etmişdi. Qətnamə bölgədəki hərbi əməliyyatlara son verilməsini, Ermənistan qoşunlarının Kəlbəcərdən, işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz geri çəkilməsini tələb edirdi. 29 iyul 1993-cü ildə qəbul edilən 853 saylı qətnamə də bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Ağdamdan, işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edirdi. Qətnamədə, həmçinin, 822 saylı qətnaməyə də əməl edilməsi tələb olunurdu. 14 oktyabr 1993-cü ildə qəbul edilən 874 saylı qətnamə isə atəşkəs imzalanmasını, hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının işğal etdiyi Füzuli, Cəbrayıl, Qubadlı  və digər ərazilərdən geri çəkilməsini tələb edirdi. Bu qətnamədə də əvvəlki 822 və 853 saylı qətnamələrə əməl edilməsi tələbi əksini tapıb. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1993-cü il noyabrın 12-də qəbul edilmiş 884 saylı dördüncü qətnamədə tərəflər arasında yenidən hərbi əməliyyatların bərpası ilə nəticələnən atəşkəs pozulmaları qınanılır, Ermənistandan ermənilərin qondarma respublika üzərindəki bütün təsir vasitələrindən istifadə etməsi istənilir. Qətnamədə hərbi əməliyyatların dərhal dayandırılması tələb edilir, işğal edilmiş Zəngilan rayonu da daxil olmaqla, digər rayonlardan erməni silahlı dəstələrinin çıxması, sonda isə əvvəl qəbul edilmiş 822, 853, 874 saylı qətnamələrə əməl edilməsi tələb olunurdu.

Göründüyü kimi, BMT TŞ-nin Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnamənin - hansılarda ki, erməni qoşunlarının işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxması tələb olunur -  icra olunmur, BMT-nin özü tərəfindən belə adı çəkilmirdi. Odur ki, bu qətnamələr niyə yerinə yetirilmir sualına cavab verilmir, lakin Ermənistanın təcavüzünə göz yumulurdu.

Böyük dövlətlərin Ermənistana təzyiq etməməkdə hansı maraqları olduğu başqa məsələdir, ancaq Azərbaycan öz maraqlarını kiməsə qurban verə bilməzdi. Görünən budur ki, BMT artıq daha çox könüllü birliyə çevrilib, təşkilatın əlində təsir mexanizmi də qalmayıb. Onun üçün də həmin qətnamələrin yerinə yetirilməsində güc variantının tətbiq olunması kimi məsələlər gündəmdən çıxır. Bu baxımdan, Dağlıq Qarabağla bağlı qəbul olunmuş dörd qətnamənin yerinə yetirilməməsi də məhz BMT-nin “dişsiz” qurum olması amilindən irəli gəlir. Erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması tələbi ilə əslində BMT həmin əraziləri Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Bu baxımdan qətnamələr əhəmiyyətlidir, amma yerinə yetirilməsi üçün Ermənistana təzyiq, güc tətbiqi lazımdır. Buna isə BMT getmək istəmirdi, odur ki, Azərbaycan öz ərazisində terrora qarşı mübarizə aparmaq hüququnu özündə saxlayırdı. Azərbaycan dəfələrlə bəyan edib ki, münaqişənin dinc variantlarla həlli yolları hələ tükənməyib, lakin qarşı tərəf işğalı davam etdirərək sülh danışıqlarını imkansız edirdi.

Onu da qeyd edək ki, münaqişə ilə bağlı vasitəçilik edən ölkələrin mövqeyi birmənalı şəkildə bəlli idi. Elə buna görə də BMT və digər qurumlara inam da azalırdı. Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni  yerinə yetirmədiyini Prezident İlham Əliyev ən yüksək səviyyədə, bütün mühüm platformalarda  dəfələrlə vurğulayırdı. Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun Ermənistan tərəfindən işğal faktı mötəbər qurumların qəbul etdiyi sənədlərdə də əksini tapıb, Ermənistan bu qurumlara da hörmətsizlik nümayiş etdirərək, Azərbaycanın mülki əhalisini qətlə yetirməkdə davam edirdi. Beləliklə, 30 ilə yaxın Azərbaycan ərazilərinin işğalına göz yumuldu. Bakı öz gücünü nümayiş etdirəndən və əks-hücum əməliyyatına başlayandan sonra isə beynəlxalq hüququn olduğunu xatırlayanlar, “sülh göyərçinləri” peyda olmağa başladılar. Etnik tərkibi dəyişmək məqsədilə müxtəlif ölkələrdən işğal ərazilərinə ermənilərin köçürülməsi, azərbaycanlıların orada yaşamasını sübut edən qəbirlərin, tarixi abidələrin, məscidlərin dağıdılması və bütün infrastrukturun məhv edilməsi barədə susanlar indi Bakının əks-hücum əməliyyatından narahat olmağa başlamışdılar. Əslində, atəşkəsin sonsuza qədər davam etməyəcəyini hər kəs bilirdi. Onu da qeyd edək ki, 1993-cü ilin avqustunda atəşkəs haqqında razılıq əldə olunsa da, ermənilər buna əməl etməyərək Qubadlı rayonunu işğal etmişdilər. Atəşkəs hər zaman ermənilərə yeni əraziləri işğal etmək məqsədilə vaxt qazanmaq üçün lazım olub.

Bu gün Azərbaycan ordusu beynəlxalq hüququ, ədaləti əməldə təmin edib. Heç bir qurum, heç bir ölkə Azərbaycanı bu hüquqdan məhrum edə bilməz. Azərbaycan, əslində, BMT-nin görməli olduğu işi görüb, bu təşkilatın və məlum dörd qətnaməni qəbul edən Təhlükəsizlik Şurasına üzv ölkələrin üzərindəki ləkəni təmizləyib. Ermənistanın işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edən BMT-nin qərarını  Azərbaycan ordusu reallaşdırıb. Odur ki, Azərbaycanın terrorizmə qarşı mübarizəsi həm BMT, həm digər beynəlxalq təşkilatlar, həm də tərəqqipərvər bəşəriyyət tərəfindən dəstəklənməlidir. Çünki Ermənistanın siyasi hakimiyyəti bütün bölgə, bütün dünya üçün təhlükə mənbəyidir. Azərbaycan bu gün bölgənin və dünyanın təhlükəsizliyi uğrunda mübarizə aparıb və böyük uğurlar əldə edib.

Yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa, Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Lakin bu boş bir xəyaldır. Dünya dövlətləri də, erməni diasporu da, separatçılar, ermənipərəst dövlətlər də Azərbaycanın gücünü, qüdrətini gördü. 44 günlük müharibə zamanı vətənpərvər Azərbaycan övladları öz qanları, canları bahasına torpaqlarımızı işğaldan azad edərək böyük qələbəmizi qazandılar. Azərbaycan qalib ölkə kimi özünü göstərdi. Zəfər bizim oldu. Buna istinad edən dövlətimizin başçısı müsahibələrində  bildirib ki, “Biz hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın”. “Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq”. “Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıbdır. Bu, xalqımızın, Ordumuzun yüksək mənəvi ruhunun təzahürüdür”.

Bəli, döyüş günlərində Ermənistan ordusu demək olar ki, məhv edilib. Müharibə zamanı düşmən ordusunun 10 min fərarisi olub. Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa və Laçın, Kəlbəcər, Ağdam rayonlarını qaytarmağa məcbur olmuşdur. Ermənistan və onun bəzi xarici havadarları yalnız beş rayonu Azərbaycana qaytarmağı, Dağlıq Qarabağa nə vaxtsa müstəqillik verilməsini, Kəlbəcər və Laçın rayonlarının Ermənistanın əbədi nəzarəti altında qalmasını istəyirdilər. Azərbaycan xalqının vətənpərvərliyi, dövlətimizin başçısının ətrafında birləşməsi qələbəmizi daha da tezləşdirdi. Kənardan yayılan boş söz-söhbətlər əsgərlərimizin döyüş əzmini, xalqımızın sabaha olan inamını qıra bilmədi və nəticə isə göz qabağındadır. Azərbaycan zəfər çaldı.

Mustafa KAMAL,

“Respublika”.