Tarixi düşmənçilik, işğalçıya dəstək, talançılıq və terror
Siyasət

Tarixi düşmənçilik, işğalçıya dəstək, talançılıq və terror

Son 30 ildə İranın müstəqil Azərbaycana qarşı yürütdüyü siyasətin bəzi cizgiləri

Yanvarın 27-də Tehranda yerləşən Azərbaycan səfirliyinə və onun əməkdaşlarına qarşı həyata keçirilən alçaq terror hücumunu dünyada özünə hörmət edən bütün dövlətlər, BMT başda olmaqla nüfuzlu beynəlxalq qurumlar şiddətlə qınayır, məsuliyyət tələb edirlər. Rəsmi İranın bütün ciddi cəhdlərinə, yalanlarına, riyakarlığına baxmayaraq, artıq nə terrorçunu, nə də onun arxasında duranların zəhərli ilan başlarını, saqqalların altında gizlədilməyə çalışılmış üzlərin iyrənc cizgilərini, dodaqların arxasında pərdələnmiş, qan içməkdən qıpqırmızı rəng almış kaftar dişlərini gizlətmək mümkün olmur.

Çoxları belə bir sual verirlər: rəsmi İranın birbaşa təşkilatçılığı və rəhbərliyi ilə törədilən bu terror aktı gözlənilən idimi? Cavab birmənalıdır - tamamilə gözlənilən idi. Axı, İran müstəqil Azərbaycana qarşı törədilən terror aktlarından nə vaxt əl çəkib? 30 il ərzində o, həm də ekoloji, milli-mənəvi dəyərlərimizə qarşı törədilən terrorun vandal növündən geninə-boluna istifadə edib. Bu günlər ümumi bir narahatlıq duyulur, şübhələr əsaslıdır. Müstəqil Azərbaycana qarşı İran rəhbərlərinin əli ilə həm İslam Respublikasının daxilində, həm də xarici ölkələrdə bundan sonra da terror aktları törədilə bilər və təkcə terror aktları yox.

Mən bu qeydlərimdə son 30 ildə İran rəhbərliyinin, habelə İranın Azərbaycana təyin etdiyi səfirlərin ölkəmizə qarşı açıq-aşkar görünən düşmənçilik siyasətinin şahidi olduğum bəzi məqamlara faktların dili ilə aydınlıq gətirməyə çalışacam.

Tarixə nəzərə salaq və belə bir suala cavab axtaraq. 1992-ci il mayın 2-dən 5-dək İran xarici işlər nazirinin müavini Vaizi İrəvanda və Xankəndidə nə gəzirdi? Həmin səfər zamanı o vaxt Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını üzərinə götürən, ölkənin yüksək çinli diplomatlarından biri kimlərlə görüşüb, hansı razılığa gəlmişdi? Bu sualın cavabı 3 gün sonra - mayın 8-də bəlli oldu. Məhz həmin gün Tehranda danışıqlar aparan Azərbaycan nümayəndə heyətinin başçısı, prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov İran-Ermənistan cütlüyünün qurduğu tələyə asanlıqla salındı. Dağlıq Qarabağa humanitar dəhliz açılması ilə bağlı sənəd imzalandı.

Yaqub Məmmədovun müsahibəsindən: "Tehran vasitəçi rolu oynayırdı. 1992-ci il mayın 8-də atəşkəs haqqında memorandum imzalandı. Sənədi imzaladıqdan sonra birbaşa təyyarə limanına gəldik. Orada xəbər verdilər ki, Şuşanı işğal ediblər".

O vaxt İran prezidenti Rəfsəncani idi. Onun birbaşa vasitəçiliyi ilə Azərbaycan və Azərbaycan xalqına qarşı misli-bərabəri olmayan təxribat törədilmiş, düşmənçilik həyata keçirilmiş, Şuşa işğal olunmuşdu.

İranın Azərbaycana qarşı qatı düşmənçiliyinin tarixi daha dərin qatlardadı. İndi sayı qırx milyona yaxın olan soydaşlarımızın ata-babalarını, hazırda isə özlərini davamlı şəkildə qan çanağında boğan, 1947-ci ildə Cənubi Azərbaycanda qurulan müstəqil dövlətimizlə federal dövlət qurmaq barədə sənəd imzalayan şovinist şah-fars rejimi az keçməmiş Təbriz küçələrini qətlə yetirdiyi yüzlərlə şəhidin qanı ilə yudu. Qələbə paradını da elə meyitlərin üzərindən keçərək qeyd etdi. Budurmu özlərini İslamın himayəçisi sayanların Allah və İslam dini qarşısında qorxusu? Molla rejiminə qarşı aylardı davam edən etirazçı qadın və qızların başına ağlasığmaz oyunlar açanlara, gənclərə və uşaqlara qarşı quldarlıq dövründəki kimi edam səhnələri düzəldənlərə, xüsusi hərisliklə Azərbaycan türkünün qanına yerikləyən bu mövcudatın adını nə deyib çağırasan?

Yüz illərdir ki, Cənubi Azərbaycan torpağını vampirlər kimi sömürənlər təxminən son 30 il ərzində nəinki işğalçı Ermənistanı iqtisadi blokadadan çıxarmağa çalışdı, onlar həm də separatçıları, Azərbaycan düşmənlərini əməlli-başlı silahlandırdılar. Terrorçu dövlət olan Ermənistanla əlbir şəkildə Qarabağın maddi və mənəvi sərvətlərini bir div, bir əjdaha acgözlüyü ilə talamaqla məşğul oldular. Özlərini müsəlman adlandıranların gözləri önündə məscidlərimiz dağıdıldı, onlar müqəddəs və tarixi məkanlarımızın daşlarını söküb apardılar. İbadət yerlərimiz donuz fermalarına çevrildi, onlar donuz yeyənlərlə birlikdə süfrədə oturub xoşhallandılar. Amma bütün bunlar bir yerə qədər idi. Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin dəmir yumruğu görünənədək. Göründü və sarsıdıcı zərbəni endirdi də.

Biz türk kimliyimizi qoruduqca fars şovinizmi daha da irəli gəldi. İran başbilənlərinin kar olmuş qulaqlarını Azərbaycan liderinin, böyük öndər Heydər Əliyevin 1994-cü ilin iyununda Tehrana etdiyi səfər zamanı söylədiyi "İşğal olunmuş ərazilərdə erməni silahlı birləşmələri Azərbaycanın milli-mənəvi sərvətlərini, İslam aləminə aid olan tarixi abidələri vəhşicəsinə dağıdırlar. İslamın müqəddəs sərvətlərini, əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə çatdırılan abidələrimizin dağıdılması bizi dəhşətə gətirir" kimi fikirləri də açmadı. Əmammələr tərpənmədi.

Ulu öndər incə bir diplomatik gedişlə Mehrabad hava limanında mətbuat işçilərinə müsahibə verərkən dedi: "Xamnənin yolu çox uzun olsa da, bizim üçün çox şirindir". Bu sözləri dinləyən əmmamələr qaşların üzərinə bir az da sıxıldı. Eyni mövqeni müxtəlif zamanlarda Prezident İlham Əliyev də dəfələrlə sərgiləyib. Sanki səs heç cür İran rəhbərlərinin qulaqlarına çatmırdı. Əksinə, müstəqil, demokratik, suverən Azərbaycanı görmək istəməyənlər yalan və iftira danışmaq, düşmən dəyirmanının suyunu daim bol etmək vəzifələrini lazımınca yerinə yetirirdilər. Bir fakt. Yuxarıda qeyd etdiyim səfər zamanı "İran təbii qazının Naxçıvan Muxtar Respublikasına ixracı haqqında" sənəd imzalansa da, düz 10 il ərzində İran müqavilə öhdəliklərini yerinə yetirmədi. Naxçıvan soyuqdan donduğu halda, Cənubi Azərbaycan qazı işğalçı və terrorçu Ermənistan vətəndaşlarının evlərini isitdi. Yəqin ki, burada bir qanunauyğunluq var. Çünki hər iki dövlət də tarixi Azərbaycan torpaqlarında qurulub. Xislətləri də eyni olmalıdır.

Yaxud elə eyni vaxtda imzalanan sənədlə Araz çayı üzərində "Xudafərin" və " Qız qalası" bəndlərinin, su-elektrik stansiyalarının tikilməsi, radio-televiziya verilişlərinin mübadiləsi məsələləri öz həllinin tapdımı? Tapmadı və tapa da bilməzdi. Ən sonda İran nə etdi? Araz çayı üzərinə asma körpülər salaraq "hərbi güc" adlandırdığı burnunu təmiz, saf suyumuza soxmaqla zəhərlədi.

Jurnalist fəaliyyətim dövründə bir çox ölkələrin Azərbaycandakı səfirlərindən müsahibələr almışam. Əlbəttə ki, görüşlərin və müsahibələrin nəticəsi olaraq məndə müəyyən qənaətlər formalaşıb. Mənə elə gəlir ki, Azərbaycana səfir təyin olunan iranlı diplomatların hamısı bir qiyafədə, bir boyda, bir düşüncə tərzindədilər və elə də olmalıdırlar. Axı, onlar eyni atadan və eyni anadan doğulublar.

Vaxtilə İranın Azərbaycandakı səfiri olan Əsğər Nahəvəndiyan Cənubi Azərbaycan kəlməsinin dilə gətirilməsindən hiddətlənər, qəzetlərdə bu mövzu ilə gedən yazılara rəsmi münasibət bildirər və öz mövqeyinin AzTV-də səsləndirilməsini tələb edərdi. O zaman mən AzTV-nin "Xəbərlər" redaksiyasının baş redaktoru idim. Əsğər Nahəvəndiyan hansısa qəzetdə Gülüstan və Türkmənçay müqavilələri ilə bağlı yazılmış bir elmi məqalədən hiddətlənmiş və öz nümayəndəsini - İran TV-nin Bakıdakı təmsilçisi Əsğəri mənim yanıma göndərmişdi. Ancaq diplomata yaraşmayan çox naqis bir niyyətlə. Əsğər səfirin məni qonaq dəvət etdiyini xüsusi vurğulayaraq cibindən çıxardığı zərfi də stolun üstünə qoydu. Səfir Nahəvəndiyanın rüşvət təklifini biabırçılıq və alçaq niyyətlilik adlandıraraq Əsğəri iş otağımdan qovdum. Ertəsi gün şirkətin sədri məni çağırıb İran səfirinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə yazdığı məktubu göstərdi. Məktubda səfir məni İran-Azərbaycan münasibətlərinə zərbə vurmaqda kəskin şəkildə ittiham edirdi.

İranın Azərbaycandakı səfirlərindən biri Əlirza Biqdeli 1998-ci ilin mayında "Azadlıq" qəzetinə verdiyi müsahibəsində Azərbaycanda nəşr olunan qəzetlərdən birində bütöv Azərbaycanın xəritəsinin çap edilməsindən hiddətlənərək deyirdi: "Ola bilər ki, sizin (Azərbaycanın- S.A.) istiqlaliyyətiniz o qədər də baha başa gəlməyib, ancaq İran öz ərazisinin bütövlüyünü saxlamaq üçün qurbanlar verib. Biz torpaqlarımızın təcavüzünə dözə bilmərik". Səfir bir qədər də irəli gedərək sərsəmləyərək deyirdi: "1828-ci ilə qədər sizlə biz bir dövlət ərazisində yaşamışıq. Rusiya-İran müharibəsi nəticəsində sizi bizdən ayırıblar. Azərbaycan dediyimiz bu torpaqlar İranın bir ostanıdır".

Daha bir səfir Əfşar Süleymani də verdiyi müsahibəsində cidd-cəhdlə mənə sübut etməyə çalışırdı ki, Azərbaycan heç vaxt müstəqil dövlət olmayıb və o İranın tərkib hissəsidir. O, dünya azərbaycanlılarının Bakıda keçirilən II qurultayında bəzi çıxışçılar tərəfindən səsləndirilən Güney Azərbaycan, Bütöv Azərbaycan ifadələrini heç cür həzm edə bilmirdi. O, Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət etdi. Bu qaraqışqırıq kampaniyasına İİR-in Xarici İşlər Nazirliyinin sözçüsü Həmid Rza Asəfi də qoşuldu. Boğazları partlamaq dərəcəsinə çatana qədər bağırdılar. Tehrana qaçdılar. Yenə qayıtdılar. Qarşılarında ulu öndərin və Prezident İlham Əliyevin polad iradəsini görüb sarsıldılar. Şimalda yaşayan azərbaycanlıların Təbriz sevgisi selində boğuldular.

Bu xəstə təxəyyül sahiblərinin sayını istənilən qədər artıra bilərəm, ad və soyadlar dəyişik olsa da, onlar bir orqandan - Azərbaycan-Türk düşməni fars şovinizmin burnundan düşüblər.

İranın mahiyyətini tamamilə aşkar formada ortaya qoyan bir müsahibəyə də diqqət çəkmək istəyirəm. Söhbət Azərbaycanın İrandakı sabiq səfiri Əliyar Səfərlinin 1997-ci ildə bu sətirlərin müəllifinə verdiyi müsahibədən gedir (müsahibə "Respublika" qəzetində tam şəkildə dərc olunub - S.A.). Səfir dedi: "İranda müxtəlif rəsmi toplantı və yığıncaqlarda Şimali Azərbaycanı İranın tərkib hissəsi adlandırırlar. Onlar Azərbaycan səfirliyinə ünvanlandığı məktublarda yazırlar ki, vaxtilə ruslar İranın 17 şəhərini (Şimali Azərbaycan nəzərdə tutmuşlar - S.A.) işğal etmişlər. İndi həmin ərazilər İrana qaytarılmalıdır. Səfir az qala yana-yana danışırdı ki, adi bir məqalədən, yaxud çıxışdan çox qıcıqlanan İran diplomatları və rəsmiləri nə əcəb Ermənistanın və erməni daşnakların Tehranın düz göbəyində İİR-in ərazi bütövlüyünü təhdid edən fəaliyyətlərinə adekvat reaksiya göstərmirlər? Məsələn, 1995-ci ildə Tehranda fars dilində "Ermənistan tarixi" adlı kitab çap edilib. Üçüncü səhifədə çap olunan xəritədə Culfadan İsfahana qədər olan ərazi Ermənistan torpaqları kimi göstərilib. O da məlumdur ki, həmin kitabın nəşrinin təşəbbüskarı İİR-də bu gün də fəaliyyət göstərən və iqamətgahının qapısına "içəri ermənilərdən başqa kimsə daxil ola bilməz" lövhəsi asılan "Ararat" klubudur.

Və sonda. İran prezidentlərinin iqamətgahı 1979-cu ilə qədər mövcud olan şah sarayında yerləşir. Mən orada bir neçə dəfə olmuşam. Təzadlı mənzərə hökm sürür həmin iqamətgahın önündə. Sarayın qarşısında şahın əvvəllər tuncdan qoyulmuş büstü dizinə qədər qoparılıb. Hündür postamentin üstündə yalnız dəmir çəkmələr qalıb. O dəmir çəkmələr ki, paytaxtı Təbriz olan Milli Azərbaycan Hökumətini əzib keçib. O dəmir çəkmələr ki, azadlıq uğrunda mübarizə aparan 100 minlərlə Azərbaycan türkünün qanına bulaşıb. Nəticədə isə çəkmənin sahibi qaçqın həyatı yaşayaraq okeanın o tayında sahibsiz dünyasını dəyişib. Bütün diktatorların, demokratiyanı və azadlığı boğmağa çalışanların aqibəti gec-tez belə olur. İndi azadlıq uğrunda Cənubi Azərbaycanda mübarizə aparan qardaşlarımızı əzən, qanını içən, açıq-aşkar terror əməlləri ilə məşğul olan rejim də, şübhəsiz, ayaqlar altında payandaz olacaqdır. O taylı-bu taylı Azərbaycanın şəhidləri isə əbədi yaşayacaq. Minlərdən biri kimi qəhrəman övladımız Orxan Əsgərovun şəhid ruhu isə yəqin hər gecə qaniçənlərin boğazından yapışıb ölümcül hala düşənə qədər sıxır.

Səyyad AĞBABALI.