Tarixi Azərbaycan torpaqları öz sahibinə qovuşdu
Siyasət

Tarixi Azərbaycan torpaqları öz sahibinə qovuşdu

Tarixə nəzər salsaq görərik ki, xalqımıza qarşı ermənilərin düşmənçilik siyasətinin ən azı 200 illik tarixi var. Ermənilər Qarabağ bölgəsində məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlayıb, münbit əraziləri ələ keçirməyə çalışıb, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırıblar. Azərbaycanın qonşuluğunda baş verən inqilabların yaratdığı şəraitdən sui-istifadə edərək qəsbkarlar 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetiriblər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalıb. Həmin illərdə İrəvan, Dərələyəz, Zəngəzur, Göyçə, Tiflis, Naxçıvan, Bakı, Gəncə, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Muğan və Göyçayda on minlərlə dinc azərbaycanlı əhali erməni soyqırımına məruz qalıb, yaşadıqları yerlərdən qovulub, onlara işgəncələr verilib, yüzlərlə yaşayış məntəqəsi dağıdılaraq, yerlə-yeksan edilib.

Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də həyata keçirilib. Belə ki, 1948-1953-cü illərdə öz tarixi dədə-baba torpaqlarından 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. Həmçinin, 1988-ci ildə daha 250 min azərbaycanlı öz doğma yurdundan qovulub, bununla da Ermənistan monoetnik dövlətə çevrilib.

Onu da qeyd edək ki, 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “Dənizdən-dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdləri kənd və şəhərlərimizin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib.

Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib. Ulu öndərin 1998-ci ildə imzaladığı müvafiq fərmanla “31 mart” tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Birinci Qarabağ müharibəsi zamanı xarici havadarları tərəfindən silahlandırılan ermənilər tərəfindən Azərbaycan ərazisinin 20 faizi işğal edilib. İşğal zamanı yaşayış məntəqələri dağıdılaraq, əhalisi amansızcasına qətlə yetirilib. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilən vəhşiliklər erməni faşizminin əsl simasını göstərir.

Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar sırasında Xocalı faciəsi xüsusi qəddarlığı ilə seçilir. Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı cinayətdir.

Münaqişənin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunan ATƏT-in Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışıb və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalıb. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal altındakı Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il icra olunmayıb.

Bütün bu illər ərzində Ermənistan işğalçı siyasətini davam etdirərək, ərazilərimizdə təxribatlar törədib, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açaraq, onların rahat yaşamasına imkan verməyib.

2016-cı ilin aprelində Lələtəpə və 2020-ci ilin iyulunda Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını bəyan etdi. Ermənistan bu döyüşlərdən də nəticə çıxarmayaraq Azərbaycana qarşı diversiyaları davam etdirdi, erməni siyasətçiləri tərəfindən aşağılayacı və təxribatçı bəyanatlar verildi. 2020-ci il sentyabrın 27-də isə Ermənistan tərəfindən növbəti hərbi təxribat törədilərək, Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutuldu. Nəticədə hərbi qulluqçularla yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Sentyabrın 27-də cənab İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası ke­çirildi. Dövlətimizin başçısı, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı oradakı çıxışında ermənilərin növbəti təxribatının səbəblərini açıqladı. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhəboyu əks-hücuma keçmək əmri verdi.

Öncə qələbə müjdələri Füzu­li rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayo­nunun Böyük Mərcanlı, Nüzgar kəndlərindən, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklərdən gəldi. Tərtərin Suqovuşan və Talış kəndləri, Cəbrayılın, Füzulinin neçə-neçə kəndi hərbçilərimizin hünəri ilə geri qaytarıldı. Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur, Xırmancıq, Ağbulaq, Axullu kəndləri alındı. Oktyabrın 18-də ar­tıq Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı dalğalandı. Gözümüzü televiziya ekranlarından çəkmirdik. Hər gün bir yeni müjdə, bir yeni qələbə xəbəri eşitməyə adət etmişdik. Cənab İlham Əliyevin xalqa hər müraciəti ilə bir rayonun, bir böyük ərazinin qarı düşməndən təmizləndiyi bəyan olunurdu.

Ordumuzun döyüş meydanında qələbəsi ilə yekunlaşan ötən hər bir gün Prezident İlham Əliyev diplomatik cəbhədə inamla döyüşür, ölkəmizə qarşı beynəlxalq təzyiqlərin qarşısını peşəkarlıqla, qətiyyətlə alır­dı. “Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanın­da, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq!” – deyə Prezident İlham Əliyev bildirirdi.

Tezliklə növbə Qubadlıya, Xocalıya, Laçına çatdı. Vətən deyib irəli atılan, ölü­mün gözünə dik baxan igidlərimiz addım-addım yürüdülər, əzəli-əbədi torpaqlarımızı qarış-qarış, yamac-yamac, kənd-kənd azad etdilər.

Bu, hərbi müstəvidə əldə olunan qələbə idi. Sonra biz siyasi müstəvidə qələbə qazandıq. Ordusunun darmadağın edildiyini, belinin sındırıldığını görən düşmən kapitulyasiya aktına qol çəkməyə məcbur edildi. Bunun ardınca noyabrın 15-də Kəlbəcər, 20-də Ağdam, dekabrın 1-də isə Laçın Azərbaycana döyüşsüz təhvil verildi.

Bununla da dövlətimizin başçısı qurucu, birləşdirici, Azərbaycan xal­qının bütün istək və arzularını real­laşdıran, öz fəaliyyətində Azərbaycan dövlətinin maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətə yönəldən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi liderə çevrildi.

Beləliklə, dövlətimizin başçısı 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Möhtərəm Prezidentimizin beynəlxalq aləmdəki informasiya və diplomatiya savaşındakı misilsiz uğurları 44 günlük Vətən müharibəsində qələbənin əldə edilməsində həlledici rol oynadı.

Azərbaycan Ordusunun nəyə qadir olduğunu isə əməliyyatların zirvəsində gələn Şuşa savaşı göstərdi. Yeri gəlmişkən, Vətən müharibəsində silahlı qüvvələrimizin cənub istiqamətində irəliləyişləri inkişaf etmiş texnologiyalardan peşəkar istifadə, rəhbərliyin düz­gün planlaşdırması nəticəsində həyata keçirilmişdisə, Şuşada bunun üzərinə heyətin şəxsi peşəkarlığı amili də əlavə olundu. Ümumiyyətlə, Azərbaycanın Vətən müharibəsi müasir döyüş tarixində tamamilə yeni bir səhifənin əsasını qoydu. İyunun 15-də Şuşa Bəyannaməsinin imzalanmasından sonra Prezident İlham Əliyev bəyanatında bununla bağlı deyib: “Şuşa şəhəri işğaldan keçən il noyabrın 8-də azad edilmiş­dir. Şuşa şəhərini azad etmək böyük qəhrəmanlıq tələb edirdi. Şuşaya gələn hər bir insan bu sıldırım qayala­ra baxarkən görür ki, bu şəhəri, alın­maz qala sayılan şəhəri götürmək, azad etmək böyük qəhrəmanlıq, peşəkarlıq, şücaət, fədakarlıq tələb edir. Qəhrəman Azərbaycan əsgərləri qan tökərək, şəhid olaraq, sıldırım qayalara dırmaşaraq, demək olar ki, yüngül silahlarla, əliyalın Şuşanı düşmənin əlindən aldı və Azərbaycan bayrağını ucaltdı”.

Müharibə zamanı Azərbaycan humanizm prinsiplərinə, silahlı münaqişələrlə bağlı yazılmamış qanunlara lazımınca əməl etdi. Nə dinc əhalini atəşə tutdu, nə də gö­türdüyü əsirlərə fiziki iztirablar ver­di. Bir dəfə də erməni sakinlərinin qaldığı Xankəndini və digər yaşa­yış məntəqələrini hədəf seçmədi. Amma qarşı tərəf dəfələrlə Gəncəni, Tərtəri, Bərdəni, Ağdamı, Ağcabədini və təmas xəttindən uzaq olan digər rayonları raket atəşlərinə tutdu, nə qədər dinc sakinin qətlinə bais oldu.

Bütün Vətən müharibəsi boyun­ca dost ölkələr, xüsusilə də qardaş Türkiyə və Pakistan bizə mənəvi dayaq oldular. Dünya yaxşı bilirdi ki, biz haqq yolundayıq, işimiz haqq işidir. Buna görə də zəfər çalacağıq. Doğrudur, ordumuzun arsenalında olan müasir silahlar, xüsusilə də müharibə günlərində “Qarabağ səmasının qartalı” adlandırılan, erməni hədəflərini məhv edən “Bayraqtar TB2” PUA-ları qələbədə mühüm rol oynadı.

Vətən naminə misilsiz rəşadətlər göstərən şəhidlərimiz, qazilərimiz zəfəri öz qanları ilə qazandılar. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, rəşadətli ordumuzun fədakarlığı, xalqımızın qeyrəti sayəsində buna nail olduq. İstər-istəməz burada türk dünyasının böyük şairi Tofiq Fikrətin “Millət şərqisi”ndən ölməz misraları yada düşür: “Zülmün topu var, gülləsi var, qəlpəsi varsa, Haqqın da bükülməz qolu, dönməz üzü vardır”.

Artıq İkinci Qarabağ savaşının başlanmasından düz bir il ötür. 44 günlük zəfər yürüşü ilə ərazi bütövlüyümüzün təmin olunduğu həmin dövr tarix kitablarında qeyd ediləcək, gələcək nəsillərə nümunə göstəriləcək. Üstündən qaçqın və məcburi köçkün adı götürülən, artıq bu il öz rayonlarının işğal günlərini kədərlə qeyd etməyən soydaşları­mız azad dədə-baba yurdlarına qa­yıtmağa hazırlaşırlar. İndi işğaldan azad edilmiş ərazilərdə genişmiq­yaslı bərpa-quruculuq işləri görülür. Həsrətin sona çatmasına az qalıb. Azəbaycan kənardan heç bir kömək almadan Qarabağın əvvəlki həyatını özünə qaytarmaqdadır. Şuşada Türkiyə–Azərbaycan Birgə Bəyannaməsi imzalanıb, “Xarıbül­bül” musiqi festivalı, Vaqif Poeziya Günləri keçirilib. Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festi­valı böyük uğurla davam edib.

Bizi qarşıda hələ nə qədər belə unudulmaz, gözəl hadisələr, el bayramları gözləyir. Bütün bunların özəyində, məhvərində isə heç şübhəsiz, ötən ilin 27 sentyabr günü başlanan Vətən müharibəsinin gətirdiyi tarixi Zəfər dayanır.

Bəli, xalqımızın şərəf və ləyaqət tarixinin qızıl hərflərlə yazılmış səhifələri olan 44 günlük Vətən müharibəsi və qazanılan möhtəşəm Zəfər gələcək nəsillər üçün də əbədi sevinc mənbəyi kimi yaddaşlara yazıldı.

Elşən HƏSƏNOV,

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşı.