Tarixə yazılan günlər
Siyasət

Tarixə yazılan günlər

Hər bir dövlət üçün güclü ordu onun müstəqilliyinin qazanılmasında, ərazi bütövlüyünün qorunub saxlanmasında vacib amillərdəndir. Azərbaycanın mətin, yenilməz Ordusu 44 günlük Vətən mühəribəsində şərəfli tariximizi yazdı. Vətən savaşında Silahlı Qüvvələrimizın apardığı uğurlu əməliyyatlar Qələbəyə gedən yolumuzu anbaan yaxınlaşdırdı.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən oktyabrın 14-dən 15-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində əvvəlki günlərdə olduğu kimi, vəziyyətin gərgin olaraq qaldığı bildirilir. Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə hücum etməyə cəhd göstərib. Qoşunlarımız tərəfindən həyata keçirilən uğurlu tədbirlər nəticəsində qarşı tərəf ciddi itki verərək cəbhənin müxtəlif istiqamətlərində geri çəkilməyə məcbur edilib. Azərbaycan Ordusu düşmənin xeyli sayda canlı qüvvəsini, 2 ədəd T-72 tankı, 1 ədəd "Tor-M2KM" zenit raket kompleksini, 4 ədəd BM-21 "Qrad" YARS, 1 ədəd D-20, 1 ədəd D-30 və 2 ədəd D-1 haubitsa topunu və bir neçə PUA və avtomobil texnikasını məhv edib. Məlumata əsasən Ermənistan silahlı qüvvələrinin müvəqqəti işğal etdiyi ərazilərdəki qüvvə və ehtiyatlarına ağır zərbə vurulub. Düşmənin canlı qüvvəsi, döyüş texnikası, silah-sursat və yanacağı tükənmək üzrədir.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti oktyabrın 15-də Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəsi kobud surətdə pozaraq, Azərbaycanda əhalinin sıx məskunlaşdığı yaşayış yerlərini və mülki şəxslərini məqsədyönlü atəşə tutmağa davam etməsinə dair açıqlama yayıb. Məlumatda bildirilirdi: "Səhər saatlarından etibarən Azərbaycanın Ağdam, Ağcabədi, Goranboy və Tərtər rayonları artilleriya atəşinə məruz qalıb. Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunda dəfn mərasimi zamanı qəbiristanlığı bilərəkdən atəşə tutması nəticəsində 3 mülki şəxs həyatını itirib, 5 nəfər isə ciddi xəsarət alıb.

Dünya ictimaiyyətini Ermənistanın müharibə cinayətlərini qınamağa çağıran Birinci-vitse prezident Mehriban Əliyeva həmin gün rəsmi "İnstagram" səhifəsində paylaşım edib: "Nə dərəcədə insaniyyətdən kənar, rəhmsiz və mənəvi tənəzzülə uğramış olmalısan ki, dəfn mərasimi zamanı qəbiristanlığı qəsdən atəşə tutasan? Dünya ictimaiyyətini Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıram. Həlak olanların ailələrinə və doğmalarına başsağlığı verirəm. Allah rəhmət eləsin".

Döyüş meydanında Azərbaycan Ordusunun sarsıdıcı zərbələri qarşısında duruş gətirə bilməyən düşmən beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq yaşayış məntəqələrini, mülki şəxsləri hədəfə alıb. Düşmənin bütün cəhdlərinə baxmayaraq, mərd oğullarımız bir addım belə geri çəkilmədən günbəgün irəliləyib. Humanitar atəşkəs rejiminə əməl edərək bütün cəbhəboyu əməliyyat üstünlüyünü saxlayan şanlı Azərbaycan Ordusu oktyabrın 15-də Füzuli rayonunun 1, Cəbrayıl rayonunun 1, Xocavənd rayonunun daha 4 kəndini işğaldan azad edib. Beləliklə, oktyabrın 15-də ümumilikdə Füzulinin 10, Cəbrayılın Cəbrayıl şəhəri də daxil olmaqla 25, Xocəvəndin 11, Tərtərin 3 yaşayış məntəqəsi və Kəlbəcərin Murovdağ zirvəsi işğaldan azad edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin gün, oktyabr ayının 15-də özünün rəsmi "Twitter" səhifəsində bu barədə yazıb: "Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.

“Respublika”.