Tarixə qızıl hərflərlə həkk olunan Qələbə
Siyasət

Tarixə qızıl hərflərlə həkk olunan Qələbə

Azərbaycan xalqı cəmi 44 gün davam edən hərbi əməliyyatlar zamanı qazandığı parlaq Zəfərlə torpaqlarımızın otuz illik işğalına son qoymuş, iki əsrə qədər davam edən Qarabağ münaqişəsinin həllinə nail olmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyev isə əsrlər boyu hissə-hissə itirilən torpaqlarımızı geri qaytarmağı bacararaq regionda yeni siyasi reallığın əsasını qoyan lider kimi adını ən müasir tariximizə yazmışdır.

Azərbaycan çoxəsrlik, eləcə də çağdaş hərb tariximizin ən əzəmətli hadisəsinin ildönümünü təntənə ilə qeyd edir. Azərbaycan xalqı bu gün də sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbənin sevincini, yüksək fəxarət duyğuları ilə, hədsiz fərəh, qürur hissləri ilə yaşayır. Şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu. Eyni zamanda hamı Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşərək sözün əsl mənasında böyük xalq olduğunu, ulu türk millətinin cəsur, qəhrəman bir boyu olduğunu bir daha sübut etdi.

Xalqımızın şərəf və ləyaqət tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsi və qazanılan möhtəşəm Zəfər gələcək nəsillər üçün də əbədi sevinc mənbəyi olacaqdır. Məhz keçən il Azərbaycan xalqının müzəffər Ali Baş Komandanının və rəşadətli ordumuzun qəhrəmanlığı ilə otuz ilə yaxın müddətdə Ermənistan ordusunun işğalı altında olan torpaqlarımız azad edilərək, dövrümüzün hünər, igidlik və şücaət salnaməsi yazıldı. Xalq öz liderinə ürəkdən inandı və Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının etimadını əməli fəaliyyəti və şanlı zəfəri ilə doğrultdu. Möhtərəm Prezidentimiz öz qətiyyəti, sarsılmaz iradəsi, cəsarəti, Azərbaycana edilən bütün təzyiqlərə məharətlə sinə gərməsi ilə mürəkkəb və çətin müharibə şəraitində hərbi meydanda, siyasi arenada, informasiya müharibəsində parlaq qələbələr qazanaraq Azərbaycan xalqına söz verdiyi kimi sona qədər getdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi və Vətən torpağı uğrunda şəhid olanların qisasını aldı. Əminliklə deyə bilərik ki, İlham Əliyev öz adını milli tariximizin son 200 ildə ən şanlı və müzəffər sərkərdəsi kimi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə əbədi həkk etdi.

Digər rayonlarımız kimi Şuşanın azad olunması müharibədə həlledici nöqtə idi və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Məhz həmin gün Azərbaycan tarixinə Zəfər Günü kimi düşdü. Bütün bu qazanılan parlaq tarixi qələbələr şəhidlərimizin canı və igid qazilərimizin sağlamlığı bahasına başa gəldi. Böyük strateji əhəmiyyətə malik və Qafqazın incisi sayılan Şuşanın qüdrətli Ordumuz tərəfindən işğaldan azad edilməsi isə çox mühüm tarixi hadisəyə çevrildi.

Noyabrın 8-də Şuşanın, 9-da 70-dən artıq kəndin, 1 qəsəbənin, 8 strateji yüksəkliyin azad edilməsinin ardınca işğalçı Ermənistanın Prezident İlham Əliyevin şərtlərini qəbul etməkdən başqa yolu qalmadı. Noyabrın 10-da Ermənistanın ağ bayraq qaldırması, kapitulyasiya aktına imza atması ilə Azərbaycan Vətən müharibəsini Qələbə ilə başa vurdu. Ali Baş Komandan İlham Əliyev böyük siyasi iradə nümayiş etdirərək Azərbaycanın qəti və dəyişməz mövqeyini ortaya qoydu. Dövlətimizə qarşı yönələn bütün beynəlxalq təzyiqlərə sinə gərərək ölkəmizin ərazi bütövlüyü təmin edilənə qədər Ordumuzun döyüşləri davam etdirəcəyini qəti və əzmkar şəkildə bəyan etdi.

Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli sərəncam ilə Zəfər Günü təsis edildi. Zəfər günü ilə əlaqədar imzalanmış sərəncamda deyildiyi kimi: "Azərbaycan xalqının əzm və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı".

Şanlı Vətən müharibəsində, İkinci Qarabağ savaşında qazandığımız bu tarixi qələbədə əlbəttə ki, Azərbaycan Ordusunun, Silahlı Qüvvələrimizin bütün komandir heyətinin, əsgər və zabitlərinin, Azərbaycan hərbçilərinin misilsiz rolu vardır. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu yüksək peşəkarlıq, məharət və fədakarlıq nümayiş etdirərək müasir hərb tariximizin ən şanlı qələbələrini qazandı və XXI əsrin yeni müharibə modelini bütün dünyaya təqdim etdi. Müqəddəs Azərbaycan torpağını Vətən edən bütün qəhrəmanlarımızın, şəhidlərimizin, qazilərimizin, ön və arxa cəbhədə fədakarlıqla bu işə töhfə verən Azərbaycan hərbçilərinin, onların valideynlərinin, ailə üzvlərinin, xüsusilə bütün şəhid analarının qarşısında baş əyirik. Bu qələbə sevincini bizə yaşatdıqlarına görə Ali Baş Komandanımıza və Azərbaycan əsgərinə, bu şanlı tarixi qanı, canı ilə yazan şəhidlərimizə borcluyuq. Azərbaycan şəhidlərinin hər birinin əziz xatirəsini daim yaşadacaq və uca tutacaqdır. Bu qədər qısa müddət ərzində yeni əsrin yeni hərb nümunəsini yaradan, mənfur düşmənin illərlə qurduğu, möhkəmləndirdiyi istehkamları, saysız-hesabsız hərbi texnikasını məhv edən və Qarabağı azad edən Azərbaycan Ordusunun müzəffər Ali Baş Komandanı İlham Əliyevin bu möhtəşəm hərbi qələbəsi hələ uzun illər hərbi ekspertlər, tarixçilər, siyasətçilər və s. tərəfindən araşdırılacaq, öyrəniləcək və zəfərlə nəticələnən uğurlu müharibə dastanına çevriləcəkdir.

İkinci Qarabağ müharibəsi müasir tariximizin Zəfər salnaməsidir. Bu qələbə Azərbaycanı qaliblər sırasına çıxardı və daha da güclü etdi. Qazanılmış Qələbə ölkəmiz üçün inkişaf, tərəqqi və təhlükəsizlik dövrü açdı.

Prezident cənab İlham Əliyev və Mehriban Əliyeva bu gün Qarabağı bərpa etmək, Azərbaycanı bütöv olaraq yenidən qurmaq kimi möhtəşəm fəaliyyətə başlayaraq, ümummilli lider Heydər Əliyevin ölkəmizin XXI əsrdə möhtəşəm yüksəlişinə dair mühüm ideyalarını həyata keçirirlər. Xalqımız bu müqəddəs və möhtəşəm quruculuğun uğurla başa çatacağını səbirsizliklə gözləyir.

Heç şübhə yoxdur ki, 30 il ərzində yalnız bir arzu və bir məqsədlə - işğal altında qalmış torpaqlarımızın azad olunması arzusu ilə yaşayan Azərbaycan xalqı gələcək illərdə də sarsılmaz birlik nümayiş etdirməklə torpaqlarımızın abadlaşdırılmasına, doğma Qarabağa yeni və xoşbəxt bir həyat gətirilməsinə nail olacaq. Qarabağ öz yeni həyatına qovuşacaq. Azərbaycan qısa müddətdə işğaldan azad olunmuş əraziləri dünyanın ən abad və gözəl məkanlarından birinə çevirəcəkdir. Bunun üçün Azərbaycana lazım olacaq hər şey - güclü siyasi lider, böyük iqtisadi potensial mövcuddur. Dövlətimiz tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə infrastruktur layihələri davamlı şəkildə icra olunur. Erməni vəhşiliyinin qurbanı olan şəhərlərimiz, qəsəbələrimiz və kəndlərimiz əvvəlki görkəmindən də gözəl görünüşə malik olacaqdır. Bu gün ata-baba yurdumuzda azan səsi eşidilir, şanlı üçrəngli bayrağımız dalğalanır.

2021-ci il oktyabrın 26-da ölkəmiz üçü

n mühüm tarixi hadisələrdən biri reallaşdı. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışını etdilər. Bu hadisəni daha da əlamətdar edən Ərdoğanın səfərinin birbaşa Qarabağdan başlanması, Füzuli Beynəlxalq Hava Limanına eniş etməsidir. Azərbaycanın cəmi 8 ay müddətində müasir standartlara cavab verən beynəlxalq hava limanı inşa etməsi olduqca böyük nailiyyətdir. Ermənilərin 30 ilə yaxın müddətdə xaraba qoyduqları ərazilərimizdə Azərbaycanın belə qısa bir müddət ərzində xarüqələr yaratması - çoxşaxəli quruculuq işlərinə start verməsi beynəlxalq arenada təəccüb doğurub. Füzuli Beynəlxalq Hava Limanının inşası Zəngəzur dəhlizinin əhəmiyyətini artıran əsas addımlardan biridir. Səfər çərçivəsində Qarabağda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur Dəhlizi) təməli qoyuldu. Bu isə onu deməyə əsas verir ki, yaxın bir zaman ərzində yeni bir açılış mərasimiylə bütün diqqətlər yenə Qarabağa yönələcək. Zəngilan rayonunda hər iki dövlət başçısı "Dost Aqropark"ın təməlini qoyaraq ərazidə ağac əkiblər. Bu, əslində Qarabağdan bütün dünyaya verilən dostluq, qardaşlıq, sülh, rifah mesajıdır.

İki qardaş dövlətin Azərbaycan-Türkiyə münasibətləri əbədi və sarsılmazdır. Vətən müharibəsinin ilk günündən yanımızda olan qardaş Türkiyə bərpa prosesində də buradadır və daim yanımızda olacaqdır.

Ələddin MƏCİDOV,

Şəki Apellyasiya Məhkəməsinin

Mülki Kollegiyasının sədri.