Tarix yazan bənzərsiz qardaşlıq
Türk dünyası

Tarix yazan bənzərsiz qardaşlıq

Bu gün yurdumuzun bütün bölgələrində yanaşı dalğalanan Azərbaycan və Türkiyə bayraqları qardaş türk xalqına, Türkiyə Cümhuriyyətinə, həm də Rəcəb Tayyib Ərdoğana Azərbaycan sevgisinin ifadəsi, dövlətlərimizin birlik rəmzidir. Azərbaycan daim Türkiyənin yanındadır: xoş gündə də, kədərli anlarda da. Kahramanmaraşda Azərbaycan çox böyük bir layihəni reallaşdırmağa başlayıb. Ölkəmiz bu şəhərdə 1000 ev tikəcək, məktəb, məscid, yataqxana, yaşayış binaları inşa edəcək. Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan yaşayış kompleksinin təməlqoyma mərasimində onlayn iştirak etdilər. Kompleksi bir il müddətinə inşa edərək istifadəyə vermək nəzərdə tutulub. Kahramanmaraşda təməli qoyulan evlərə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Türkiyə Prezidenti deyib: "Kahramanmaraşda təməlini bir az əvvəl birlikdə qoyduğumuz evlər üçün İlham qardaşıma da çox təşəkkür edirəm. Azərbaycan dövləti və xalqı bu müddətdə dostluğun və qardaşlığın nə demək olduğunu göstərdi".

Səmimi qardaşlıq ifadəsini işlədərkən təbii ki, hər birimizin düşüncəsində, göz önündə Türkiyə-Azərbaycan münasibətləri canlanır. Bu münasibətlər bütün sahələr üzrə dinamik şəkildə davam etdirilir. Bu dinamikliyin təmin olunmasında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi, dövlət başçılarının qardaşlıq münasibəti tarixi rol oynayır. Tarix boyu böyük güclərin yaratdıqları çətinliklərə baxmayaraq, Türkiyə və Azərbaycan xalqları daim bir-birinin yanında olmuşlar. Bəşər tariximizin dərin köklərinə, təməllərinə söykənən bu iki qardaş ölkə daha hansı sınaqlardan çıxmayıb, burulğanlardan keçməyib ki... Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu sözdə deyil, əməldə təsdiqi ilə dünyanın diqqətindədir. Qardaş ölkədə böyük dağıntılara, insan tələfatına səbəb olan təbii fəlakətin yaratdığı acını Türkiyə xalqı ilə birgə yaşayan dövlətimiz, xalqımız ilk gündən səfərbər oldu.

Tarixin bütün sınaqlarından, çətinliklərindən hər zaman şərəflə çıxan qardaş ölkənin bu acını da arxada qoyub hədəflərinə doğru inamla irəliləyəcəyinə əminik. Türkiyə gücünü bir daha bütün dünyaya göstərəcək. Türkiyə güclü dövlətdir. İlk dəstəyini, yardımını göstərən də Azərbaycan oldu. Bir daha nümayiş edildi ki, əsl qardaş dəstəyi necə olmalıdır. Hər şeyə rəğmən ölkələrimiz ayaqda dayanaraq kürəklərini bir-birinə söykəyib, çətinliklərə sinə gəriblər. Bu gün regionun aparıcı dövlətləri olaraq həm də söz sahibidirlər. Türkiyə ilə Azərbaycanın dövlət maraqları həmişə qarşılıqlı sevgiyə, ehtirama, sədaqətə söykənib. Bu sədaqət tarixi sədaqətdir, obrazlı şəkildə desək, tarixləşmiş sədaqətdir. Türkiyənin istiqlal savaşında da, Bakının bolşevik-daşnak qüvvələrindən azad edilməsində də tarix yaradan bu sədaqət, bu birlik, bu güc tarixin özünün axarını dəyişdi.

Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı, birliyi möhkəm təmələ əsaslanır. Bu birlik, ümumilikdə türk dünyasının birliyinə böyük töhfə və çağırışdır. Azərbaycan və Türkiyənin Türk dünyasının birliyinə töhfələrinin bariz nümunəsi dövlət başçısı İlham Əliyevin 2021-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən il Türk Dünyasının Ali Ordeninə layiq görülmələridir. Tarixi Zəfərimizdən sonra Türk Dövlətləri Təşkilatının dünya siyasətində rolunun daha da artması, həmçinin türkdilli dövlətlər arasında əlaqələrin yüksələn xətlə inkişafı dünyanın diqqətindədir. Dünyaya nümunə olan Azərbaycan-Türkiyə birliyi regionda sülhün, sabitliyin və təhlükəsizliyin qarantı kimi dəyərləndirilir. Dövlət başçısı İlham Əliyev daim çıxışlarında qardaş ölkənin 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı andan sonadək Azərbaycan xalqının yanında olduğunu böyük qürur hissi ilə qeyd edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünyaya "Azərbaycan tək deyil" mesajı, sonadək mənəvi və siyasi dəstəyini göstərməsi Azərbaycana güc verdi. Tarixi Zəfərimizdən bu günədək atılan bütün mühüm addımlarda iki qardaş ölkənin prezidentləri birgə iştirak edib, dünyaya qardaşlığın nümunələrini təqdim ediblər.

Aprelin 29-da dünya növbəti dəfə bu qardaşlığın şahidi oldu. Belə ki, Prezident İlham Əliyev cari ilin ötən dövründə qardaş ölkəyə sayca 3-cü səfərini reallaşdırdı və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə İstanbulda keçirilən "TEKNOFEST" aerokosmik və texnologiya festivalında iştirak etdi, "TEKNOFEST" çərçivəsində Azərbaycan dövlətinin zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin onlayn rejimdə təməli qoyuldu. Bu, birliyimizin sarsılmazlığının bir daha nümayişi oldu. Böyük öndərlər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", Heydər Əliyevin "Bir millət, iki dövlətik" fikirləri Azərbaycan-Türkiyə qardaşlığının möhkəm təməl üzərində inkişafının əsasına çevrilib. Prezident İlham Əliyevin "TEKNOFEST" aerokosmik və texnologiya festivalındakı çıxışında: "Bu gün bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə və Azərbaycan bir yerdədir. Atam demişkən, "Bir millət, iki dövlət", əlavə də etmək istəyirəm, "Bir yumruq!" çağırışı özündə bütün məqamları ehtiva edir. Azərbaycan-Türkiyə birliyi iki qardaş ölkənin birgə addımlarında özünün aydın ifadəsini tapır. Yumruq kimi birləşən dost ölkələr dünyaya əsl qardaşlığın, dostluğun nümunəsini göstərir.

Təqdirəlayiq haldır ki, "TEKNOFEST" festivalı ilk dəfə olaraq Türkiyə Respublikasından kənarda qardaş ölkə Azərbaycanda baş tutmuşdu. Səmimi qardaşlığın növbəti bir nümunəsi "TEKNOFEST" festivalıdır. "TEKNOFEST Azərbaycan" aerokosmik və texnologiya festivalı ötən il 26-29 may tarixlərində keçirilmişdir. Həmin festival Türkiyə və Azərbaycan birliyinin növbəti nümayişidir. Festivalda həmçinin Türkiyə Respublikasının və ölkəmizin dövlət nümayəndələri, həmçinin Nobel mükafatı laureatı Əziz Səncər də iştirak edirdi. Ölkədə keçirilən "TEKNOFEST" festivalı bir daha onu göstərir ki, qardaş Türkiyə daim Azərbaycanın yanında olub və bundan sonra da olacaqdır. Biz 30 il ərzində bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və Türkiyə-Azərbaycan yenə də bir yerdədir. Dünya siyasətində özünəməxsus yeri, nüfuzu olan, siyasi, iqtisadi, hərbi qüdrəti ilə də başqa dövlətlərə nümunə göstərilən ölkələrimizin qardaşlığı türk dünyasının birlik və həmrəyliyinə də önəmli töhfələr verir. Prezident İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın tədbirə qatılması, iki liderin möhtəşəm çıxışları, türk dünyasına və bütün dünyaya ünvanlanan mesajları festivala həm siyasi rəng qatdı, həm də möhürünü basdı. Beynəlxalq miqyasda, bizə yaxın bölgədə gedən mürəkkəb, təhlükəli proseslər fonunda bu, həqiqətən də çox əhəmiyyətli, iki türk dövlətinin yeni qlobal təhdid və çağırışlara qarşı ortaq birliyinin və sarsılmaz ittifaqının unikal örnəyi oldu.

Prezident İlham Əliyev mətbuata bəyanatında söylədi ki, Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi. Eyni zamanda, Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı rəsmən müttəfiq etdi. Biz bütün sahələrdə müttəfiq olduq. İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və bu, zəmanəmizin tələbidir.

Ümumiyyətlə, əgər biz Azərbaycan və Türkiyə münasibətlərinin ən möhkəm təməllərə söykəndiyini vurğulayırıqsa, əgər bir millət iki dövlət olaraq, regionda və dünyada baş verən proseslərə eyni çərçivədən yanaşırıqsa, beynəlxalq diplomatiya və hərbi siyasətimizə dəstək göstəririksə və belə bir dəstəyin digər başqa dövlətlər arasında olmadığını faktiki olaraq görürüksə, demək ki, bu bir sarsılmaz qardaşlıq nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğanın timsalında qazanılan sosial, iqtisadi, hərbi-strateji və s. sahələrdəki nailiyyətlərin hər birinin kökündə tarixi bağlılıq reallığı, tarixi qardaşlıq gerçəkliyi dayanır. Azərbaycan öz yanında Türkiyəni, Türkiyə isə öz yanında Azərbaycanı çiyin-çiyinə olaraq görməkdədir. Bu gün dünyanın siyasi təlatümlərlə üzləşdiyi, toqquşan maraqların artdığı bir vaxtlarda belə bir qardaşlıq amili öz vacibliyini daha qabarıq fonda sərgiləməkdədir.

Dənizin üzərində inşa edilən nəhəng layihələrdən biri olan Rize-Artvin Hava Limanının açılışı təkcə qardaş Türkiyə dövləti üçün yeni logistik imkanlar yaradan, iqtisadi əhəmiyyətli hava dəhlizinin fəaliyyətə başlaması deyil, həm də siyasi çəkisi olan hadisə kimi tarixdə qalacaq. Hava limanının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevlə birgə açılması böyük məna ifadə edirdi. Belə önəmli layihələrin açılışında iki Türk liderinin iştirakı, birgə tarix yazması Qarabağın işğaldan azad olunmasından sonra bir növ ənənəyə çevrilməkdədir. Türkiyə Prezidentinin Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının açılışında iştirakı və bununla da hava limanında ilk rəsmi səfərin gerçəkləşməsi Türk tarixinin ən möhtəşəm səhifələrindən biridir. Prezident İlham Əliyev Rize-Artvin Hava Limanına eniş edən ilk dövlət rəhbəridir. Bu Türkiyə və Azərbaycanın arasındakı dostluq və qardaşlığın ən təkrarsız, bənzərsiz örnəyinin bütün dünyaya nümayişidir.

Türkiyə dost və tərəfdaşımız, qardaş ölkədir. Heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz bu dəstəyi türk qardaşlarımızdan da görürük. Beynəlxalq tədbirlər zamanı dəfələrlə bu qarşılıqlı dəstəyin şahidi olmuşuq. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Türkiyə böyük Türk dünyasının birləşməsi işində çox böyük rol oynadı. Türk dövlətlərinin Ankarada keçirilmiş Zirvə toplantısında da bütün türk dövlətləri öz dəstəyini, hörmətini və ümumi həmrəyliyimizi bildirib. Türk dünyasının böyük coğrafiyası, potensialı, təbii qaynaqları, hərbi gücü var. Türk dünyasının birləşməsində Rəcəb Tayyib Ərdoğanın tarixi xidmətləri danılmazdır.

Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat, siyasi mərkəzidir. Gündən-günə Türkiyənin önəmi, rolu artır. "Baykar" şirkətinin istehsalı olan "Kızılelma" pilotsuz təyyarəsi və digər ən müasir, ən yeni məhsullarla texnologiyalara gəldikdə isə deyə bilərik ki, yaxın gələcəkdə "Kızılelma" Azərbaycanın səmasında da olacaq: "Kızılelma" havada, "Altay" və "Togg" quruda, "Anadolu" dənizdə - bugünkü Türkiyə budur". Bunu İlham Əliyev nitqində söylədi. Bu sözlər Türkiyənin elmi-texniki potensialı ilə yanaşı, hərbi-sənaye kompleksinin mövcud durumunu səciyyələndirən ən dəqiq ifadədir. Türkiyənin güclü sənayesi həm Türkiyəni, həm də Türkiyənin müttəfiqlərini gücləndirir. Türk Ordusu bu gün dünya çapında ən öndə olan orduların sırasındadır. Türkiyənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edilir. Ən inkişaf etmiş, çağdaş, modern müdafiə sənayesi həm Türkiyəni, həm bizi gücləndirir və uzun illər bundan sonra Türkiyənin təhlükəsizliyini təmin edəcək.

Mustafa KAMAL,

"Respublika".