Tarif Şurası təbii qazın istehlak qiymətlərini dəyişdirdi
Sosial həyat

Tarif Şurası təbii qazın istehlak qiymətlərini dəyişdirdi

Bu zaman əhalinin aztəminatlı hissəsinin mənafelərinə uyğun olan modelə üstünlük verilib

İyunun 30-da Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılaraq müvafiq qərar qəbul edilib. Amma, bu qərar qazdan il ərzində 1200 kubmetrədək istifadə edən əhaliyə aid deyil. Tarif Şurasına görə, bu, abunəçilərin 51 faizini təşkil edir. Tarif Şurasının yaydığı məlumata əsasən, əhali abunəçiləri üçün müəyyən edilən tarif sistemi böyük sahəyə malik yaşayış evlərini “daha qənaətcil” istilik sistemlərindən istifadəyə “sövq edəcək”.Yeni tariflər barədə qərar iyulun 1-dən qüvvəyə minir.

Ölkə başçısının təsdiq etdiyi Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları çərçivəsində iqtisadiyyatın digər sahələri kimi, təbii qaz təsərrüfatında da son illər böyük nailiyyətlər əldə olunub. Əhalinin sosial rifahının yaxşılaşdırılması və enerji təminatı məqsədilə dövlətimizin başçısının tapşırığına uyğun olaraq, respublikanın müxtəlif bölgələrində kənd və qəsəbələrin sürətli qazlaşdırılması işləri aparılıb. Son 3 il ərzində ümumilikdə 260-dan çox kənd ilk dəfə qazlaşdırılıb. Bununla yanaşı, Bakı şəhərində və regionlarda son 3 il ərzində 90-dan çox yeni yaşayış massivinə “mavi yanacaq” verilib. Qazlaşdırma nəticəsində təbii qazla yeni təmin olunmuş əhali abonentlərinin sayı 207 min artaraq hazırda 2 milyon 300 mini ötüb. Yaşayış ərazilərinin qazlaşdırılması layihələri çərçivəsində 6 min kilometrdən çox müxtəlif diametrli qaz xətləri çəkilib. Dövlət dəstəyi ilə həyata keçirilmiş qazlaşdırma tədbirləri nəticəsində ölkə ərazisində əhali sektorunun qazlaşdırılması səviyyəsi 96 faizi ötüb. Azərbaycanda qazlaşdırma səviyyəsi və qazlaşdırma sürəti qonşu ölkələrdəki və bir sıra inkişaf etmiş ölkələrdəki göstəricilərdən daha yüksək olub. “Kommunal xidmətlərlə bağlı Strateji Yol Xəritəsi”nə uyğun olaraq əhalinin qaz təchizatının yaxşılaşdırılması və bütöv növ qaz itkilərinin azaldılması məqsədilə son 3 ildə ümumilikdə 2 min kilometrdən çox qaz xətti yenidən qurulub. Bu tədbirlər nəticəsində qaz itkiləri əhəmiyyətli dərəcədə azalıb, fasiləsiz və dayanıqlı qaz təchizatı, müştəri məmnuniyyəti təmin olunub, müştərilərə göstərilən xidmətlərin keyfiyyəti artırılıb.

Tarif Şurasının təbii qazın istehlak qiymətinin artırılması qərarının  zəruriliyi barədə verdiyi açıqlamada qeyd olunur ki, Dövlət Neft Şirkəti Şuraya müraciət edərək ölkədə təbii qazın topdansatış və pərakəndə satış qiymətlərinin artırılmasını təklif edib. Müraciətdə təbii qazın tarifinə yenidən baxılmasına səbəb kimi istehlakın artması, qaz təchizatının əhatə dairəsinin genişləndirilməsi və abonentlərinin sayının 18%-ə yaxın artması nəticəsində xərclərin yüksəlməsi göstərilir. Əhali üzrə tarifin aşağı olması və son tarif tənzimlənməsinin qüvvəyə mindiyi 2017-ci illə müqayisədə ölkəmizdə bir əhali abonenti üzrə istehlakın həcminin təxminən 1,3 min kubmetrdən 1,6 min kubmetrə, ümumi istehlak həcminin isə 2,7 milyard kubmetrdən 3,7 milyard kubmetrə yüksəlməsi qaz təchizatı fəaliyyəti üzrə zərərin daha da artması ilə nəticələnir ki, həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanır. Xidmət səviyyəsinin yüksəldilməsi, dövlət büdcəsindən asılılığın aradan qaldırılması və investisiya qoyuluşlarının təmin edilməsi, eləcə də istehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin tam ödənilməsi üçün tariflərin artırılmasına zərurət yaradıb. Tarif (qiymət) Şurasının iclasında aparılan müzakirələrdə təklif olunan müxtəlif tarif artımı variantları nəzərdən keçirilib. Təklif edilən modellər dövlətin iqtisadi siyasətinə uyğun olaraq enerji təhlükəsizliyinin dayanıqlığının təmin olunması, resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi, istehlakçı və istehsalçı maraqlarının uzlaşdırılması, iqtisadi əlverişlilik, sosialyönümlülük, qaz təchizatı sahəsində bazar münasibətlərinin mərhələli şəkildə formalaşdırılması və dövlət büdcəsindən subsidiyalaşdırmanın aradan qaldırılması, təbii qazın digər ölkələr üzrə qiymətləri və s. kimi məsələlər nəzərə alınmaqla dəyərləndirilib.

Məlumat üçün bildirək ki, 2020-ci ildə 1 kubmetr təbii qazın tarifi əhali abonenti üzrə Ankarada (Türkiyə) orta hesabla 32 qəpik, Kiyevdə (Ukrayna) 32,6 qəpik təşkil edib. Hazırda Ankarada 32-40 qəpik, Kiyevdə isə 54 qəpik səviyyəsindədir. Yeni müəyyənləşdirilmiş tariflər bəzi ölkələrin tarifləri ilə müqayisədə yenə aşağıdır. Belə ki, 1 kubmetr təbii qazın tarifi əhali üzrə Gürcüstanda 19,7-29,5 qəpik, Belarusda 9,2-34,2 qəpik, Rusiyada 11,9-16,5 qəpik arasında dəyişir. 1 kub metr təbii qazın tarifi qeyri-əhali abonenti üzrə isə hazırda Türkiyədə orta hesabla 35-49 qəpik, Ukraynada 22-26 qəpik, Belarusda 21,9-78,2 qəpik, Rusiyada 15,3-18,2 qəpik arasında dəyişir.

“Azəriqaz” İstehsalat Birliyi 2020-ci ilin yanvar-iyun aylarında əhali abonentlərinin illik güzəştli limitdən istifadəsinə dair açıqladığı statistik göstəriciləri üzrə iyul ayının birinə olan məlumata əsasən qeydiyyatda olan 2 milyon 284 min 980 abonentin cəmi 6,96 %-i illik hər kubu 10 qəpikdən satılan 2200 kubmetrlik güzəştli limit həddini keçib. Bu da say etibarı ilə cəmi 158 949 abonent deməkdir. Onlar hər kubmetrə görə 20 qəpik ödəyiblər. Qalan 2 milyon 126 min 031 (93,04 %) abonent isə qazdan illik limit daxilində, yəni hər kubmetrinə 10 qəpik ödəməklə istifadə edib. Ölkəmizdə koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə bağlı bir neçə aydır ki, xüsusi karantin rejimi tətbiq edilib. Bu müddət ərzində karantin dövrünün qaydalarına əməl etməklə əksər qaz istehlakçıları evdə olub. Bəzi hallarda (mart və aprel ayları) havaların soyuq keçdiyi günlərdə qazdan istifadənin artmasına baxmayaraq, 2200 kubmetrlik güzəştli limit həcminin keçilməsi çox müşahidə edilməyib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Tarif (qiymət) Şurasının 30 aprel 2019-cu il tarixində keçirilmiş iclasında əhali üzrə təbii qazın aşağı tariflə (hər kubmetrə görə 10 qəpik) illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb. Bu güzəştdən (aşağı tariflə qaz istehlakından) 1,8 milyondan artıq abonent (7 milyondan çox vətəndaş) yararlanmaqdadır. Bu qərardan sonra təbii qazı aşağı tariflə istehlak edən əhali abonentlərinin xüsusi çəkisi 70%-dən 85%-dək artıb.  Onu da əlavə etmək lazımdır ki, hazırda koronavirus pandemiyasının yaratdığı iqtisadi məhdudlaşmalar, habelə dünya ölkələrində ayrı-ayrı istehlak məhsullarının istehsal həcmlərinin aşağı düşməsi dünya iqtisadiyyatına və beynəlxalq bazarlara öz təsirini göstərir. Son bir ildə dünya bazarlarında bütün əsas ərzaq məhsulları üzrə qiymətlər davamlı şəkildə artmaqdadır. Dünya enerji bazarlarında müşahidə olunan qiymət artımları bu prosesi daha da sürətləndirir. Xüsusilə təbii qazın dünya bazar qiymətlərinin artması qeydə alınır. Qiymətlərin artıma doğru istiqamətlənməsi nəticəsində bir çox ölkələrdə təbii qazdan istifadə edən sahələr üçün tariflər dəyişib, o cümlədən istehlakçı kateqoriyaları üçün kommunal xərclər artıb.

Təbii qazın topdansatış və pərakəndə satış qiymətlərinin artırılmasında da dövlətin həyata keçirdiyi sosialyönümlü siyasət əsas götürülərək əhalinin aztəminatlı hissəsinin mənafelərinə uyğun olan modelə üstünlük verilib. Belə ki, tarif tənzimləməsində optimal yanaşma tətbiq olunmaqla əhali abonentlərinin təxminən 51%-ni (5 milyon nəfər) əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 kubmetrədək (1200 kubmetr daxil) olan hissəsi üçün tarif dəyişdirilməmiş və hazırkı (1 kubmetr üçün 10 qəpik) səviyyədə saxlanılıb. İstehlak edilən qazın 1200 - 2500 kubmetr (2500 kubmetr daxil) olan hissəsi üçün 1 kubmetr üçün 20 qəpik, 2500 kubmetrdən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib. Qeyd edilməlidir ki, əhali abonentləri üçün müəyyən edilən tarif sistemi böyük sahəyə malik yaşayış evlərini daha qənaətcil istilik sistemlərindən istifadəyə sövq edəcək. Aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin artırılmasının həmin təbəqənin gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılmasının önəmi qeyd edilib. Eyni zamanda təbii qaz əsasında fəaliyyət göstərən istilik təchizatı sisteminin fəaliyyətinin dayanıqlığının təmin edilməsi, habelə ölkə vətəndaşlarının istilik sistemindən istifadə xərclərinin optimallaşdırılması məqsədilə “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.  Dəyişikliyin nə qədər abonenti əhatə etməsinə gəlincə isə, rəsmi olaraq bildirilir ki, 51 faiz abonent 1200 kubmetr əhatəsindədir. Digər - 1200 kubmetrdən yuxarı qaz istifadə edən abonentlər isə 49 faiz təşkil edir. Beləliklə, 1 milyon 300 minə yaxın abonent yenə də qazdan limitlə -10 qəpiklə istifadə edəcək. Bununla da, həmişə olduğu kimi, bu vacib qərarın verilməsində  də dövlətimiz aztəminatlı təbəqənin mənafelərini diqqətdə saxlayır, onların sosial müdafiəsinə əməli dəstək göstərir. Məhəllə qazanxanaları üzrə təbii qaz və ictimai nəqliyyatda istifadə olunan sıxılmış təbii qazın qiyməti aşağı salınıb. Bununla yanaşı, ekoloji təmiz yanacaq növlərinə keçidi stimullaşdırmaq və sıxılmış təbii qazdan (CNG) istifadə edən ictimai nəqliyyat vasitələrinin xərclərini azaltmaq məqsədilə qazın satışını həyata keçirən qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib. Daha bir mühüm məqam odur ki,  elektrik stansiyalarına verilən təbii qazın tarifi 1 qəpik artırılmaqla 12 qəpikdən 13 qəpiyə dəyişdirilib. Bu addım təbii qazdan istifadə edilməklə hasil olunan elektrik enerjisi üzrə tarif artımına yol verməmək üçün atılıb. Qərarda həmçinin bildirilir ki, iqtisadi dirçəlişin təmin edilməsi məqsədilə sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi bu mərhələdə dəyişdirilməyərək mövcud 20 qəpik səviyyəsində saxlanılıb.

Tarif dəyişikliyi nəticəsində qaz hasilatı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığı tədricən azalacaq, büdcədə sərbəstləşən vəsait sosialyönümlü tədbirlərə yönəldiləcəkdir.

Mustafa KAMAL,

“Respublika”.