TAP ilə Avropaya nəql olunan Azərbaycan qazının həcmi 10 milyard kubmetrə çatıb
İQTİSADİYYAT

TAP ilə Avropaya nəql olunan Azərbaycan qazının həcmi 10 milyard kubmetrə çatıb

Azərbaycandan ümumilikdə 10 milyard kubmetr təbii qaz Trans-Adriatik Boru Kəməri (TAP) ilə Avropaya daxil olub.

Energetika nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, 2020-ci ilin dekabrında istifadəyə verilən TAP indiyə kimi Azərbaycan təbii qazının Avropa bazarına artan həcmlərlə fasiləsiz axınını təmin edib. Bir ildən bir qədər artıq müddətdə Avropaya 10 milyard kubmetr təbii qazın çatdırılması göstərir ki, TAP missiyasını uğurla yerinə yetirir. Azərbaycanın mənbə, marşrut və bazarların şaxələndirilməsi ilə bağlı siyasəti öz bəhrəsini verir.

Qeyd olunur ki,hazırda TAP ilə Avropaya gündəlik olaraq 28 milyon kubmetrdən çox qaz nəql olunur. Beləliklə, TAP avropalı istehlakçıların enerji təchizatına töhfələrini gündən-günə artırmaqla bərabər, Azərbaycanın Avropanın qaz bazarına inteqrasiyasını da möhkəmləndirir.

B.NUHBALAOĞLU,

"Respublika".